20 iyun 2017 23:34
700

Gün gələcək, bayrağımız Şuşada da dalğalanacaq

Nəhayət, Azərbaycan xalqı çoxdan gözlənilən bu tarixi hadisənin şahidi oldu.  Cocuq Mərcanlı kəndinin bərpası başa çatdı və artıq 24 illik ayrılıqdan sonra Cocuq Mərcanlı kəndinin sakinləri oz doğma yurduna qayıtmağa hazırdır. Prezident İlham Əliyev iyunun 14-də Cocuq Mərcanlı kəndinə gedərək burada aparılan bərpa və yenidənqurma işləri ilə tanış oldu. Dövlət başçısının Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfəri yeni salınan kənd yolunun açılışı ilə başladı. Həmin gün tarixə həm də Cocuq Mərcanlı kəndinin bərpası günü kimi yazıldı.

Cocuq Mərcanlı kəndinin bərpasından sonra rəsmi açılış törənlərinin 15 İyun - Milli Qurtuluş Günü ərəfəsinə təsdüf etməsinin isə özgə bir anlamı var. Bu, həm də işğal altındakı bütün yaşayış məntəqələrimizin azad oluncağaına, məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıdacaqlarına inamın ifadəsi, həm də işğalçı Ermənistana gerçək bir ismarıc idi: “İşğal altında saxladığınız Azərbaycan ərazilərinin hamısı gec-tez azad olunacaq, Cocuq Mərcanlıda başlanan bərpa işləri Xankəndidə, Şuşada başa çatdırılacaq”.

Prezident İlham Əliyev bunu Cocuq Mərcanlıda açıq şəkildə bəyan etdi: “Gün gələcək, bayrağımız Şuşada da dalğalanacaq. Biz işğal altındakı torpaqlara qayıdacağıq”.

Dövlət başçısı Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində Oqtay Həziyevin ailə üzvləri ilə görüşündə Azərbaycan torpaqlarının işğalını “böyük ədalətsizlik, beynəlxalq hüquq normaları pozulması” kimi dəyərləndirdi: “Əfsuslar olsun ki, dünyada ikili standartlar mövcuddur. BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib ki, erməni silahlı qüvvələri dərhal və qeyd-şərtsiz işğal olunmuş torpaqlardan çıxsın. Ermənistan buna əməl etmir. Bu qətnamələri qəbul edənlər də Ermənistanı məcbur etmir ki, bu qətnamələri yerinə yetirsin. Problem bundan ibarətdir. Ancaq biz ölkəmizi gücləndirmişik. Ötən ilin aprel ayında Azərbaycan Ordusu düşmən təxribatının qarşısını alarkən düşmənə sarsıdıcı zərbələr endirib: “Bu, ordumuzun gücünü bir daha nümayiş etdirdi. Bu döyüşlərin nəticəsində işğaldan azad edilmiş ərazilərimizdə bu gün Azərbaycan bayrağı dalğalanır”.

Prezident İlham Əliyevin vurğuladığı kimi, Cocuq Mərcanlı kəndinin bərpası doğrudan da tarixi hadisədir. Bu, həm də onu göstərdi ki, Azərbaycan xalqı və dövləti işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun, bərpa edəcək. Ölkə başçısının Cocuq Mərcanlı kəndində aparılan bərpa işləri ilə tanış olduqdan sonra bu tədbirlərin davam etdirilməsi məqsədilə yeni Sərəncam imzalaması isə dövlətin bu məsələyə nə qədər ciddi önəm verdiyini göstərir. Ölkə başçısının 15 iyun tarixli Sərəncamı ilə Cocuq Mərcanlı kəndində tikinti-bərpa və abadlıq-quruculuq işlərinin davam etdirilməsi, o cümlədən 100 fərdi yaşayış evinin, uşaq bağçasının, həkim məntəqəsinin, digər zəruri sosial və infrastruktur obyektlərinin tikintisi məqsədi ilə Prezidentin ehtiyat fondundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə 9 milyon manat ayrılıb. Bütün bunlar dövlət səviyyəsində Cocuq Mərcanlıda işlərin aparıldığının təsdiqidir.

