07 iyun 2017 14:21
857

ABŞ Azərbaycanı Avropa üçün yeni enerji mənbəyi hesab edir

ABŞ Prezidenti Donald Trampın 28 May- Respublika Günü və XXIV Beynəlxalq “Xəzər Neft və Qaz -2017” sərgi və konfransı ilə əlaqədar Prezident İlham Əliyevə göndərdiyi təbrik məktubu təsdiqləyir ki, Birləşmiş Ştatlar Amerika -Azərbaycan əlaqələrinin yeni istiqamətlər üzrə inkişafında maraqlıdır. Məktubunda Prezident İlham Əliyevlə fəal tərəfdaş kimi işləməyi səbirsizliklə gözlədiyini bildirən Donald Tramp ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində səylərin gücləndirilməsi ilə bağlı istəklərini ifadə edir. Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi və islahatların həyata keçirilməsi istiqamətində görülən işləri, iki ölkə arasında faydalı biznes münasibətlərinin gücləndirilməsini dəstəkləyir.

Strateji tərəfdaş olan, qlobal məsələlərdə ortaq mövqedən çıxış edən maraqlı tərəflər kimi ABŞ- Azərbaycan münasibətlərinin qlobal təhlükəsizliyə töhfə verməsi Vaşinqtonun yeni administrasiyası tərəfindən də dəstəklənir. Donald Trampın “Xəzər Neft və Qaz -2017” sərgi və konfransına ünvanlanan təbrik məktubunu oxuyan ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini Robert Danniqanın çıxışı ABŞ-Azərbaycan əlaqələrinin yüksək səviyyədə olduğunu bir daha göstərdi. Donald Trampın təbrik məktubunda qeyd olunduğu kimi son illərdə Azərbaycanda uğurla davam etdirilən siyasi , iqtisadi dəyişiklikləri maraqla izləyən ABŞ “Cənub Qaz Dəhlizi”nin qurulmasına qədər göstərdiyi dəstəyi bundan sonra da davam etdirəcək: “Birləşmiş Ştatlar bu dəstəyini bundan sonra da davam etdirmək fikrindədir və istəyir ki, öz tərəfdaşlığını və əməkdaşlığını Azərbaycan Hökuməti və xalqı ilə daha da genişləndirsin.”

Çoxillik tarixə malik ABŞ-Azərbaycan əlaqələri 2001-ci ilin sentyabrında Amerikada baş verən dəhşətli terror aktından sonra yeni mərhələ üzrə davam etdirildi. O zamandan ABŞ-ın ölkəmizə qarşı siyasətində qarşılıqlı əməkdaşlıq müsbət istiqamətdə inkişaf edir.

Beynəlxalq terrorizmə qarşı koalisiyaya ilk qoşulan ölkə kimi Azərbaycanın səylərini yüksək qiymətləndirən ABŞ rəsmiləri bu sahədəki əlaqələrin qlobal təhlükəsizliyə layiqli töhfə olduğunu da vurğulayırlar. “ABŞ Azərbaycan xalqının yanındadır və təhlükəsizlik, iqtisadi əməkdaşlıq və demokratik prinsiplər sahəsində dialoq vasitəsilə münasibətlərin daha da möhkəmlənməsinə sadiqdir” sözlərinin yer aldığı məktubda ölkəmizin enerji təhlükəsizliyi istiqamətindəki liderlik mövqeyi də diqqətə çatdırılır, “Cənub Qaz Dəhlizi” və digər layihələrin, kəmərlərin tikintisində maraqlı olan tərəfdaşların birgə səyləri təqdir olunur. Başqa sözlə deyilsə “Əsrin müqaviləsi”nin imzalanmasından başlayaraq sonrakı dövrlərdə də respublikamızın təşəbbüsü ilə reallaşan və inşa olunan enerji layihələrini dəstəkləyən Birləşmiş Ştatlar Azərbaycanı Avropa üçün yeni enerji mənbəyi hesab edir. Vurğulandığı kimi, respublikamızın qlobal enerji təhlükəsizliyinin gücləndirilməsində, Xəzər regionunda enerji resurslarının işlənilməsi və ixracındakı rolu, regional əməkdaşlığın möhkəmlənməsinə, bölgədə sabitliyin təminatına yönələn şaxələndirilmə siyasətində göstərdiyi səylər bütünlükdə dünyada sülhün qorunmasına xidmət edir. 

İllərin təcrübəsindən də aydın olur ki, Azərbaycan-ABŞ strateji tərəfdaşlığı üç istiqamətdə uğurla inkişaf edir: Təhlükəsizlik, energetika və demokratiya. İki ölkə arasında təhlükəsizlik və enerji sahəsində əməkdaşlığa dair imzalanan Memoranduma əsasən, qlobal layihələrin reallaşmasında hər iki dövlətin mövqelərində oxşarlıq hiss olunur. ABŞ bu mühüm layihələri həyata keçirən Azərbaycan və digər iştirakçılarla tərəfdaş olmaqdan qürur duyduğunu dəfələrlə bildirmişdir. “Əsrin müqaviləsi”nin təşəbbüskarı olan ölkəmizin mövqeyini dəstəkləyən ABŞ “Cənub Qaz Dəhlizi” kimi, TANAP, TAP layihələri ətrafında aparılan danışıqlarda da Azərbaycan amilinin vacibliyini xüsusilə vurğulayır.

