14 iyun 2017 14:01
1305

Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qərb dövlətlərinin ikili standartlar siyasətinin pərdəarxası

Keçmiş SSRİ ərazisində baş vermiş genişmiqyaslı və həlli yolları düyünə salınan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zaman içərisində daha çox dövlətlərarası və qlobal problem xarakteri almışdır. XX yüzilliyin 80-ci illərinin sonunda Sovetlər İttifaqının siyasi məkanında meydana gəlmiş bu münaqişə İttifaq dağılandan sonra avtomatik olaraq iki yeni müstəqil dövlətin - Azərbaycan Respublikasının və Ermənistan Respublikasının dövlətlərarası probleminə çevrildi.

Üzərindən 20 ildən çox müddət keçsə də, münaqişə öz siyasi və hüquqi həllinə hələ də qovuşmamışdır. Əvvəla, hər iki ölkədə qarşı tərəfə münasibətdə düşmən obrazı möhkəm yer almışdır. İkincisi, Ermənistan ilə Azərbaycan arasında “nə müharibə, nə də sülh” kimi qeyri-müəyyən vəziyyət davam edir. Hər iki variantın da nizama salınması mümkün olmadığına görə, problemin beynəlxalq hüquq normaları çərçivəsində həlli tələb edilir. Dünyanın aparıcı dövlətləri bu münaqişəyə münasibətdə müxtəlif mövqelərdə durduqlarından bu variant da real nəticə vermir.

Münaqişənin həllinin Rusiyadan asılı olduğu inkaredilməz həqiqətdir. Lakin Ermənistan-Azərbaycan münaqişəsinin davam etməsi əslində Qərbin aparıcı dövlətlərinin də maraqlarına uyğundur. Demokratiyanı əldə silah tutaraq, bütün dünyaya yaymağa çalışan Qərbin aparıcı dövlətlərinin münaqişə ilə əlaqədar ikili standartlar mövqeyindən çıxış etmələri, ATƏT-in Minsk qrupunun fəaliyyətinin nəticəsiz qalması, Ermənistanın humanitar və hərbi yardımlara “layiq” görülməsi, işğalçının təcavüzkar kimi tanınmaması, beynəlxalq təşkilatların münaqişəyə lazımi qiymət verməmələri və digər məsələlərin cavabı müəmmalı görünsə də, mahiyyətini açmaq mümkündür.

Qeyd etmək lazımdır ki, Avropa dövlətləri münaqişəyə sırf lokal Ermənistan-Azərbaycan konflikti müstəvisində deyil, daha çox ümumi türkçülük nöqteyi-nəzərindən yanaşırlar. Yəni münaqişə qlobal erməni məsələsi çərçivəsində diqqəti cəlb edir. Bu dəyərləndirmələrlə tanışlıq onu deməyə əsas verir ki, Avropa dövlətlərinin parlamentləri Azərbaycanın ərazi bütövlüyünü tanısalar da, Ermənistanın nəinki işğalçı dövlət olduğunu qəbul və işğal etdiyi ərazilərdən çəkilməsini tələb etmirlər, əksinə konflikt tərəflərinin güzəştə getmələrini məqsədəuyğun hesab edirlər. Təbii ki, bu, real çıxış yolu deyil və əslində problemin həlli prosesinin yeni çətinliklərlə üzləşəcəyindən xəbər verir. Nə qədər ki, işğal edilmiş ərazilər azad edilməyib, Azərbaycanla Ermənistan arasında hər hansı əməkdaşlıqdan söhbət gedə bilməz və qətiyyən mümkün deyil. Müharibə şəraitində əməkdaşlıq etmək tamamilə cəfəngiyatdır. Əməkdaşlıq etmək üçün Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Bu baxımdan Avropa dövlətlərinin münaqişənin həlli ilə bağlı göstərdikləri təşəbbüslər nəticəsiz qalmaqdadır. Əslində bu təşəbbüslərin nəticəsiz qalmasının da əsl səbəbi Qərb dövlətlərinin münaqişənin həlli ilə bağlı yeritdikləri siyasətin onların “münaqişənin həlli mexanizmləri”nin icrası ilə deyil, “münaqişənin idarə edilməsi” ilə məşğul olmalarından qaynaqlanır. Şübhəsiz ki, ortada ciddi səbəblər var və bu məqalədə həmin səbəblərə aydınlıq gətirməyə çalışacağıq.

