“Xarici siyasətimizin və ümumiyyətlə, siyasətimizin əsas məsələsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir... Ermənistan sülh istəmir, status-kvonu saxlamaq istəyir, işğal edilmiş torpaqlardan çıxmaq istəmir. Ona görə biz və beynəlxalq ictimaiyyət, vasitəçilər onları məcbur etməlidirlər. Bunun başqa yolu yoxdur.” Ölkə Prezidenti İlham Əliyev bu mesajı da dünyaya çatdırır ki, beynəlxalq hüququn norma və prinsipləri bütün dövlətlərə eyni şəkildə tətbiq olunmalıdır.
Ötən ilin aprel döyüşləri bu reallığı təsdiqlədi ki, diplomatik mübarizədə qələbə qazanan Azərbaycan hərb yolunu seçdiyi təqdirdə də qələbəsi şəksizdir. Cənab İlham Əliyev istər həmin ərəfədə Təhlükəsizlik Şurasının iclasında, istərsə də bu il aprel qələbələrinin ildönümü ilə bağlı bir qrup hərbçimizlə görüşündə və bu günlərdə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfəri zamanı keçirdiyi görüşlərdə bu məqamı bir daha diqqətə çatdırmışdır: “Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəkdir.”
Beynəlxalq aləm bir daha əmin oldu ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil, bütün region üçün ciddi təhlükə mənbəyidir. ATƏT-in Minsk qrupu həmsədrlərinin fəallaşması, beynəlxalq ictimai rəydə münaqişənin tezliklə həlli ilə bağlı tələblərin səslənməsi bunu bir daha sübut edir. Azərbaycanla bağlı “məğlub tərəf” sindromu aradan qalxdı, bu münaqişədə qalib və məğlub tərəfin olmadığı, gec-tez ədalətin bərpa olunacağına əminlik artdı. Ermənistan təbliğat maşınının Ermənistan ordusunun gücü haqqında formalaşdırdığı mif dağıldı, bu kimi iddiaların heç bir əsası olmadığı bir daha açıqlandı. Hadisələrdən dərhal sonra Ermənistan ordusunun rəhbərliyində baş vermiş çoxsaylı dəyişikliklər də bunu bir daha təsdiq edir. Aprel döyüşlərindən sonra Ermənistan cəmiyyətində gərginliyin artması, xalqla hakimiyyət arasında uçurumun daha da dərinləşdiyi diqqətdən kənarda qalmadı. Ümumilikdə, aprel qələbəmiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində yeni vəziyyətin yaranmasına və Azərbaycanın böyük üstünlük qazanmasına səbəb oldu.
Tarixi faktlara, real həqiqətlərə əsaslanan Azərbaycanın təbliğatı qarşısında acizliyini gizlətməkdə çətinlik çəkən Ermənistan rəhbərliyi bu gerçəkliyi də qəbul etmək məcburiyyətindədir ki, ölkəsini dünyaya “innovativ ölkə” kimi təqdim edib, hər sahədə inkişafdan məmnunluq ifadə etsə də bu, utopiyadan başqa bir şey deyil. Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında qeyd edilir. Dünya dövlətləri, beynəlxalq təşkilatlar da münaqişənin həllində hərb yolu seçilərsə, Azərbaycanın qələbəsinin şəksiz olduğunu bildirirlər. Baxmayaraq ki, işğalçı ölkənin rəhbərliyi də bu reallığı görür, amma ənənəsinə sadiqlik nümayiş etdirərək sərsəm bəyanatları ilə dünyanın diqqətini yayındırmağa cəhd göstərir.
Cənab İlham Əliyev Cocuq Mərcanlı kəndinə səfəri zamanı keçirdiyi görüşlərdə də böyük inamla qeyd etmişdir ki, işğala baxmayaraq, bu gün Azərbaycan inkişaf edir, güclənir, güclü iqtisadiyyat qurub, beynəlxalq arenada öz mövqelərini möhkəmləndirir. Hərbi sahədə böyük uğurlara nail olmuşuq. Aprel döyüşləri bunu əyani şəkildə bütün dünyaya və düşmənə göstərdi ki, bu gün Azərbaycan dövləti öz ərazi bütövlüyünü bərpa etməyə hazırdır, buna qadirdir.
Dağlıq Qarabağ probleminin həllində vacib amillərdən biri beynəlxalq dəstəkdir ki, bu gün Azərbaycan bu sahədə də öndədir. Təkcə bu ilin ötən dövründə baş verən mühüm hadisələrə, eyni zamanda dövlətimizin başçısı İlham Əliyevin xarici ölkələrə səfərlərinin miqyasına, iştirak etdiyi beynəlxalq tədbirlərdə müzakirə olunan məsələlərə və ölkəmizə verilən önəmə diqqət yetirdikdə Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin hansı səviyyədə olduğunu daha aydın görmək mümkündür. ABŞ-ın Baş Qərargahlar rəisi, general Cozef Danfordun və Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovun fevral ayında ilk dəfə olaraq Bakıda görüş keçirmələri dünya mətbuatında geniş müzakirə olunan məsələlər sırasında oldu. Azərbaycanın bu görüş üçün məkan seçilməsi böyük uğur, dövlətimizin həyata keçirdiyi siyasətə dəstək kimi dəyərləndirildi. Dövlətimizin başçısı İlham Əliyevin Fransaya rəsmi səfəri çərçivəsində keçirilən görüşlərdə ölkəmizin inkişafına, həyata keçirdiyi siyasətə dəstək, əlaqələrin daha da möhkəmləndirilməsi üçün potensial imkanların mövcudluğunun bildirilməsi və s. kimi mühüm məqamlar iki ölkə arasında münasibətlərin bugünkü səviyyəsinə işıq saldı. ATƏT-in Minsk qrupunun həmsədrləri kimi ABŞ, Fransa və Rusiyanın ölkəmizlə bağlı mövqeyinə işıq salan bu olaylar diqqətdən kənarda qala bilməz. Ən əsası Minsk qrupunun həmsədri kimi bu üç dövlətin mövqeyi ölkəmiz üçün əhəmiyyətlidir. Bu günlərdə Respublika Günü münasibətilə bir sıra dövlətlərin, o cümlədən ABŞ Prezidentinin cənab İlham Əliyevə ünvanladığı təbrik məktublarında da Azərbaycanın artan nüfuzu aydın şəkildə görünür.
