08 iyun 2017 14:28
783

İşğalçı qüvvələr torpaqlarımızdan qeyd-şərtsiz çıxarılmalıdır

Dövlətimizin başçısı İlham Əliyev Respublika Günü münasibətilə rəsmi qəbulda beynəlxalq təşkilatların və dövlətlərin bəyanatları fonunda bir daha bəyan etmişdir ki, əgər Ermənistana sanksiyalar tətbiq olunmursa, bu, ikili standartların növbəti təzahürüdür

“Xarici siyasətimizin əsas istiqaməti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Bu istiqamətdə bizim prinsipial  mövqeyimizdə heç bir dəyişiklik yoxdur. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Bu gün də belədir, sabah da belə olacaqdır. Münaqişə beynəlxalq hüququn   norma və prinsiplərinə uyğun ölkələrin ərazi bütövlüyü çərçivəsində, Helsinki Yekun Aktının qərarlarına uyğun şəkildə öz həllini tapmalıdır." 28 May-Respublika Günü münasibətilə rəsmi qəbulda dövlətimizin başçısı İlham Əliyev bir daha diqqəti Dağlıq Qarabağ probleminə yönəldərək bəyan etmişdir ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilməlidir, işğalçı qüvvələr torpaqlarımızdan qeyd-şərtsiz çıxarılmalıdır.

İşğalçı ölkənin beynəlxalq təşkilatların qərar və qətnamələrinə məhəl qoymaması və bunun qarşılığında ona qarşı hansısa  təzyiqin göstərilməməsi daha böyük iddialarla yaşamasına stimul verir. Amma sonda bu iddialarının, apardıqları təbliğatın nə qədər əsassız olduğunu görür, yalanın həqiqət üzərində qələbəsinin  mümkünsüzlüyünün şahidinə çevrilirlər. Çünki tarix heç zaman saxtakarlığı sevmir, real həqiqətlərə, faktlara əsaslanır. Dövlətimizin başçısı İlham Əliyev  ötən dövrlərdə işğalçı Ermənistanın atdığı əsassız addımların həqiqətlərə bir daha baxış üçün şərait yaratdığını diqqətə çatdırdı.  Dağlıq Qarabağda  keçirilən, dünya tərəfindən pislənilən qondarma "referendum"a münasibət  ərazi bütövlüyümüzə və Dağlıq Qarabağ probleminin məhz bu prinsip əsasında həll edilməsinə dəstəyin göstəricisi idi. Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu bir daha bəyan edildi. Göründüyü kimi, artıq dünya işğalçı ölkənin sərsəm bəyanatlarından, yersiz, əsassız gedişlərindən yorulub, həqiqəti həqiqət kimi görmək istəyir.

İşğalçı Ermənistanın müstəqilliyinin formal xarakter daşıması, bu və ya digər dövlətin əlində vasitəyə çevrilməsi onun münaqişənin həlli ilə bağlı mövqeyində  özünü qabarıq şəkildə büruzə verir. Hadisələrin bu günə qədərki dövrünə qısa nəzər salaq.  Aydın məsələdir ki, ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri müxtəlif adlar altında işğalçı Ermənistana  dəstək göstərdikləri üçün bu ölkə münaqişənin həllində yalnız bu qurumun vasitəçiliyini qəbul edir.  Məlum olduğu kimi,  rəsmi Ankara dəfələrlə münaqişənin həllində vasitəçilik etməyə hazır olduğunu bəyan etsə də, Ermənistan tərəfi  buna sərt reaksiya verəcək, bu addımın mümkünsüzlüyünü, Türkiyənin münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirə bilməyəcəyini bəyan edib. Bunu belə əsaslandırır ki, Türkiyə Azərbaycanı dəstəkləməklə birtərəfli mövqedə dayanır. Ədaləti, haqqı müdafiə etmək  birtərəflilikdirsə, beynəlxalq hüquq normalarını kobud şəkildə pozulmasına göz yumulması necə dəyərləndirilməlidir? Xatırlasaq,  ölkə Prezidenti İlham Əliyevin Fransaya rəsmi səfərindən öncə   Fransanın sabiq  prezidenti  Fransua Olland  Ermənistan prezidenti Serj Sarkisyanı Dağlıq Qarabağ münaqişəsini müzakirə etmək üçün Parisə dəvət etmişdi. Nəzərə alaq ki, Fransa həm də  ermənilərin   daha çox yaşadığı ölkələrdəndir. Səfərdən öncə Fransa prezidentinin Fransa  erməni təşkilatlarının Əlaqələndirmə Şurasının üzvləri ilə görüşü  bir çox məqamların   təqdimatında yardımçı  oldu.

