06 iyun 2017 22:37
1811

Yüksək turizm potensialının təminatı Naxçıvanın iqtisadi prioritetlərinə hesablanıb

Müasir dövrdə dünya miqyasında edilən çağırışlar və Azərbaycan Respublikasının nail olduğu yüksək sosial-iqtisadi inkişaf səviyyəsi uzaq gələcək üçün yeni prioritetlərin seçilməsini zəruri etmişdir. Bunların içərisində xüsusi əhəmiyyəti ilə seçilən məsələ heç şübhəsiz ki, turizm sektoru, buradakı proseslərin təşkili və idarə olunmasından ibarətdir. Bu mənada ölkəmizdə və onun regionlarında, o cümlədən Naxçıvan Muxtar Respublikasında lazımi infrastruktur yaradılmış, iqtisadi və hüquqi tənzimləmə məsələləri diqqətdə saxlanılmışdır.

Qeyd etmək lazımdır ki, bu sırada tarixi ərazilərə turist axınının cəlb edilməsi istiqamətində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən çox mühüm əhəmiyyət daşıyan tədbirlər həyata keçirilmişdir. Təbii ki, bunlar turizm sektorunun hüquqi-iqtisadi tənzimlənməsi istiqamətində çox mühüm addımdır. Xüsusən, müxtəlif illərdə “Ordubad rayonundakı Gəmiqaya abidəsinin tədqiq edilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında”, “Nuh peyğəmbərin Naxçıvan şəhərindəki məzarüstü türbəsinin bərpa edilməsi haqqında”, “Culfa rayonundakı “Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi haqqında”, “Gülüstan türbəsinin bərpası və tədqiq olunması haqqında”, “Qarabağlar Türbə Kompleksinin bərpası və tədqiq olunması haqqında” sərəncamlar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən imzalanmışdır.

Bu hüquqi tənzimləmə vasitələri bir daha göstərir ki, muxtar respublika ərazisi güclü turizm potensialına malikdir və bu sahənin makroiqtisadi əhəmiyyətinin yüksəldilməsi üçün zəruri tədbirlər həyata keçirilməkdədir. Digər tərəfdən, bu proses muxtar respublikada turizmin tarixi, sosial və iqtisadi mahiyyətinin daha da yüksəldilməsinə geniş imkanlar açmaqdadır.

Təbii ki, turizm infrastrukturunun təkmilləşdirilməsi və yuxarıda göstərilən hüquqi tənzimləmə vasitələrinin yaratdığı əlverişli şərait muxtar respublikanın son iyirmi iki ildə qazandığı hərtərəfli uğur və nailiyyətlərin məcmusunu ifadə etməkdədir. Çünki iqtisadiyyatın sahə strukturunun təkmilləşdirilməsi, bir-biri ilə əlaqəli inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi öz növbəsində yeni sektorların təşəkkülü və sürətli inkişafı üçün zəmin yaratmışdır ki, burada da turizm öz aktuallığı ilə seçilməkdədir. Turizmin inkişafı sahəsində müvafiq tədbirlərin həyata keçirilmə zəruriliyi və bundan yaranan gerçəkliyi muxtar respublikanın dünyaya çıxış imkanlarını daha da artırmış və bu, ərazinin cəlbediciliyi baxımından da çox zəruri səbəb olmuşdur. Şübhəsiz ki, bütün bu amillər müxtəlif illərdə gələn turistlərin sayında da öz yüksələn xətt üzrə təsirini göstərmişdir. Aşağıdakı şəkil 1996-cı ildən bu yana muxtar respublikanın turizm potensialının gücləndirilməsi istiqamətində davamlı və dinamik artımın ən ciddi ifadəsi olmaqla, fikrimizi təsdiqləyir. Bunun da nəticəsində təkcə ötən 2016-cı ildə turizm sahəsi qeyri-neft sektorunun inkişaf istiqamətlərindən biri kimi qarşıya qoyulmuş məqsədlərin gerçəkləşməsinə birbaşa xidmət edə bilmiş və bu, özünü muxtar respublikaya gələn turistlərin sayında göstərmişdir. Bəhs edilən ildə 403 min 275 nəfər turist yüksək səviyyəli xidmətlərdən yararlanmışdır.