Dağlıq Qarabağ probleminin həlli ilə bağlı əsas tələbi təbii ki, qəbul olunan qətnamələrin icrasıdır. İşğalçı ölkənin beynəlxalq təşkilatların qərar və qətnamələrinə məhəl qoymaması və bunun qarşılığında ona qarşı hansısa təzyiqin göstərilməməsi daha böyük iddialarla yaşamasına, təxribatlara yol açır. Cəbhə xəttində mütəmadi olaraq yaşananlar da bunun təsdiqidir. Dövlətimizin başçısı İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik ilə görüşündə də bildirmişdir ki, Ermənistan tərəfi mühüm tədbirlər eyni zamanda həmsədrlərin regiona səfərləri zamanı cəbhə xəttində təxribat törədir, Azərbaycan Ordusu adekvat cavab verir. Onların bu addımının təbii ki, məqsədi bəllidir. Cənab İlham Əliyev bildirmişdir: “ Azərbaycan tərəfini buna ona görə təhrik edirlər ki, sonra bizi atəşkəsi pozmaqda ittiham etsinlər. Hadisələrin xronologiyasına baxmağınız kifayətdir ki, nə vaxt Azərbaycan əsgərinin Ermənistan ordusu tərəfindən öldürüldüyünü və nə zaman buna Azərbaycan tərəfindən adekvat cavab verildiyini görəsiniz.”
Qeyd etdiyimiz kimi, işğalçı Ermənistan heç bir sahədə Azərbaycanla rəqabət aparmaq imkanında deyil. Azərbaycan günbəgün güclənir, Ermənistan isə zəifləyir. Ermənistan rəhbərliyi çıxılmaz vəziyyətə düşdüyünü anlayır, cəbhə xəttində təxribatlar törətməklə və vəziyyəti gərginləşdirməklə Azərbaycanın diplomatik uğurlarını və beynəlxalq aləmin münaqişənin ədalətli həlli ilə bağlı qəti mövqeyini neytrallaşdırmağa çalışır. Hər dəfə beynəlxalq aləmdə belə rəy yaratmağa çalışırdılar ki, guya Azərbaycan tərəfi sülh danışıqlarının həyata keçirilməsində maraqlı deyil. Bu səbəbdən ordu quruculuğuna xüsusi önəm verir. Rəsmi Bakının qarşı tərəfin belə sərsəm bəyanatlarına mesajı bu olur ki, ordu quruculuğu suveren hüququmuzdur. Azərbaycanın tam haqqı var ki, işğal altında olan torpaqlarını istənilən yolla azad etsin. Cənab İlham Əliyev bildirir: “Aprel döyüşləri zamanı biz sadəcə olaraq imkanlarımızın cüzi bir faizini nümayiş etdirdik. Bu, bir daha onu göstərir ki, aprel döyüşləri Ermənistanın təxribatı idi. İndi bəziləri müxtəlif versiyalar, fərziyyələr irəli sürürlər ki, Azərbaycan əməliyyat keçirməyi planlaşdırırdı, o da sonra dayandırıldı və sair. Birincisi, biz nəyi etmək istəmişiksə, onu da etmişik. Əks-hücum əməliyyatında qarşımızda hansı hədəflər durmuşdusa, biz o hədəflərə də çatdıq. Bu gün hərbçilər və beynəlxalq mütəxəssislər bilirlər ki, əldə etdiyimiz strateji mövqelər tamamilə vəziyyəti dəyişdirib. Əgər aprel döyüşləri zamanı genişmiqyaslı əməliyyat keçirmək fikrində idiksə, biz öz hərbi potensialımızdan istifadə edərdik.”
Dövlətimizin başçısı İlham Əliyev Azərbaycanın diplomatik uğurlarına, eyni zamanda güclü, qüdrətli Ordusuna söykənərək, bu inamı ifadə edir: “Biz işğal edilmiş torpaqlara qayıdacağıq. Bu bizim əsas vəzifəmizdir. Necə ki, keçən il azad edilmiş torpaqlarda bu gün bayrağımız dalğalanır, hələ də işğal altında olan bütün başqa torpaqlarımızda da Azərbaycan bayrağı qaldırılacaqdır.”
Yeganə Əliyeva, “İki sahil”
Ədalətin və sülhün qələbəsi: vahid birlik və milli-mənəvi irs günümüzün əsas çağırışıdır
20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü: Zəfərdən dirçəlişə uzanan yol