Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp 28 May - Respublika Günü və XXIV Beynəlxalq "Xəzər Neft və Qaz-2017" sərgi və konfransı ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubları ünvanlayıb. Məktubların məzmunu və ABŞ rəhbərinin burada ifadə etdiyi bir sıra fikirlər onu hansısa dövlət başçısının təbrik məktubundan daha çox strateji tərəfdaşlığa çağırış edən mühüm faktor kimi qiymətləndirməyə imkan verir. Bu baxımdan Trampın məktubunun siyasi ekspertlər və media mənsubları tərəfindən maraqla qarşılanması və şərh edilməsi təbiidir.
Siyasi müşahidəçilər ABŞ Prezidentinin Azərbaycan liderinə ünvanladığı məktubları bir neçə aspekdən yüksək qiymətləndirirlər. Bu, bir tərəfdən ABŞ-Azərbaycan münasibətlərində yeni və daha səmərəli əməkdaşlığın təməli kimi dəyərləndirilir, digər tərəfdən iki ölkə arasındakı tərəfdaşlığın əsas konturlarını bir daha nümayiş etdirir. Məlumdur ki, ölkəmizin ABŞ-la əməkdaşlığı iki qlobal məsələdə xeyli strateji xarakter daşıyır. Bunlardan biri təhlükəsizlik və beynəlxalq terrorizmə qarşı mübarizə, digəri isə enerji təhlükəsizliyi sahəsidir.
Qeyd etdiyimiz kimi, bu məktublar D. Tramp prezident seçildikdən sonra ABŞ-Azərbaycan münasibətlərində yeni dönəmin başlandığını söyləməyə əsas verir. Bunu Trampın seçkilərdən əvvəl və sonra yeni siyasi kursla bağlı verdiyi bəyanatlarla da əsaslandırmaq mümkündür. ABŞ-ın yeni liderinin bəyanatlarında iki əsas məqam diqqəti xüsusilə cəlb edir: Birincisi, D. Tramp bəyan etmişdir ki, ABŞ əvvəlki dövrlərdə olduğu kimi, öz xarici siyasətini digər ölkələrin daxili işlərinə müdaxilə, onları idarə etməyə çalışmaq prinsipi üzərində qurmayacaq. ABŞ Prezidenti digər ölkələrlə bərabərhüquqlu, qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini inkişaf etdirməyi qarşısına məqsəd qoyur; ikincisi isə bu siyasət ABŞ-ın keçmiş Prezidenti Barak Obamanın dövründə ABŞ-Azərbaycan əlaqələrində müşahidə olunan müəyyən neqativ halların və soyuqluğun aradan qaldırılmasını, iki ölkə arasında faydalı və bərəbərhüquqlu əməkdaşlığın, strateji tərəfdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsini nəzərdə tutur. Donald Trampın sözügedən məktublar bu tendensiyanın aparıcı olduğunun bariz nümayişidir.
Burada yuxarıda qeyd edilən fikirlərin davamı olaraq vurğulamaq lazımdır ki, Prezident D.Trampın Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı müraciətlərdə əks olunmuş fikirlər ölkələrimiz arasında ikitərəfli münasibətlərin yeni dönəminin başlandığına dəlalət edir. ABŞ liderinin ifadələri Azərbaycanın region üçün nə qədər əhəmiyyətli və strateji dövlət olduğunu bir daha nümayiş etdirir. Belə ki, D.Tramp həm "Azərbaycan və ABŞ, həm də dünya üçün daha yaxşı gələcək naminə Prezident İlham Əliyevlə fəal tərəfdaş kimi işləməyi səbirsizliklə gözlədiyini" xüsusi vurğulamışdır.
Prezident Tramp Azərbaycanı Amerika Birləşmiş Ştatlarının dəyərli tərəfdaşı hesab etdiyini bildirmiş və son 25 ildə formalaşan ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsində səylərin artırılmasını arzu edir. O cümlədən İlham Əliyevin Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsi və islahatların həyata keçirilməsi istiqamətində gördüyü işləri təqdir etdiyini, habelə iki ölkə arasında yeni faydalı ticarət əlaqələrinin qurulmasında maraqlı olduğunu bildirir.
Yuxarıda qeyd olunduğu kimi, ABŞ-Azərbaycan əlaqələrində təhlükəsizlik və enerji sahəsində əməkdaşlıq prioritet təşkil edir. D. Tramp sözügedən müraciətlərində bu iki xətti ayrıca vurğulayaraq bildirir ki, Azərbaycan və Amerika xalqlarının rifahına xidmət edən digər əməkdaşlıq sahələrinin də araşdırılmasını səmimiyyətlə arzulayır.
Məlumdur ki, Azərbaycan beynəlxalq terrorizm və regional təhlükəsizlik istiqamətində ABŞ-la hərbi sahədə əməkdaşlıq edir. Azərbaycanın silahlı birləşmələri dünyanın müxtəlif münaqişə ocaqlarında sülhün və təhlükəsizliyin təmin edilməsində iştirak edir. Amerika lideri bu nüansı ayrıca qeyd edərək bildirir ki, Azərbaycanla birgə terrorizmə qarşı mübarizə apararaq qlobal təhlükəsizliyin möhkəmləndirilməsinə səylər göstərilir. Tramp vurğulayıb ki, ABŞ Azərbaycan xalqının yanındadır və təhlükəsizlik, iqtisadi əməkdaşlıq və demokratik prinsiplər sahəsində dialoq vasitəsilə münasibətlərin daha da möhkəmləndirilməsinə sadiqdir.
ABŞ Prezidentinin fikirlərində xüsui yer alan məsələlərdən biri də enerji siyasətidir. Bu ölkə mütamadi olaraq Azərbaycanın enerji siyasətinə öz rəğbətini ifadə etmiş, eləcə də "Cənub Qaz Dəhlizi" layihəsinə hər zaman yüksək dəstək nümayiş etdirmişdir. Tramp bir daha vurğulamağı zəruri bilmişdir ki, ABŞ Azərbaycanın liderliyi ilə həyata keçirilən qlobal enerji layihələrini, o cümlədən "Cənub Qaz Dəhlizi"ni qəti surətdə dəstəkləməkdə davam edir, Azərbaycanın və beynəlxalq tərəfdaşların onun tamamlanmasına yönəlmiş səylərini alqışlayır. ABŞ Azərbaycanı Avropa üçün yeni enerji mənbəyi hesab edir.
Bütün bunlardan bir daha əminlik yaranır ki, ABŞ qlobal enerji təhlükəsizliyinin gücləndirilməsində, o cümlədən Xəzər regionunda enerji resurslarının işlənilməsi və ixracında Azərbaycanın oynadığı rolu yüksək dəyərləndirir və bu işdə ölkəmizlə əməkdaşlığı gücləndirmək əzmindədir.
Taleh Turqut, “İki sahil"
Ədalətin və sülhün qələbəsi: vahid birlik və milli-mənəvi irs günümüzün əsas çağırışıdır
20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü: Zəfərdən dirçəlişə uzanan yol