Son zamanlarda elmi dairələrdə daha çox müzakirə olunan məsələ dünyada baş verən bir çox münaqişə və qarşıdurmaların başlıca səbəbinin sivilizasiyaların toqquşması ilə əlaqələndirilməsidir. Bu düşüncənin qeyri-real olduğunu iddia edənlər də ola bilər və şübhə yoxdur ki, mövcuddur. Lakin tarixi faktlara və analitik təhlillərə əsaslanaraq Ermənistan-Azərbaycan münaqişəsinin sivilizasiyaların toqquşmasından qaynaqlandığını sübut etmək mümkündür. Həmin təhlillər əsasında ortaya çıxan məqam bundan ibarətdir ki, Qərb dövlətlərinin münaqişəyə dair mövqeyi və ikili standartlar siyasəti həmin sivilizasiyaların toqquşması ilə birbaşa bağlantılıdır.

Bu bir həqiqətdir ki, Qərb ilə Türk sivilizasiyaları arasındakı münasibətlər tarix boyu həmişə gərgin və münaqişəli olmuşdur. Uzun illər Qərb dünyasında mövcud olan milli və dini əsasa söykənən “səlib yürüşləri” zehniyyəti hal-hazırda fərqli adlar altında formalaşır. Qeyd etmək lazımdır ki, bu zehniyyət yalnız İslama qarşı deyil, daha dəqiq bir ifadə ilə, İslamı özündə bütünləşdirən və tamamlayan Türk sivilizasiyasına qarşı yönəldilmişdir ki, bunun da əsaslı səbəbləri vardır. Qərbdə türklərə qarşı nifrət hissinin güclənməsində keçmişdən miras qalan milli, dini və psixoloji amillər əsas rol oynayır. Heç təsadüfi deyildir ki, erməni məsələsi də Qərb və Türk sivilizasiyaları arasındakı toqquşmanın törəməsi kimi ortaya çıxmışdır. Hər iki sivilizasiya arasında keçmişdən günümüzə qədər davam edən toqquşma bilavasitə Ermənistan-Azərbaycan münaqişəsinə də öz təsirini göstərmiş, nəticədə Türk-İslam sivilizasiyasının daşıyıcılarından biri kimi Azərbaycan bundan ciddi yaralar alaraq təhdid altında olan ölkələr sırasına daxil olmuşdur.

Bu sahəni tədqiq edən Qərb sivilizoloqları və analitikləri sivilizasiyaları təsniflən-dirərkən heç bir halda Türk sivilizasiyasını ayrıca bir sivilizasiya olaraq nəzərdən keçirməmişlər. Nə Samuel Hantinqtonun, nə Arnold Toynbinin, nə Frensis Fukuyamanın, nə Harald Müllerin, nə də başqalarının əsərlərində və ifadələrində Türk sivilizasiyası anlayışına müstəqil bir sivilizasiya növü kimi rast gəlinmir. Türk sivilizasiyası İslam sivilizasiyasının bir parçası, ən yaxşı halda isə onun subsivilizasiyası olaraq qəbul edilib göstərilməkdədir. Təbii ki, İslam sivilizasiyası Türk sivilizasiyası üçün başlıca xüsusiy-yətlərdən biridir. İslami dəyərləri özündə ehtiva etməsinə baxmayaraq, Türk sivilizasiyasına Ərəb və İran sivilizasiyaları kimi müstəqil bir tip kimi baxılmalıdır. Ərəstü Həbibbəyli, Rahid Ulusel kimi azərbaycanlı tədqiqatçılar Türk sivilizasiyasına tamamilə İslam sivilizasiyası daxilində baxılması məsələsinin yanlış olduğunu qeyd edirlər.

