Dövlət başçılarının, əlaqədar qurumların rəhbər şəxslərinin və Avropa İttifaqının müvafiq təşkilatlarının yüksək səviyyəli rəsmi nümayəndələrinin iştirakı ilə keçirilən enerji təhlükəsizliyi məsələlərinə həsr olunmuş tədbirlərdə Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən və hazırda inşa olunan layihələr barədə xoş sözlər deyilir.
ABŞ Prezidenti Donald Trampın 28 May - Respublika Günü və ölkəmizdə keçirilən XXIV Beynəlxalq "Xəzər Neft və Qaz-2017" sərgi və konfransı ilə əlaqədar azərbaycanlı həmkarı Prezident İlham Əliyevə göndərdiyi təbrik məktublarında ABŞ-Azərbaycan əlaqələrinin inkişaf etdirilməsi istiqamətində səylərin birləşdirilməsinin əhəmiyyətindən bəhs olunmaqla bildirilir ki, Ştatlar Azərbaycanın liderliyi ilə reallaşan qlobal enerji layihələrini, o cümlədən "Cənub Qaz Dəhlizi"ni dəstəkləməkdə davam edir, Odlar Yurdunu Avropa üçün enerji mənbəyi adlandırır.
Ənənəvi olaraq ABŞ, Azərbaycan, Böyük Britaniya, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya, Monteneqro, Xorvatiya, bütünlükdə "Cənub Qaz Dəhlizi" layihəsində təmsil olunan ölkələrin enerji nazirlərinin iştirak etdikləri Məşvərət Şurasının iclaslarında da etiraf olunur ki, enerji layihələri ilə bağlı təşəbbüslər, Prezident İlham Əliyevin daim sadiq qaldığı şaxələndirmə prinsipinin uğurları, Azərbaycanın tranzit ölkəyə çevrilməsi neft strategiyasının bəhrəsidir.
2007-ci ildən başlayaraq həyata keçirilən şaxələndirmə siyasətini stimullaşdırmaq məqsədilə Avropa Komissiyası ilə Azərbaycan arasında strateji əməkdaşlıq və enerji sahəsində Anlaşma Memorandumu, 2012-ci ildə TANAP - Trans-Anadolu boru kəmərinin çəkilməsinə dair Türkiyə ilə Azərbaycan arasında Saziş imzalandı. Sonra sərmayədarlar "Şahdəniz-2" layihəsinə investisiya qoyuluşuna aid yekun qərara dair razılığa gəldilər. 2014-cü ildə "Cənub Qaz Dəhlizi" ilə bağlı Bakıda təməlqoyma mərasimi keçirildi. 2015-ci ildə Türkiyənin Qars vilayətində TANAP-ın təməlqoyma mərasimi baş tutdu. 2016-cı il TAP layihəsinin təməlqoyma mərasimi kimi tarixə yazıldı. 2018-ci ildə isə dostluq və qardaşlıq xətti olan TANAP-ın başa çatdırılması nəzərdə tutulur. Dəfələrlə bildirilir ki, "Cənub Qaz Dəhlizi"nə maraq Avropanın öz enerji ehtiyatlarını necə şaxələndirdiyinin bariz nümunəsidir. Avropanın enerji xəritəsini dəyişəcək "Cənub Qaz Dəhlizi"" uzun illər ərzində hasilatçılara, tranzit ölkələrə və istehlakçılara fayda verəcək enerji təhlükəsizliyi layihəsidir. Azərbaycanın enerji diplomatiyasının növbəti təntənəsi olan TANAP, TAP layihələrinin "Cənub Qaz Dəhlizi"nin həyata keçirilməsi istiqamətində mühüm mərhələ olduğu vurğulanaraq bildirilir ki, enerji resurslarının şaxələndirilməsi hazırda beynəlxalq təşkilatların əsas arenasında müzakirə olunan məsələdir və tərəflər eyni səviyyədə fayda götürəcəklər.
Bakıda keçirilən, 30 ölkəni təmsil edən 300 nümayəndənin iştirak etdiyi XXIV Beynəlxalq “Xəzər Neft və Qaz-2017" sərgi və konfransında da Azərbaycanın enerji bazarında artan rolundan danışıldı. Azərbaycan, ABŞ, Belarus, Belçika, İspaniya, İtaliya, Qazaxıstan, Çin, Niderland Krallığı, Polşa, Yaponiya və digər ölkələrin təmsil olunduqları tədbirdə vurğulandığı kimi, belə görüşlər neft-qaz sahəsinin aktual mövzularının müzakirəsi üçün ənənəvi platformadır.
