Ceyhun Piriyev |
[email protected] |
Turbyorn Yaqlandın sentyabrın 13-də Avropa Şurasına (AŞ) üzv ölkələrin səfirləri ilə görüşündə Azərbaycanı insan haqları ilə bağlı ittiham etməsi, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan əleyhinə qətnamələrin qəbul edilməsi nəticə etibarilə ölkəmizin bu qurumda təmsil olunmasının artıq müzakirə mövzusuna çevrilməsinə ehtiyac yaradır.
İlk növbədə qeyd etmək lazımdır ki, Azərbaycanın bütün beynəlxalq təşkilatlarla münasibətləri milli maraqların gözlənildiyi müstəqil daxili və xarici siyasət kursu üzərində qurulub. O cümlədən mövcud təcrübə də onu göstərir ki, ölkəmizin AŞ ilə əlaqələri bərabərhüquqlu tərəfdaşlıq prinsipinə əsaslanır. Belə olan halda, Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının nümayəndə heyətini qəbul edərkən vurğuladığı kimi, Azərbaycanın AŞ-dan çıxması heç bir əhəmiyyət daşımır: “Sizə səmimi, dostcasına deyim ki, Azərbaycan Avropa Şurasını tərk etsə, heç kəs buna əhəmiyyət verməyəcək. Həyatımızda heç nə dəyişməyəcək, biz bundan sonra nə yaxşı, nə də pis, nə zəngin, nə də yoxsul yaşamayacağıq. İnsan haqları və demokratiya bundan sonra da diqqət mərkəzimizdə olacaq. Biz bunları hazırda Azərbaycana qarşı həyata keçirilən əsassız hücumun mərkəzində dayanan Avropa Şurasının baş katibinə xoş gəlsin deyə etmirik. Biz bunları ölkəmizi inkişaf etdirmək məqsədilə edirik.”
Eyni zamanda, sözügedən tədbirdə böyük təəssüf hissi ilə Avropa Şurası ilə bağlı ölkəmizdə ictimai rəyin o qədər də müsbət olmadığını qeyd edən Prezident İlham Əliyev bunun səbəblərindən bəhs edərkən birinci növbədə AŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həllindəki uğursuzluğuna işarə edib: “...Bu təşkilata üzv olarkən bizim gözləntimiz ondan ibarət idi ki, o, bizə Dağlıq Qarabağ münaqişəsinin həllində yardım edəcək. Lakin Avropa Şurası bu işdə uğursuz oldu, bu iş baş tutmadı və baş tutmayacaq da.”
Dövlətimizin başçısının bu fikirləri əslində Avropa Şurasının Azərbaycan üçün mahiyyətini açıq-aydın ortaya qoyur. Lakin bütün bunların fonunda AŞPA-nın Avropanın hansısa şəxslərin və dairələrin maraqlarına xidmət nümayiş etdirməyə çalışması anlaşılmaz olaraq qalır və belə siyasətin qitəni hara gətirib çıxaracağı ilə bağlı çoxlu suallar yaradır. Belə olan halda Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi, Prezident Administasiyasının şöbə müdiri Novruz Məmmədovun təbiri ilə desək, AŞPA əsas missiyasını cəza müəyyən etməkdə görürsə və özünün heç bir öhdəliyi yoxdursa, o zaman bu qurum kimə və nəyə lazımdır?
Qeyd etmək lazımdır ki, bu təşkilat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı indiyədək 8 sənəd qəbul edib ki, onlardan ikisi tövsiyə xarakterlidir. Aydın məsələdir ki, bu sənədlərdən irəli gələn tələblərin hamısı Ermənistan tərəfindən “qulaq ardına vurulub”. Bəs AŞ-nın baş katibi T.Yaqland bu qətnamələrin icrası ilə maraqlanıbmı? Maraqlanıbsa, AŞPA-da qəbul edilən heç bir sənədə məhəl qoymayan işğalçı Ermənistan niyə hələ də cəzalandırılmayıb? Cavabı isə çox sadədir: səbəbi Yaqlandın ermənipərəst mövqeyi və bundan qaynaqlanan ikili standartlardır.
Ermənipərəst mövqe və bundan qaynaqlanan ikili standartlardan yanaşma, həm də sabit və inkişaf edən Azərbaycanda insan haqları pozuntusu axtarmağın, heç bir ədalətə söykənməyən “qətnamələrin” ortaya çıxmasının səbəbidir. Lakin AŞPA-da bilməlidirlər ki, bu cür qeyri-konstruktiv mövqenin nümayiş etdirilməsi ilə qurum nəsə əldə edə bilməyəcək. Azərbaycan gənc dövlət olmasına baxmayaraq, dünyaya müstəqil siyasət yürütdüyünü, heç bir təzyiq alətinə “boyun əymədiyini” sübut edib. Bundan sarsılacaq yeganə tərəf isə elə AŞ olacaq. Necə deyərlər, “sirkə nə qədər tünd olarsa, öz qabını sındırar”.