Olduqca doğru bir mövqe! Çünki məsələyə bu aspektdən yanaşılsa, türklərin islamaqədərki ən azı minillik inkişaf tarixi nəzərdən qaçırılmış olar. Türklərin İslamı qəbul etdikdən sonrakı dövrlərdə Qərb ilə Türk sivilizasiyaları arasındakı münasibətlər Xristian-İslam kontekstində inkişaf etmişdir. Günümüzdə Qərb sivilizasiyası deyildiyi zaman ilk növbədə xristian dünyası başa düşülür. Türklər də İslamı qəbul etdikdən sonra bu dinin əsas dayağı olmuş və İslamın yayılmasında müstəsna rol oynamışlar. Daha dəqiq bir ifadə ilə, İslam məhz türklərin sayəsində öz ehtişamını və gücünü qoruyub saxlamışdır.

Qərb və Türk sivilizasiyaları arasındakı münasibətlər tarix boyu həmişə gərgin və münaqişəli olmuşdur. Bu münaqişə günümüzdə də davam edir. Məşhur türk tədqiqatçısı Mətin Aydoğan haqlı olaraq göstərir ki, Qərbdə antitürk bir düşüncənin yayğın olduğu həqiqətdir və bu düşüncə artıq tarixi ənənəyə çevrilmişdir. Türklərin Qərblə münasibətləri 1600 illik müharibə və münaqişələrlə dolu bir keçmişə sahibdir. Orta Asiyadan gələn şimallı Hun axınçıları Qərbi Roma imperiyasının süqutuna səbəb olaraq kütlə hegemonluğuna əsaslanan İlk Çağı sona çatdırdılar və Orta Əsrlər dövrünü başlatdılar. Fateh Sultan Mehmet isə Şərqi Roma imperiyasının (Bizansın) varlığına son verərək çözülməyə başlayan və qul hegemonluğuna əsaslanan Orta əsrlərin süqutuna səbəb oldu. Türklər Qərbi Roma impe-riyasının süqutundan 1699-cu il Karlovitsa müqaviləsinə qədər tam 1300 il Qərb üzərində qəti üstünlüyünü qoruyub saxladı. Avropalıların xristianlıq uğrunda təşkil etdikləri 8 xaçlı səfərinin hamısına türklər sinə gərdilər və onları ağır məğlubiyyətə uğratdılar.     

Xaçlı səfərlərinin hansı sivilizasiyaların daşıyıcılarına qarşı yönəlməsi ilə bağlı ortaya belə bir sual çıxır: bu səfərlərin qarşısında Türk, yoxsa Ərəb sivilizasiyasının təmsilçiləri dayanmışdılar?

Türk tədqiqatçıları Əli Çimen və Göknur Göğebakanın bu məsələ ilə bağlı fikirləri çox qətidir: “Səlib yürüşlərini təşkil edənlər uzaq diyarlardan gələn qərblilər idi, lakin bu səfərlərə qarşı əvvəlcədən mübarizə aparanlar isə türklər olmuşlar. Səlibçilərin 200 ilə yaxın davam edən hakimiyyətlərinə son verənlər də türklər idilər. Bu mübarizə Şərq ilə Qərb arasındakı körpü vəziyyətindəki Anadolu üzərindən gerçəkləşmiş, bölgədəki iqtidar boşluğunu doldurmaq yarışı türklər ilə German-Latın toqquşmasına səbəb olmuşdu”.

Tarixi proseslərin təhlilinə əsaslanaraq qeyd etmək mümkündür ki, səlib müharibələri ümumilikdə Qərbin qeyri-xristianlara qarşı yürüşləri olsa da, konkret olaraq məhz xristian Latın-Germanların müsəlman türklərlə toqquşmasıdır. Bu, daha çox üzərində durduğumuz bir iddiadır. Çünki bütün səlib yürüşlərində Qərbin qarşısına çıxanlar hər zaman türklər olmuşlar.