Konfransda çıxış edən Prezident İlham Əliyev diqqətə çatdırdı ki, sərgiyə marağın artması Azərbaycanın dünyada neft-qaz hasil edən, xarici bazarlara ixrac edən etibarlı tərəfdaş kimi tanınmasının təsdiqidir.
“Bu əməkdaşlıq qarşılıqlı maraqlar əsasında qurulub, həm dövlət, həm sərmayədarlar öz mənfəətini götürür və beləliklə, Azərbaycanda xarici investorlarla çox gözəl əməkdaşlıq formatı yaradılmışdır. Bu format bu gün digər sahələrdə də özünü büruzə verir" söyləyən Prezident İlham Əliyev bildirdi ki, bu uğurlar ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda neft sənayesinin inkişafına göstərilən diqqətin, onun hazırladığı neft strategiyasının daha geniş miqyasda tətbiqinin nəticəsidir.
Ulu öndər Heydər Əliyevin neft strategiyasının nə dərəcədə əhəmiyyətli olması “Əsrin kontraktı"nın imzalanması ilə təsdiqləndi. 1994-cü ildə imzalanan müqavilə təkcə Azərbaycan dövlətinin inkişafına deyil, tərəfdaş ölkələrin də iqtisadiyyatının dirçəlməsinə təkan verdi. "Bu gün enerji təhlükəsizliyi məsələləri ölkələrin milli təhlükəsizliyi məsələləridir. Hər şey enerjidən asılıdır. Təbii qaz, - əlbəttə, əgər biz bərpa olunan enerjiləri nəzərə almasaq, - ən ucuz və ekoloji cəhətdən ən təmiz enerji mənbəyidir. İnkişaf etmiş ölkələrin iqtisadi yüksəlişi də enerji mənbələri ilə bilavasitə əlaqəlidir. Xoşbəxtlikdən Azərbaycanın həm neft, həm qaz ehtiyatları kifayət qədər böyükdür" söyləyən Prezident İlham Əliyevin bildirdiyi kimi Azərbaycan öz enerji təhlükəsizliyini tam təmin edərək dost, tərəfdaş ölkələrin enerji təhlükəsizliyi məsələlərinin həllində də öz rolunu oynayır. Bu illər ərzində çoxşaxəli neft-qaz nəqliyyatı şəbəkəsini yaradan Azərbaycanın təşəbbüsü ilə reallaşan, tarixi layihələr olan Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri artıq on ildir ki, istismardadır.
Bu layihələrə qoyulan sərmayələr nəticəsində Azərbaycan öz enerji resurslarını ixrac edə bilir. Azərbaycan bu tərəfdaşlığı möhkəmləndirir. Azərbaycanın neft-qaz layihələri, eyni zamanda, regionda təhlükəsizliyin, sabitliyin, inkişafın təminatçısıdır. Çünki bu layihələrdə on minlərlə insan işləyir. Bu layihələri icra edən ölkələrdə inkişaf dinamikası artır, ölkələr arasındakı münasibətlər sağlam rəqabətə əsaslanır.
"Şahdəniz" layihəsinin ikinci fazasının işlənilməsi də uğurla davam etdirilir. "Cənub Qaz Dəhlizi"nin icrası ilə məşğuluq və bu, dünya miqyasında nadir bir layihədir, Avropa məkanında infrastruktur layihələri arasında birincidir. Bu layihəyə 40 milyard dollar sərmayə qoyuluşu nəzərdə tutulur. Onun böyük hissəsi artıq qoyulubdur. Cənub Qaz Dəhlizinin dörd seqmentində işlər uğurla gedir" söyləyən cənab İlham Əliyev onu da diqqətə çatdırdı ki, Cənubi Qafqaz kəmərinin icrası 85 faiz, TANAP layihəsinin icrası isə 72 faiz səviyyəsindədir. Belə ki, gələn il TANAP layihəsinin istifadəyə verilməsi planlaşdırılır. Avropanın enerji təhlükəsizliyinin təminatına xidmət edəcək TAP-ın icra səviyyəsi isə 42 faizdir. Bu rəqəmlər göstərir ki, bütün işlər plan üzrə gedir və "Cənub Qaz Dəhlizi"nin icrası planlaşdırıldığı təqvimə uyğun inşa olunur.