Şəkil Naxçıvan Muxtar Respublikasının turizm potensialının yüksələn xətt üzrə inkişaf mənzərəsini təqdim etməkdədir. İllər üzrə xronikaya diqqət edərkən görünür ki, turist axınının çoxaldığı il kimi 2010-cu ildə sıçrayış baş vermişdir. Çünki əgər 2006-cı ildə gələn turistlərin sayı 1995-ci ilə nisbətən 2,4 dəfə çox olmuşdursa, bu rəqəm 2010-cu illə 1995-ci ilin müvafiq göstəriciləri üçün 7,5 dəfə təşkil edir. Fikrimizi 2015-ci il üçün ifadə etsək görərik ki, həmin ildə 1995-ci illə müqayisədə 10 dəfə, 2016-cı ildə isə 1995-ci ildəki müvafiq göstərici ilə müqayisədə 11 dəfəyə yaxın çox turist gəlmişdir.

Bütün bunları qeyd edərkən ölkəmizdə kifayət qədər potensiala malik qış, yay, kənd (şəhər), tarixi, dini, müalicəvi və coğrafi ərazilər və s. sahələr üzrə turizm infrastrukturunun inkişafının stimullaşdırılması və sürətləndirilməsinin, bununla da ixtisaslaşdırılmış turizm sənayesinin inkişafını təmin etmək olar. O cümlədən Naxçıvan Muxtar Respublikasında da göstərilən məqsədlər üzrə turist axınının stimllaşdırılması, bu sahədəki təşəbbüslərin dəstəklənməsi, zəruri infrastruktur şəbəkəsinin yaradılması, müvafiq proseslərin təşkili və idarə olunması öz yüksək əhəmiyyəti ilə seçilməkdədir. Turizm potensialının formalaşmasında, onun sosial-siyasi və ideoloji mahiyyətinin yüksəldilməsində dini turizmin özünəməxsus təsiri vardır. Muxtar respublikamız dini ziyarətgahlarla da zəngindir. Ərazidə mövcud olan 140-a yaxın ziyarətgah turist axınının cəlb edilməsinə münbit şərait aça bilər. Fikrimizi əsaslandırmaq üçün qeyd edə bilərik ki, artıq 15 ilə yaxındır ki, “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi adı altında fəaliyyət göstərən ziyarətgahda ziyarətçilər üçün hər cür şərait yaradılmışdır.

Ümumiyyətlə, elmi-nəzəri baxımdan dini turizm anlayışına yalnız dini ocaqlara ibadət, sitayiş və digər aid təyinatlı ziyarətləri özündə əks etdirən turizm növü kimi yanaşılır. Çünki dini turizmin əsas təkanverici qüvvəsi zəvvarlardır və göstərilən obyektlərə də gəlmək istəyən ziyarətçilərin böyük əksəriyyəti məhz bu təbəqənin hesabına mümkün ola bilər. Ümumiyyətlə, coğrafi əhəmiyyətinin bəyan edilməsi, sosial və iqtisadi təsirinin yüksəkliyi baxımından Naxçıvan Muxtar Respublikasında mövcud olan və dini turizm üçün müstəsnalıq təşkil edəcək məkanlar kimi Naxçıvan şəhərində Nuh peyğəmbərin məzarüstü türbəsi, Yusif Hüseyn oğlunun türbəsi, Möminə Xatun türbəsi, İmamzadə məscid və məqbərə kompleksi, Cümə məscidi, Zəviyyə məscidi, Pir-qəmiş məscidi, Şərur rayonunun Xanlıqlar kəndində Parçı İmamzadəsi, Tənənəm kəndində Piri-Süleyman piri, Kəngərli rayonunun Qarabağlar kəndində Asnı piri, Ordubaddakı Cümə məscidi və Nüsnüs kəndində Nüsnüs piri, Culfa rayonu ərazisindəki Gülüstan kəndi yaxınlığında eyni adlı məqbərə, Camaldın kəndində Ərməmməd piri və Xanəgah kəndində eyniadlı abidə kompleksi və s. kimi həm qədimliyi və aktuallığı, həm tarixi, iqtisadi və sosial əhəmiyyəti, həm də dini turizm baxımından cəlbediciliyi ilə seçilməkdədir.