Beləliklə, qəti olaraq demək mümkündür ki, səlib yürüşləri Qərb sivilizasiyasının Türk sivilizasiyasına qarşı mübarizəsi, daha dəqiq bir ifadə ilə, müharibəsi olmuşdur. Türk sivilizasiya daşıyıcılarından tarixdə ən uzunömürlü dövlət olan Osmanlı (1299-1922) dövründə də Türk-Qərb münasibətləri İslam-Xristian qarşıdurması kontekstində davam etmişdir. Artıq XIV əsrdən Osmanlıların Avropa dövlətləri ilə müharibəsində Qərb təmsilçiləri “xaçlı birliyi”ni yaratmışdılar. Türklərin Anadoludan Avropaya hücumunun qarşısında uzun müddət Konstantinopol (İstanbul) dayanmışdır. Sultan Bəyazidin dövründə 1396-cı ildə bütün cəhdlərə baxmayaraq, İstanbul fəth oluna bilməmişdi. Lakin 1453-cü ildə Fateh Sultan Mehmet tərəfindən İstanbul fəth edilmiş və bununla da Türk sivilizasiya tarixində ən böyük hadisələrdən biri baş vermişdir. Zaman-zaman fəthlər genişlənmiş, xüsusilə Sultan Süleymanın dövründə Macarıstanadək ərazilər işğal olunmuş, hətta Vyana mühasirəyə alınmışdı, lakin sonralar Osmanlı ordusu əksər işğal etdiyi ərazilərdən çıxarılmış, amma İstanbul əldən verilməmişdir. Vyana mühasirəsinin Türk-Qərb sivilizasiyaları arasındakı münasibətlərdə tarixi rolu ilə bağlı Prof. Dr. Əhməd Davudoğlu qeyd edir ki, Vyana mühasirəsi Avropa üçün bir dönüş nöqtəsi olmuşdur və Osmanlı qarşısında yaradılan koalisiya ilk avropalılıq şüuru və fikrinin yaranmasında mühüm rol oynamışdır.

Məhz bu baxımdan qeyd etmək lazımdır ki, Qərb sivilizasiyası türklərin bu zəfər yürüşünü heç zaman unutmamış və onların gözündə müsəlman türk dövləti o zamanlardan bəri ən böyük rəqib və hətta düşmən olmuşdur. Hal-hazırda İslamla birlikdə Türk sivilizasiyasına qarşı səlib zehniyyətinin formalaşması göründüyü kimi, heç də təsadüfi deyildir. Hələ Orta Əsrlər dövründə avropalı hökmdarların, ümumiyyətlə, bütün Avropanın nəzərində “Tanrının qırmancı” (Scorge of God) kimi qəbul edilən türklər Qərbin şüuraltında insan kimi deyil, vəhşi varlıqlar, hər cür qəddarlığı və amansızlığı törədə biləcək məxluqlar olaraq tanınırdılar.

XIX əsrin sonlarında Böyük Britaniyanın Baş naziri Qladstonun türklər haqqında dediyi sözlərə nəzər salaq: “...Türk milləti nə idi və hal-hazırda nədir? Bu, sadəcə İslam problemi deyil, İslamın bir millətə xas xarakteri ilə birləşməsi, bütünləşməsidir. Türklər Avropaya ayaq basdığı o ilk qara gündən indiyə qədər bəşəriyyətin ən böyük insanlıqdan uzaq növünü təşkil ediblər. Haraya getdilərsə, arxalarında geniş qanlı yol qoydular və onların hökmranlığının qurulduğu yerlərdə mədəniyyət yox oldu. Bəşəriyyətin insanlıqdan uzaq yeganə məxluqu məhz türklərdir...”.

1919-cu ildə də Böyük Britaniyanın Baş naziri Lloyd Corc isə belə deyirdi: “...barbar və talançı bir millət olan türklər bəşəriyyətin yoluxduğu xərçəng xəstəliyidir. Onlar idarə etdikləri torpaqların ətinə keçmiş bir yaradır...”.

