Tolerantlıq və multikulturalizmin təbliğində böyük xidmətləri olan Azərbaycanda son illərdə keçirilən beynəlxalq səviyyəli tədbirlərdə ölkəmiz haqqında deyilən xoş sözlər təsdiqləyir ki, respublikamızda yalnız siyasi-iqtisadi məsələlərə deyil, həm də milli mənəvi dəyərlərə böyük önəm verilir. Ölkəmizdə dinindən, dilindən asılı olmayaraq hər bir vətəndaşa öz dini etiqadını yerinə yetirmək üçün şərait yaradılır, mənsubiyyətindən asılı olmayaraq din xadimlərinə, dini ibadət yerlərinə dövlət tərəfindən yüksək diqqət və qayğı göstərilir.
Azərbaycanda keçirilən beynəlxalq humanitar forumlar, millətlərarası, dinlərarası dialoqlar, dünya dini liderlərinin görüşləri, patriarxların, İslam dini liderlərinin səfərləri bir həqiqəti əks etdirir: Azərbaycanda məskunlaşan bütün xalqların nümayəndələri bərabərhüquqlu vətəndaş kimi sərbəst yaşayır, hüquqları qorunur. Dini tolerantlığın yüksək səviyyədə olması, xalqların bir məqsəd, qurulan normal münasibətlərin dövlətçilik, milli maraqlar naminə birləşməsi, eyni məqsədə yönəldilməsi, tarixi ənənələrə söykənən dini və milli münasibətlərə ölkə vətəndaşları tərəfindən hörmət və ehtiramla yanaşılması tarixi keçmişimizdən bu günümüzə qədər qorunub, saxlanılan milli mənəvi dəyərlərimizdəndir.
Ölkəmiz çoxəsrlik tarixinin bütün dövrlərində milli- mənəvi zənginliklərini qorumaqla bəşəri dəyərlərə, Qərb dünyasına bağlılığı ilə fərqlənmişdir.
Azərbaycanın təşəbbüsü ilə ərsəyə gələn qlobal əhəmiyyətli enerji, nəqliyyat, infrastruktur layihələrinin reallaşmasında, loqistika mərkəzlərinin təkmilləşdirilməsində də məqsəd qitələri və dövlətləri birləşdirən ölkələr, xalqlar arasında həmrəyliyi gücləndirmək, siyasi sabitliyə nail olmaqdır. Dünyanın daim dəyişən, təlatümlı siyasi müstəvisində qərəzli dairələrin maraqlarına uyğun törədilən hadisələr insanlığa qarşı cinayət olmaqla faciələrə yol açan mənəvi terror kimi də narahatlıq doğurur. Ekspertlərin də etiraf etdikləri kimi, ən təhlükəli virusdan da qorxulu, dövlətlər, xalqlar arasında acı nəticələrini göstərməkdə olan və milli zəmində baş verən “qarşıdurmalar” həyəcan təbili çalmaqda davam edir. İkili standartların girovuna, açıq deyilsə qurbanına çevrilən Şərq ölkələrində baş verənlər məkan , maraqların çarpazlanması baxımından fərqli olsa da məntiqi nəticə dəyişilməzdir. Belə münaqişələri sabitliyə qarşı təxribat kimi dəyərləndirən Azərbaycan bu gün də xalqlarla dostluq və əməkdaşlıq münasibətlərinin davamında maraqlıdır. Beynəlxalq təşkilatlarda təmsil olunan müsəlman ölkələrinin nümayəndələrinin ölkəmizi maraqlandıran məsələlərin müzakirəsində Azərbaycana dəstək göstərməsi birliyimizi möhkəmləndirir. Dəfələrlə qeyd olunduğu kimi, qarışıq dünyamızda sülhə nail olunması üçün millətlərarası münasibətlərə xüsusi diqqətlə yanaşılmalı, milli-mənəvi dözümlülük tarixi ənənələrə əsaslanmalıdır.
Bu gün Azərbaycanda bütün dinlərin və etnik qrupların nümayəndələri bir ailənin üzvləri kimi yaşayır və ölkəmizin uğurlu inkişafına öz töhfələrini verirlər. Siyasi sabitliyin təminatı, alternativi olmayan multikulturalizm üçün başlıca amil olan bu dəyərlər xalqımızın minillik tarixə malik milli sərvətlərindəndir. Hər bir azərbaycanlı yaranan bu şəraitdən qürur duyur və multikulturalizm dəyərlərinin, sülh, əməkdaşlıq və qarşılıqlı anlaşmanın təşviqi üçün vətəndaş kimi məsuliyyətini heç vaxt yaddan çıxarmır.
Müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul edən Prezident İlham Əliyev vurğuladı ki, İƏT-in, müsəlman aləminin üzvü kimi İslam həmrəyliyinin gücləndirilməsinə töhfə verən Azərbaycan bütün xalqların milli mənəvi dəyərlərinə ehtiramla yanaşır: “Azərbaycan İslam həmrəyliyinin gücləndirilməsi işinə öz töhfəsini verir... Bu il “İslam Həmrəyliyi ili” elan etməyimiz bizim siyasətimizi əks etdirir, niyyətimizi göstərir.”
Həmin görüşdə qeyd olundu ki, Azərbaycan İslamın əsl ruhunu əks etdirən, sülhün, inklüzivliyin, tolerantlığın əsas yer tutduğu ən nümunəvi məkanlardan biridir. “Burada müxtəlif dinlərin nümayəndələri sülh şəraitində yan -yana yaşayırlar. Onlar ölkənizdə bir-biri ilə harmoniyada çalışmaq imkanlarına malikdirlər. Beləliklə bütün dünyadan gəlmiş qonaqlar ölkələrinə Azərbaycan və İslam haqqında təsəvvür etdikləri imici müsbət mənada daha yaxşı qavrayaraq qayıtdılar” söyləyən Fələstin Dövlətinin ölkəmizdəki səfiri Nəsir Əbdül Kərim Əbdül Rəhim bildirdi ki, Azərbaycan islamofobiya kimi təhlükəli çağırışlara qarşı mübarizənin ön cərgəsindədir.
Ölkəmizdə keçirilən İslam Həmrəyliyi Oyunları həqiqətən insanları birlik və həmrəyliyə çağıran İslama qarşı aparılan təxribatlara real cavab oldu. Dünyada mədəniyyətlərarası dialoq sahəsində mövcud olan çoxsaylı ideyaların, perspektivlərin və yanaşmaların müzakirəsi üçün Azərbaycanın seçilməsi bu ölkədə demokratiyanın təntənəsi, mədəniyyətlərarası münasibətlərin formalaşması ilə bağlıdır.
Planetimizin müxtəlif yerlərində mənfi istiqamətdə cərəyan edən meyillərin insanlarda qorxu, təlaş yaratmasını yolverilməz hesab edən Azərbaycan dövləti, ictimaiyyəti xalqlararası dostluqların möhkəmlənməsində təşəbbüskarlığına bu gün də sadiqdir.
Ölkəmizdə multikulturalizm ənənələri hər zaman güclü olub. Regional əməkdaşlığın gücləndirilməsinə xidmət edən Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması ilə bu dəyərlərin dövlət səviyyəsində qorunmasını təmin edən ölkəmizdə mədəni müxtəliflik və mədəniyyətlərarası dialoqun təşviqi həmrəyliyin ən vacib elementi kimi diqqətdə saxlanılır.
Azərbaycan yalnız neft, qaz kəmərləri ilə deyil, həm də mədəniyyəti, dünyagörüşü, mənəviyyatı, tolerantlığı ilə tanınır. Bu sahədə misilsiz rolu olan Heydər Əliyev Fondunun xidmətləri yüksək dəyərləndirilir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə dünyanın bir çox ölkələrində həyata keçirilən tədbirlər insanları həmrəyliyə dəvət edən çağırışdır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın adından Moskvadakı Poklonnaya Qorada Rusiya Müftilər Şurası tərəfindən inşa edilmiş “Ramazan çadırı””nda Azərbaycan Gününün təşkili və iftar süfrəsinin açılması insanlar arasında həmrəyliyin möhkəmlənməsinə yönələn xeyirxah təşəbbüsdür. Qeyd olunduğu kimi İslam dininə etiqad bəsləyən çoxsaylı xalqların Moskvada yaşayan nümayəndələrini birləşdirmək məqsədilə həyata keçirilən belə tədbirlər insanları saflaşdırmaqla milli münasibətlərin möhkəmlənməsinə də təsir göstərir.
Heydər Əliyev Fondu tərəfindən Pakistanın Abbotabad bölgəsinin kəndlərində Ramazan ayı ilə əlaqədar bayram sovqvatlarının təqdim edilməsi xeyirxahlıq missiyasının tərkib hissəsi olmaqla Azərbaycan -Pakistan əlaqələrinin davamlı inkişafını da göstərən amildir. Tədbirdə qeyd olunduğu kimi hər iki xalqı yaxınlaşdıran dini etiqad və ortaq dəyərlər bütün sahələrdə olduğu kimi, humanitar sahədə də özünü büruzə verir. Qarşıdakı dövrdə İslam ölkələri ilə iqtisadi sahədə əməkdaşlığın siyasi əlaqələr səviyyəsinə çatdırılması müsəlman dünyası ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi əsas hədəflərdəndir.
Xuraman İsmayılqızı, “İki sahil”
Ədalətin və sülhün qələbəsi: vahid birlik və milli-mənəvi irs günümüzün əsas çağırışıdır
20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü: Zəfərdən dirçəlişə uzanan yol