Dövlətimizin başçısı "Enerji təhlükəsizliyi məsələləri qeyd etdiyim kimi, ölkələrin milli təhlükəsizlik məsələləridir və Azərbaycan bu sahədə həm bölgədə, həm Avropada önəmli rol oynayır. Enerji şaxələndirilməsi istiqamətində atılan addımlarımız öz bəhrəsini verir. Çünki bu da çox önəmlidir. Azərbaycanın icra etdiyi layihələr, onların üstünlüyü ondan ibarətdir ki, bizdə həm marşrutlar, həm mənbələr çoxşaxəlidir. Çünki bu gün bizim üçün əsas bazar Avropa bazarıdır və Avropa üçün də yeni mənbələr böyük əhəmiyyət daşıyır" söyləməklə onu da vurğulayır ki, marşrutlar da önəmlidir. Çünki enerji təhlükəsizliyi və enerji şaxələndirilməsi deyəndə, ilk növbədə, yeni mənbələr nəzərdə tutulur. Avropa ölkələri üçün yeganə mənbə isə Azərbaycandır. Çünki qalan bütün mənbələr artıq uzun illərdir ki, Avropanı təbii qazla qidalandırır. Yeganə yeni, yaxında yerləşən mənbə Azərbaycandır.
Ən önəmlisi isə odur ki, "Cənub Qaz Dəhlizi"ni tərəfdaşlarla birlikdə icra etmək üçün Azərbaycan dövlətinin güclü siyasi iradəsi, maliyyə resursları var. Azərbaycan dövləti bu dörd layihənin icrasına sərmayə qoymasaydı təbii ki, adı çəkilən marşrutlar elə layihə kimi kağız üzərində qalacaqdı. 10 ildən artıq müzakirə mövzusu olan layihələrə vəsait qoyan tərəflərin olmaması müzakirələrin nəticəsiz başa çatması ilə sonuclanmışdı. "Bu müzakirələrin ona görə heç bir nəticəsi olmamışdır ki, vəsait qoymaq üçün heç kim ilk addım atmırdı. Hamı gözləyirdi ki, kimsə bu addımı atacaq. Biz görəndə ki, artıq ildən-ilə bu müzakirə heç bir nəticəyə gətirib çıxarmır, o vaxt - 2012-ci ildə biz Türkiyə tərəfi ilə TANAP layihəsinə imza atdıq. Ondan sonra "Şahdəniz-2" layihəsinə start verildi. Ondan sonra TAP layihəsi seçildi və biz artıq işə başlamışıq. Ona görə, Azərbaycan burada həm siyasi iradə göstərir, eyni zamanda, iqtisadi töhfə, maliyyə töhfəsi verir ki, "Cənub Qaz Dəhlizi" layihəsi icra edilsin. Bu layihə bizim üçün tarixi əhəmiyyət daşıyır. Çünki Cənub Qaz Dəhlizi bizim uzunmüddətli inkişafımızı gücləndirəcək, bizə əlavə böyük mənfəət gətirəcək." Cənab İlham Əliyevin bu sözləri iqtisadi imkanları, qüdrəti artan Azərbaycan haqqında reallıqları əks etdirir.
"Cənub Qaz Dəhlizi" layihəsi marşrutların davamı üçün "bələdçi" oldu. Hazırda növbədə "Böyük Abşeron"" layihəsinin işə başlamasıdır. "Abşeron"" "Ümid-Babək"" və "Dayaz sulu"" layihələri paralel olaraq icra edilir. Neft-qaz potensialını gücləndirən Azərbaycan tranzit ölkə kimi önəmli tərəfdaşa çevrilir, dünya bazarlarında mövqeləri möhkəmlənir. Bununla da ölkə iqtisadiyyatının güclənməsi imkanları artır, neftdən əldə olunan gəlirlər sosial islahatların tətbiqinə, qeyri-neft sektorunun inkişafına yönəldilir. Qeyd olunduğu kimi, zəngin neft-qaz yataqlarının istismarı ilə qarşıdakı onillər ərzində ölkəmizin inkişafı daha etibarlı təmin olunacaq, iqtisadiyyatımız çoxşaxəli şəkildə inkişaf edəcək.
Xuraman İsmayılqızı, “İki sahil"
Ədalətin və sülhün qələbəsi: vahid birlik və milli-mənəvi irs günümüzün əsas çağırışıdır
20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü: Zəfərdən dirçəlişə uzanan yol