Qeyd edək ki, dini turizm sahəsində səmərəli ola biləcək məkanların, obyekt və ziyarətgahların güclü potensial yaradılmasındakı əhəmiyyətinin yüksəldilməsində müasir dünya təcrübəsindən yararlanmaq olduqca zəruridir. Bu sırada adları ən çox çəkilən ölkələrə Səudiyyə Ərəbistanı, İtaliya, Türkiyə, İran, İsrail, Fransa və sairə aid təcrübədən yararlanmaq mümkündür. Səudiyyə Ərəbistanının bu sahədəki həyata keçirdiyi tənzimləmə tədbirlərində diqqət edərkən aydın olur ki, bu ölkənin əsas hədəfi neftdən asılılığı azaltmaqdan ibarətdir. Xüsusən, bu ölkədə dövlətin qəbul etdiyi “Sosial və iqtisadi yönümlü innovasiya proqramı” dini turizmin potensial perspektivlərinin daha da yüksəldilməsi nəzərdə tutulmuşdur. Araşdırmalar göstərir ki, adı çəkilən proqramın icrası nəticəsində Həcc ziyarəti üçün bu ölkəyə gələcək zəvvarlar 2020-ci ildə 15 milyona, 2030-cu ildə isə 30 milyona çatacağı proqnozlaşdırılır. Qeyd edək ki, hazırda mənbələrdə bu ölkənin Həcc ziyarəti çərçivəsində əldə etdiyi gəlirlər 30 milyard dollardan artıq göstərilir.

Azərbaycan Respublikasında da son illərdə turizmin inkişafı istiqamətində həyata keçirilən tədbirlər bu sahədəki inkişaf xəttinin beynəlxalq təcrübəyə uyğun olduğunu göstərir. Xüsusən, dövlət başçısı tərəfindən inzalanan Sərəncamla birinci mərhələdə 2002-2005-ci illər üçün, ikinci mərhələdə isə 2010-2014-cü illər üçün nəzərdə tutulan Azərbaycan Respublikasında turizmin inkişafına dair Dövlət Proqramları təsdiq və icra olunmuşdur. Bunlara əlavə olaraq qeyd edə bilərik ki, inşasına 2009-cu ilin sentyabr ayında başlanılmış “Şahdağ” Qış-Yay Turizm Kompleksinin əhəmiyyətinin artırılmasında və bu istiqamətdəki fəaliyyətin səmərəliliyinin yüksəldilməsində ölkə başçısının 10 sentyabr 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır. Bu isə təbii ki, turizm sahəsindəki hərəkətlənmənin sosial-iqtisadi mahiyyətinin yüksəldilməsinə münbit zəmin yaratmaqdadır.

Xüsusilə qeyd edilməlidir ki, bu günlər ölkənin öncül qəzetlərinin Baş redaktorlarından və digər media nümayəndələrindən ibarət heyətin muxtar respublikaya səfəri, müxtəlif tarixi, coğrafi və iqtisadi əhəmiyyət daşıyan məkanlara edilən gəzintiləri burada çoxməqsədli turizmin inkişafı və tanıdılması işlərində çox təsirli olacaqdır.

Burada turizm sektorunun inkişafı istiqamətlərində həyata keçirilən tədbirlərin gedişi göstərir ki, Naxçıvan Muxtar Respublikası müvafiq sahə üzrə beynəlxalq təcrübədən ciddi şəkildə yararlanmaqda maraqlıdır və sosial-iqtisadi inkişafda ondan səmərəli şəkildə istifadə edilməkdədir. Məhz bu mənada, düşünürük ki, turizm potensialının daha da gücləndirilməsi üçün bir sıra amillər əsas götürülə bilər ki, onlar da:

1. ilin bütün fəsillərini əhatə edəcək turizm səfərlərinin stimullaşdırılması. Yəni mövsümiliyin aradan qaldırılması və turizm əhəmiyyətli yeni zonaların yaradılması;

2. turizmin müəyyən region hüdudlarında deyil, beynəlxalq təqdimatının aparılması (reklam), dünyəvi marağın və cəlbediciliyin gücləndirilməsi;

3. bütünlükdə dünya ölkələrinin maraq və diqqətinin ifadə edilə biləcəyi turizm potensialına malik olmaq və sairdən ibarət ola bilər.

Düşünürük ki, sadalanan amillərin səmərəlilyinin artırılması əsasən dini turizmin inkişafı sahəsində mümkün ola bilər. Belə ki, mühüm iqtisadi əhəmiyyətə malik olacaq bu istiqamətlər həm də yüksək çevikliyə xas cəhətləri ilə seçilir.

Cavadxan Qasımov

iqtisad üzrə fəlsəfə doktoru, dosent