Yaddaşlarda kök salmış bu cür mifik düşüncələrin və zehniyyətin, keçmişdəki hadisələrin nəticəsidir ki, Qərbdə türklərə qarşı həm qorxu, həm də nifrət psixologiyası bu gün də hakimdir. Belə bir zehniyyəti Avropa İttifaqına da şamil etmək olar və deyilənləri bir daha əsaslandırmaq üçün Avropa İttifaqının yeritdiyi siyasətə və bu qurum haqqında söylənən fikirlərə nəzər salmaq kifayətdir. Hələ 27 may 1999 tarixində Parisdə keçirilən “Avropa Solu” zirvəsində toplantının “memarı” və Fransanın sabiq mədəniyyət naziri Cek Lanq deyirdi ki, Avropa İttifaqı sadəcə iqtisadi maraqlar və nizamlamalardan ibarət deyil. Demokratiyaya və bəşəriyyətə verdiyimiz dəyərləri yalnız sərhədlərimizin daxilində deyil, hüdudlarımızdan kənarda da müdafiə edəcəyik.... Bizim bu mübarizəmizin qarşısını heç kəs ala bilməz...

Bu ifadələr hər nə qədər xoş səslənsə də, Avropa İttifaqının günümüzdə izlədiyi xətt real görünmür. Bu İttifaq iqtisadi, siyasi və sosial birlik modeli ilə yanaşı, eyni zamanda dini təməllərə də söykənir. Alman Xristian Demokrat Birliyinin sədri G.Şebl “bu xristian birliyində heç bir müsəlman ölkənin yer almayacağı”nı xüsusilə vurğulayırdı.

Katolik kilsəsinə bağlı italyan yepiskoplarının mətbuat orqanı olan “L’ Avvanire” qəzetinin 3 yanvar 2000-ci il tarixli sayında müsəlman Türkiyənin Avropa İttifaqına üzvlüyü barəsində aşağıdakı qeydlər yer alır: “Müsəlman Türkiyənin Avropa İttifaqına daxil olması bizim kimliyimizə kölgə sala bilər. Bu üzvlük birlikdə inkişaf edən xristian ənənələri əsasında formalaşan Avropa mədəniyyətlərinin təməlindəki ittifaqları sarsıdar. Unudulmamalıdır ki, “avropalı fikri” birbaşa “düşmən türklərə” və bütövlükdə Türk-İslam sivilizasiyasına qarşı formalaşıb”.

Məşhur alman alimi Fritz Numark bütün Avropanın və avropalıların türklərə və İslama qarşı münasibətini bu şəklidə açıqlayırdı: “Səmimiyyətlə etiraf etməliyik ki, avropalılar türkləri sevməz, hətta sevməsi mümkün deyil. Türk və İslam düşmənçiliyi yüz illərdir ki, xristianların və kilsənin damarlarına və hüceyrələrinə hopmuşdur. Avropalılar türkləri müsəlman olduqları üçün sevməzlər. Türkiyədəki dünyəvilik bir tərəfə dursun, hətta Türkiyə xristian bir ölkə olsa belə onlara yenə düşmən gözüylə baxarlar”.