Minsk qrupunun həmsədr dövlətləri bəyanatlarında Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, münaqişənin bu prinsip əsasında çözülməsinin vacibliyini bildirir, lakin konkret  addım məqamı yetişdikdə susmağa üstünlük verirlər. Cənab İlham Əliyev çıxışlarında  bu məqamı hər zaman xüsusi vurğulayır: “Minsk qrupunun həmsədr ölkələri  artıq bir neçə dəfə bəyan etmişlər ki, status-kvo qəbuledilməzdir və dəyişdirilməlidir. Bu, əslində  işğala son qoyulması deməkdir. Hesab edirəm,  Ermənistana, onun işğalçı siyasətinə Minsk qrupu tərəfindən təzyiq daha da  güclənməlidir ki, onlar beynəlxalq normalara  riayət etsinlər və işğala son qoysunlar."

Azərbaycan dövləti öz xarici siyasətində beynəlxalq hüququn norma və prinsiplərini əsas tutaraq, heç bir dövlətin daxili işinə müdaxilə etmir. Cənab İlham Əliyev qeyd olunan tədbirdə də bu məsələni diqqətə çatdırmışdır: "Azərbaycan heç bir ölkənin işinə heç vaxt qarışmayıb və heç vaxt qoymayıb və qoymayacaq ki, kimsə gəlib bizim işimizə qarışsın, bizə dərs desin və bizə yuxarıdan aşağı baxsın. Azərbaycan ləyaqətli dövlətdir. Öz qürurumuzu qorumuşuq və qoruyacağıq." Söhbət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirlərdən gedirsə,  burada birtərəflilik  beynəlxalq normalara ziddir. Bu reallığa söykənərək, dəfələrlə ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin təşəbbüsü ilə Ermənistan və Azərbaycan prezidentlərinin üçtərəfli görüşləri keçirilib. İkili yanaşmalar fonunda Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin uzanması rəsmi Bakının narahatlığına səbəb olmaya bilməz. Hər zaman bəyan edildiyi kimi, artıq bəyanatlardan konkret əməli işə keçməyin zamanı olduğu halda işğalçı dövlətin başına çəkilən sığallar onu  sərsəm bəyanatlarla çıxış etməyə daha da ruhlandırır. Dövlətimizin başçısı bildirir: “Düzdür, hələ ki, bu bəyanatlardan sonra heç bir addım atılmır. Gözləyirik ki, bu addım da atılacaq və  işğalçıya təzyiq göstəriləcək. Onlara qarşı sanksiya tətbiq olunacaq və mütləq olmalıdır. Əgər Ermənistana bu işğalçı siyasətinə görə sanksiya tətbiq  edilməsə, bu ikili standartların növbəti əlaməti olacaqdır. Buna baxmayaraq, belə bəyanatların özü də  hesab edirəm ki,  müsbət addımdır."

Reallıq budur ki,   işğalçılıq siyasəti ucbatından bütün enerji layihələrindən kənarda qalan Ermənistan xarici ianələrdən asılı vəziyyətdədir. Dövlətimizin başçısı bildirir: “Ermənistanın bütün cəhdlərinə baxmayaraq, onların qeyri- konstruktiv və qeyri-səmimi siyasəti artıq qınaq  obyektinə çevrilib. Onlar nə qədər tez danışıqlar masasına  qayıtsalar, onlar üçün bir o qədər yaxşı olacaq. Çünki Azərbaycan gündən-günə güclənir, möhkəmlənir, həm siyasi, həm hərbi, həm iqtisadi potensialımız artır və gec-tez biz bu məsələni istədiyimiz kimi ədalətli həll edəcəyik."