Bu bir həqiqətdir ki, ölkəmizin xarici siyasətində ABŞ- Azərbaycan əməkdaşlığının xüsusi yeri və əhəmiyyəti var. Ənənəvi olaraq təşkil olunan Xəzər neft- qaz sərgi və konfranslarının keçirildiyi günlərdə ABŞ dövlət başçılarının Prezident İlham Əliyevə təbrik məktubları göndərmələri, Respublika Günündə, Ramazan, Qurban bayramlarında və digər əlamətdar hadisələrlə bağlı Azərbaycan xalqına rəsmi qaydada xoş arzuların bildirilmələri münasibətlərin dinamik inkişafının göstəricisidir. Qərblə Şərqi birləşdirən, Azərbaycanın bilavasitə iştirakı və maliyyə dəstəyi ilə çəkilən beynəlxalq nəqliyyat infrastrukturu- tarixi İpək Yolunun bərpası kimi böyük önəm daşıyan Bakı-Tbilisi -Qars dəmiryolu ABŞ-ın maraq göstərdiyi layihədir. Prezident İlham Əliyevin Azərbaycandakı Amerika Ticarət Palatasının nümayəndə heyəti ilə görüşündə ölkəmizlə bağlı səslənən xoş sözlər, respublikamızda səfərdə olan, Azərbaycanın siyasi , iqtisadi, diplomatik sahədə qazandığı uğurları etiraf edən çoxsaylı amerikalı konqresmenlərin sözləri də iki ölkə arasında möhkəmlənən əməkdaşlığın etibarlı təmələ əsaslandığını göstərdi.

Azərbaycandakı Amerika Ticarət Palatasının nümayəndə heyəti ilə görüşdə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, ölkəmizdə təkmilləşən biznes sektorunun inkişafı, ixrac məsələləri ilə bağlı maraqlı təkliflər irəli sürüldü, siyasi, iqtisadi, enerji təhlükəsizliyi sahəsində əməkdaşlığın hər iki tərəfin maraqlarına uyğun möhkəmləndirilməsi məsələləri müzakirə olundu. “Ölkələrimiz arasında iqtisadi işbirliyi respublikamızın, regionumuzun inkişafına, ABŞ-ın Azərbaycandakı maraqlarına və ölkəni inkişaf etdirmək, Azərbaycanda davamlı inkişafı yaratmaq planlarımıza uyğun olan eyni ölçüyə malik olmalıdır” söyləyən Prezident İlham Əliyev münasibətlərin daha geniş formatda inkişafını qarşılıqlı əməkdaşlığın başlıca amili kimi diqqətə çatdırdı.

Antiterror koalisiyasının etibarlı üzvü kimi də Azərbaycanın mövqeyi ABŞ rəsmiləri tərəfindən bəyənilir. ABŞ-Azərbaycan əməkdaşlığını şərtləndirən amillərə diqqət yetirilir, əlaqələrin inkişaf istiqamətləri müəyyənləşdirilir. Regional, enerji, dəniz, sərhəd təhlükəsizliyi sahəsində görülən işlər, beynəlxalq terrorizmə qarşı mübarizədə əməkdaşlıq, təmsil olunduqları nüfuzlu təşkilatlarda birgə fəaliyyət prinsipləri ətrafında aparılan müzakirələr səmərəli olur.

ABŞ-Azərbaycan müttəfiqliyinin sözdə deyil, əməli işdə sübut olunduğunu bildirən Prezident İlham Əliyevin vurğuladığı kimi, böyük təkamül yolu keçmiş dostluq və əməkdaşlığımız hazırkı strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Əməkdaşlığın hər iki tərəfi maraqlandıran istiqamətdə davamına münasibətini “Bizim də məhz buna ehtiyacımız var. İyirmi beş il öncə bu, belə deyildi, çünki biz siyasi sistemimizi transformasiya etməli, dövlət qurmalı və eyni zamanda, iqtisadi sistemimizi də transformasiya etməli idik. Bu səbəbdən biz hələ də həmin prosesin başlanğıcındayıq” söyləyən Prezident İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsidir ki, ABŞ və digər qüdrətli dövlətlərin iştirak etdikləri bütün beynəlxalq tədbirlərdə Azərbaycan təmsil olunur. Mərasimlərdə dovlət başçıları arasında keçirilən görüşlər yeni münasibətlərin istiqamətləri kimi diqqəti cəlb edir. ABŞ-Azərbaycan əlaqələrinin genişlənməsinə təkan verən belə görüşlər isə davamlıdır. Prezident İlham Əliyevin mayın 21-də Səudiyyə Ərəbistanında 18 müsəlman ölkəsi liderlərinin təmsil olunduğu və ABŞ-ın Prezidenti Donald Trpampın da iştirak etdiyi İslam-Ərəb Sammitinə dəvət alması Azərbaycanın xarici siyasətinin uğurudur. Ər-Riyadda baş tutan, Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrlə yanaşı, Türkiyə və MDB daxil olan müsəlman ölkələri arasında təkcə Azərbaycanın sammitdə iştirakı respublikamızın ikitərəfli və çoxtərəfli əməkdaşlığının güclənməsində yeni səhifə açacaq. O səhifədə ABŞ-Azərbaycan münasibətləri tarixi əhəmiyyəti ilə fərqlənir.

Xuraman İsmayılqızı, “İki sahil”