Xatırladaq ki, Cocuq Mərcanlı kəndində yeni salınan yolun ümumi uzunluğu 9 kilometr, eni 12 metrdir. İki hərəkət zolaqlı yolun tikintisi Prezident İlham Əliyevin bu ilin fevralında imzaladığı “Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə gedən avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncama əsasən həyata keçirilib. Strateji əhəmiyyəti ilə seçilən bu yolun inşası zamanı zəruri olan yerlərdə su keçidləri tikilib, uzunluğu 24 metr olan ikiaşırımlı mövcud körpü bərpa edilib. Yol üzərində 76 yol nişanı və məlumatverici lövhələr quraşdırılıb, piyada zolaqları, yol-cizgi və yolgöstərici xətləri çəkilib.

Azərbaycan Prezidentinin işğalçı ordunun atəş zərbələri altından xilas edilmiş Cocuq Mərcanlının bərpası ilə tanış olduğu, buradan “Gün gələcək bayrağımız Şuşada da dalğalanacaq” çağırışından dərhal sonra Ermənistan işğal altındakı Dağlıq Qarabağ bölgəsində növbəti təxribata əl atmaqla beynəlxalq ictimaiyyətin diqqətini əsas məsələdən yayındırmağa çalışdı. Həm də ATƏT-in Minsk qrupu həmsədrlərinin Ermənistan və Dağlıq Qarabağa səfərlərini başa vurub Bakıda rəsmi görüşlərə başladığı bir məqamda. Belə ki, Dağlıq Qarabağdakı separatçı rejim Xocalı hava limanından kiçikhəcmli təyyarə uçuşlarına başlayıb. Hələlik xarici turistlər üçün aparılan bu uçuşlar Xankəndi-Şuşa-Xankəndi marşrutu üzrə keçirilir. İyunun 17-də Dağlıq Qarabağda ilk dəfə keçirilmiş “Artsax eyr fest” adlı hava festivalında ilk kiçikhəcmli təyyarə havaya qalxıb. Xankəndidən uçan bu ikiyerlik yüngülmühərrikli təyyarəni sabiq hərbi təyyarəçi Samvel Tavadyan idarə edib. Xarici turistlərin gəldiyi bu tədbirdə separatçı rejimin saxta atributları nümayiş olunub. ABŞ istehsalı olan “CH 701” təyyarəsi Şuşa üzərində dövrə vurduqdan sonra geriyə qayıdıb.

Dağlıq Qarabağ münaqişəsinin beynəlxalıq prinsilərə uyğun, ərazi bütövlüyü çərçivəsində, danışıqlar yolu ilə həllinə sadiqlik nümayiş etdirən Azərbaycan isə ermənilərin bu təxribatına da yerindəcə cavab verib. Prezident İlham Əliyev dünən ATƏT-in Minsk qrupunun həmsədrləri Stefan Viskontini, İqor Popovu, Riçard Hoqlandı və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edərkən Ermənistanın pozuculuq hərəkətləri pisləyib: “Sizin Ermənistana və Azərbaycanın işğal olunmuş ərazilərinə səfərinizdən sonra və Azərbaycana gəlişiniz ərəfəsində Ermənistan təmas xəttində Azərbaycana qarşı növbəti hərbi təxribat törədib və bunun nəticəsində bir Azərbaycan əsgəri həlak olub. Azərbaycan Ordusu həmişə olduğu kimi, adekvat cavab verib və bunun nəticəsi sizə məlumdur. Bu, mənim üçün təəccüblü deyil, çünki Ermənistan tərəfi həmişə hansısa mühüm tədbir və ya sizin səfəriniz ərəfəsində bu cür təxribatlar törədir”.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan tərəfi atəşkəs rejiminə sadiqdir. Son vaxtlarda təmas xəttində nisbi sakitliyin hökm sürdüyünü deyən Prezident İlham Əliyev bildirib ki, bu, danışıqlar prosesini sürətləndirmək üçün mühüm amildir: “Baş verənlər aydın şəkildə göstərdi ki, Ermənistan nəyin bahasına olursa olsun Minsk qrupu həmsədrlərinin fəaliyyətini pozmağa çalışır”.

Ermənilərin davamlı olaraq törətdikləri təxribatlara baxmayaraq, Azərbaycan öz siyasətinə və prinsiplərinə sadiqdir. Dövlət  başçısının Cocuq Mərcanlıda bəyan etdiyi kimi, gün gələcək, bayrağımız Şuşada da dalğalanacaq.

Elxan Salahov, “İki sahil”