Ölkəmizin həm ikitərəfli, həm də çoxtərəfli formatda apardığı   uğurlu siyasətin nəticəsidir ki, əməkdaşlıqda maraqlı olan dövlətlərin sayı artır,    yeni tərəfdaşlar qazanır. Azərbaycanın öz xarici siyasətində önəm verdiyi bu prinsip hər zaman önə çəkilir: "Əgər kimsə hesab edir ki, Azərbaycana ultimatum dili ilə, yaxud da diktat dili ilə nə isə deyə bilər, səhv edir. Bizim tariximiz, son illər ərzində apardığımız müstəqil, cəsarətli siyasət bunu bir daha göstərir və bütün ölkələr ancaq ikitərəfli formatda bərabərhüquqlu münasibətlər qurmalıdırlar. Bu, beynəlxalq davranışın qaydalarıdır. Heç bir ölkənin istisna ixtiyarları, haqları yoxdur, ola bilməz. Bütün ölkələr bərabərdir və bütün ölkələri birləşdirən təşkilat BMT-dir."

Azərbaycanın diplomatik uğurları, eyni zamanda güclü, qüdrətli Ordusu münaqişənin tezliklə öz ədalətli həllini tapacağına əminliyi artırır: “Bu gün Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə hazırdır, buna qadirdir. Keçən ilin aprel döyüşləri  bunu göstərdi. Aprel döyüşləri xalqımızın, Ordumuzun gücünü göstərdi. Bir daha göstərdi ki,  Azərbaycan Ermənistanın silahlı təxribatlarına  heç  vaxt dözməyəcək və göstərdi ki,  Azərbaycan  indiki vəziyyətlə heç vaxt barışmayacaq."  Ölkə Prezidenti bu həqiqəti də diqqətə çatdırır ki,  Cocuq Mərcanlının bərpası göstərir ki,  Azərbaycan xalqı heç vaxt bu işğalla barışmayacaq, öz ərazilərini bərpa edəndən sonra  bütün kəndləri, şəhərləri yenidən quracaq. Bax budur torpaq sevgisi, Vətən sevgisi.

Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz doğma yurd-yuvalarından didərgin düşmüş soydaşlarımıza diqqət və qayğı da dövlət siyasətinin əsasında dayanır. Onlar üçün yeni binalar tikilir, qəsəbələr salınır. Dövlətimizin başçısı İlham Əliyevin  məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı son fərman və sərəncamları, eyni zamanda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın sədrliyi ilə keçirilən müşavirə də bunun bariz nümunəsidir.  Ölkə Prezidenti İlham Əliyevin, həmçinin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın çıxışlarında hər zaman bu fikir səsləndirilir ki, atılan addımlar müvəqqəti xarakter daşıyır, tezliklə münaqişə öz ədalətli həllini tapacaq, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaqlar.

Azərbaycana beynəlxalq dəstək göz qabağındadır. 28 May-Respublika Günü münasibətilə ölkə Prezidenti İlham Əliyevə ünvanlanan təbrik məktubları və onlarda əksini tapan fikirlər ölkəmizə olan diqqətin, eyni zamanda ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətə dəstəyin göstəricisidir. ABŞ Prezidenti Donald Tramp təbrik məktubunda bildirir ki,  Azərbaycan ABŞ-ın dəyərli tərəfdaşıdır. Biz birgə səylərimizlə terrorizmə qarşı mübarizə apararaq qlobal təhlükəsizliyi möhkəmləndirmək üçün çalışırıq. Biz Azərbaycan xalqının yanındayıq və təhlükəsizlik, iqtisadi əməkdaşlıq və demokratik prinsiplər sahəsində dialoq vasitəsilə münasibətlərimizin möhkəmləndirilməsinə sadiqik.

ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ-ın mövqeyi təbii ki, ölkəmiz üçün çox önəmlidir. Dövlətimizin qətiyyətli mövqeyi, ordumuzun gücü, qüdrəti, eyni zamanda beynəlxalq dəstək yeganə problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin həllini yaxınlaşdırır.

Yeganə Əliyeva, “İki sahil"