Bu baxımdan məsələyə milli və dini olmaqla iki aspektdən yanaşmaq lazım gəlir. “Avropalı fikrinin düşmən türklərə qarşı formalaşması” məntiqindən yola çıxsaq görərik ki, Qərbdə həqiqətən də sırf milli baxımdan antitürk bir düşüncə və nifrət psixologiyası hakimdir. Bu da keçmişdən miras qalan hadisələrlə əlaqədardır. Digər bir tərəfdən, dini baxımdan “yüz illərdir ki, İslam düşmənçiliyi xristianların və kilsənin damarlarına və hüceyrələrinə hopmuşdur” kimi fikirlərin səslənməsi də heç də təsadüfi deyil. Bu vəziyyət bilavasitə sivilizasiyaların toqquşmasına rəvac verən əsas amildir. Halbuki Hz. İsa xristianlara hər kəsi, hətta düşmənlərini belə sevməyi əmr etmişdir. İsa peyğəmbərin yüksək əxlaqi fikirlərinə əsaslanan amerikan tədqiqatçısı Maykl Hart Matta İncilindən sitat gətirərək (5: 43-44) yazır: “Hz. İsa bizə bunları əmr etmişdir ki, düşmənlərinizi sevin, sizdən nifrət edənlərə yaxşılıq edin. Pisliyə pisliklə cavab verməyin. Sağ yanağınıza bir sillə atana digər yanağınızı da çevirin. Təəssüflər olsun ki, bu sözlər bizim tərəfimizdən yayğın şəkildə qəbul edilmir. Xristianların əksəriyyəti “düşməninizi sevin” əmrini yaşadığımız real dünyada əsas tutulacaq məntiqli bir yol olaraq deyil, bəlkə də qüsursuz bir dünyada gerçəkləşə biləcək ideya olaraq dəyərləndirir. Biz ümumiyyətlə, bu əmrə riayət etmir və digərlərinin tətbiq etməsini də gözləmirik”. 

“Düşməninizi sevin” məntiqindən məsələyə yanaşsaq, həqiqət budur ki, İslam əhli-kitab ənənəsinə sadiq qalaraq xristianlığa heç vaxt düşmən münasibət göstərməmiş, nəinki xristianlığa, digər dinlərə də həmişə hörmətlə yanaşmış, fərqli dinlərə mənsub olan insanların öz məbədlərində ibadət etmələrinə heç bir qadağa qoymamış, hətta kilsələrin və sinaqoqların inşa və təmir edilmələrinə şərait yaratmışdır. Qeyd etmək lazımdır ki, Türk-İslam sivilizasiyasının daşıyıcısı olan Azərbaycanda da dini tolerantlıq yüksək səviyyədədir. Lakin təəssüflər olsun ki, əsasən Qərb dünyasında və hətta Ermənistanda tolerantlıq məsələsi sual olaraq qalmaqdadır. Bu gün Ermənistanda nəinki tolerantlıq yoxdur, əksinə azərbaycanlılara məxsus Türk-İslam abidələri və məzarlıqları dağıdılmışdır.

Ümumiyyətlə, gətirilən bu kimi faktlar adi bir qəzet xəbəri və ya analizlər deyil, Qərb dövlətlərinin siyasətinin başlıca meyarlarıdır. Günümüzdə İslama və Türk sivilizasiyasına qarşı aparılan siyasət Yeni Dünya Nizamının və sivilizasiyaların toqquşmasının əsas nəticələridir. Dünyanın aparıcı dövlətlərinin, xüsusilə Qərbin müzakirə obyektinə çevrilən erməni məsələsi, soyqırımı iddiaları, Ermənistan-Azərbaycan münaqişəsində müxtəlif beynəlxalq qurumların, o cümlədən ATƏT-in Minsk qrupunun qətiyyətsizliyi, bu münaqişədə Qərb dövlətlərinin ikili standartlardan çıxış etmələri və digər məsələlər məhz bu aspektdə dəyərləndirilməlidir.

Məşhur sivilizoloq alim Samuel Hantinqtonun “Sivilizasiyaların toqquşması və dünya nizamının yenidən qurulması” adlı kitabı nəşr edildikdən sonra müəllifin “ortaya çıxmaqda olan qlobal siyasətin başlıca və ən təhlükəli miqyasının fərqli sivilizasiyaların daşıyıcıları arasındakı münaqişələr olacağı” ilə bağlı düşüncəsindən sonra insanlar son dərəcə təəccüblənmiş və qorxmuşlar. Hantinqtonun fikirləri olduqca fərqli bir şəkildə qəbul olunmaqda və analitiklər tərəfindən həddən artıq tənqid edilməkdədir. “Sivilizasiyaların toqquşması” ifadəsinin insanları qorxutduğu danılmaz bir həqiqətdir. Lakin Hantinqtonun bu iddiası fikrimizcə, o qədər də yanlış deyil. Təbii ki, bu bizim subyektiv fikrimizdir. Bu gün qlobal siyasətdə başlıca yeri sivilizasiyalararası münasibətlər tutur. Digər sivilizasiyalar bir tərəfə, Qərb sivilizasiyası ilə Türk-İslam sivilizasiyaları arasında qarşıdurmanın cərəyan etdiyi bir reallıqdır.

Samuel Hantinqton qeyd edir ki, fərqli sivilizasiyaların daşıyıcıları arasındakı münasibətlər, əgər belə demək mümkündürsə, heç vaxt yaxın olmayacaq və ümumiyyətlə, soyuq və düşmən olaraq qalacaqdır.

Müəllif eyni zamanda sivilizasiyalararası münaqişəni 1) lokal və ya mikro səviyyə, 2) qlobal və ya makro səviyyə olmaqla iki fərqli formada izah edərək yazır ki, lokal və ya mikro səviyyədə olan münaqişələr fərqli sivilizasiyalara mənsub olan qonşu dövlətlər və həmçinin bir dövlətin içində fərqli sivilizasiyaların daşıyıcıları arasında baş verir ki, belə münaqişələr xüsusilə müsəlmanlar və qeyri-müsəlmanlar arasında yayğındır. Qlobal və ya makro səviyyədə olan münaqişələr isə fərqli sivilizasiyaların böyük dövlətləri arasında baş verir. 

Fərqli sivilizasiyaların böyük dövlətləri arasında baş verən, yəni qlobal və ya makro səviyyəli münaqişələrin öz növbəsində fərqli sivilizasiyaların daşıyıcıları olan qonşu dövlətlər arasında yaranan, yəni lokal və ya mikro səviyyəli münaqişələr üzərində təsiri isə inkaredilməzdir. Bu münaqişələrdəki düyünlər beynəlxalq siyasətin klassik problemlərindəndir. Şübhəsiz ki, bu məsələlər tarix boyunca dövlətlər və millətlər arasında cərəyan etmiş münaqişələrin qaynağıdır. Fərqli sivilizasiyalara mənsub qonşu dövlətlər arasında baş verən münaqişələr eyni zamanda sivilizasiyalar arasındakı qlobal güc balansında yaranan dəyişikliklər səbəbi ilə də ortaya çıxa bilər. Ermənistan-Azərbaycan münaqişəsi də sivilizasiyalararası toqquşmanın, daha doğrusu Qərb-Türk sivilizasiyaları arasındakı toqquşmanın potensial qaynaqlarından biridir.

Samuel Hantinqton digər bir yerdə də göstərir ki, İslam İslam olaraq, Qərb də Qərb (xristian)  olaraq qaldığı müddət içərisində iki böyük sivilizasiya arasındakı qarşıdurma ötən 14 əsrdə olduğu kimi, gələcəkdə də davam edəcəkdir.

Müəllifin dediklərindən yola çıxsaq, belə bir məqamla qarşılaşarıq: hər iki böyük sivilizasiya arasında ziddiyyət davam edərsə, fərqli sivilizasiyaların daşıyıcıları olan Ermənistan ilə Azərbaycan arasında da münaqişə davam edəcəkdir. Əgər Ermənistan və Azərbaycan kimi, yer üzündə mövcud olan digər dövlətlər, daha doğrusu fərqli sivilizasiyaların və dinlərin mənsubları olan xalqlar arasında münaqişələr davam edərsə, belə bir vəziyyətdə hansı nizamlayıcı dialoqdan söhbət gedə bilər?

Samuel Hantinqtonun sivilizasiyaların təsnifatına dair mülahizələrindən aydın olur ki, o, ümumiyyətlə, əsas faktor kimi din amilinə üstünlük verir. Doğrudur, dinləri sivilizasiyaların məhsulu kimi qəbul etmək olar və sivilizasiyalararası münasibətlərdə başlıca rol oynadığı danılmaz həqiqətdir. Lakin sivilizasiyaların əsasında dayanan faktorlar arasında milli amilin yeri xüsusilə birinci olaraq qeyd edilməlidir. Qərb və Türk sivilizasiyaları arasındakı münasibətlərdə məhz milli və dini amillər əsas rol oynayır. Bu prizmadan məsələyə yanaşılsa, aydın görünər ki, Qərb dövlətlərinin istər qlobal səviyyədə diqqət çəkən erməni məsələsində, istərsə də Ermənistan-Azərbaycan münaqişəsində tutduğu ikili mövqe Qərb ilə Türk sivilizasiyaları arasındakı toqquşmadan qaynaqlanır. Ermənilər də öz növbəsində Qərbin türk düşmənçiliyindən yararlanmağa çalışaraq öz iddialarını dini, siyasi müstəviyə oturdurlar. Onlar “yer üzünün ilk xristian milləti” kimi gülünc iddialarla dünya ictimaiyyətinin beynini qarışdıraraq, Azərbaycanın tarixi ərazilərindəki dini abidələri erməni abidələri şəklində tanıtdırmaqda və tarixi həqiqətləri saxtalaşdırmaqdadırlar. Bu cür iddialar ermənilərin Azərbaycan torpaqları üzərindəki ekspansionist əməllərinə vasitə xarakteri daşıyır. Şübhəsiz ki, ortada dini təəssübkeşlik də olduğuna görə, Azərbaycan üzərindəki beynəlxalq təzyiqlər də artmaqdadır.

Qənaətimizcə, Ermənistanın Qərb dünyasında dəstəklənməsi və xristian təəssübkeşliyi məsələsi ümumi antitürk və antiislam mövqeyi çərçivəsində dəyərləndirilə bilər ki, bunun səbəblərini də Qərb sivilizasiyası ilə Türk sivilizasiyası arasındakı toqquşmada axtarmaq lazımdır.

Ermənistan-Azərbaycan münaqişəsində Qərb dövlətlərinin ikili standartlar mövqeyindən çıxış etmələrinin səbəbini də məhz bu amillərdə axtarmaq lazımdır. Düzdür, keçmişdən miras qalan milli düşmənçilik hissləri Azərbaycandan daha çox Türkiyəyə şamil olunur. Lakin ortada qlobal erməni məsələsi olunca, bu amil dolayı olaraq öz növbəsində Azərbaycana da təsir edir. Bir tərəfdən Azərbaycan Türk və İslam dünyasının bir parçasıdır, digər tərəfdən də müharibə Qərbin maraqlarına cavab verən Ermənistanla aparılır. Məhz bu baxımdan Ermənistan-Azərbaycan münaqişəsində əsas diqqət və dəstək Ermənistana verilir. Azərbaycanın cəlb olunduğu münaqişə lokal Ermənistan-Azərbaycan münaqişəsi çərçivəsində deyil, qlobal erməni məsələsi çərçivəsində diqqəti cəlb edir. Əslində bu, keçmişdən miras qalan Qərb-Türk sivilizasiyaları arasındakı qarşıdurmanın əsas tərkib hissəsidir. Burada Ermənistan Qərb dövlətlərinin maraqlarının icraçısı, Azərbaycan isə əsas məqsəd, yəni onların maraqlarının gerçəkləşməsi yolunda kiçik bir maneədir. Əgər münaqişədə Azərbaycan lehinə qərarlar qəbul edilərsə və ya Ermənistana təzyiqlər göstərilərsə, o zaman “erməni kartı” qismən də olsa zəifləyə bilər. Yəni din amili sırf xristian ermənilərə göstərilən rəğbətdən deyil, türklərə qarşı, Türk sivilizasiyasına qarşı milli və dini əsası olan zehniyyətdən qaynaqlanır.

Emin Şıxəliyev,

AMEA Naxçıvan Bölməsi 
tarix üzrə fəlsəfə doktoru, dosent