11 iyun 2018 14:24
1404

Dünya miqyasında ən sabit ölkələrdən biri

Dövlətimizin başçısı keçilən yolun təhlili fonunda bir daha bu reallığı diqqətə çatdırır ki, insan amilinə dəyərdən, davamlı inkişafın təminatından irəli gələn sabitliyin və təhlükəsizliyin qorunması uğurlarımızı şərtləndirən əsas amillərdəndir

“Əminəm ki, bu gün ölkə qarşısında duran vəzifələr uğurla icra ediləcək. Çünki bizim güclü iqtisadi potensialımız, çox müsbət beynəlxalq nüfuzumuz var. Çox dinamik cəmiyyətimiz, fəal gənclərimiz, çox bilikli vətəndaşlarımız və güclü siyasi iradəmiz var. Əsas vəzifə ondan ibarətdir ki, ölkəmizin uzunmüddətli dayanıqlı inkişafı təmin edilsin.”

Dövlətimizin başçısı İlham Əliyev ADA Universitetində keçirilən məzun günündə bir daha uğurlarımızı şərtləndirən amillərdən bəhs edərək, həyata keçirilən siyasətin önündə insan amilinin dayandığını əsaslı şəkildə diqqətə çatdırmışdır. Cənab İlham Əliyevin 2003-cü ildə irəli sürdüyü “Neft kapitalını insan kapitalına çevirək tezisi də bunun təsdiqidir. Neft gəlirlərindən əldə olunan vəsaitin təyinatı üzrə, ədalət prinsipi əsasında xərclənməsi əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımların atılmasına yol açır. Neft siyasətinin məntiqi davamı kimi dəyərləndirilən qeyri-neft sektorunun inkişafına yönələn addımlar da ölkə Prezidentinin qarşıya qoyduğu “Enerji sektorundan asılılığı minimuma endirməliyik” məqsədinin gerçəkləşməsinə xidmət edir. Cənab İlham Əliyev çıxışlarında bu məqamı xüsusi qeyd edir: “İnsan amili, insan kapitalı. Mən hələ bunu 2003-cü ildə demişəm, biz neft kapitalını insan kapitalına çevirməliyik. Bunu deyəndə təkcə elmə, texnologiyalara, təhsilə qoyulan vəsaitdən söhbət getmir. Söhbət ondan gedir ki, Azərbaycan vətəndaşına hər yerdə hörmət olmalıdır... Hər bir dövlət məmuru öz xalqına xidmət etməlidir. Hər bir icra başçısını mən vəzifəyə təyin edərkən, onu qəbul edərkən ona bir neçə əsas istiqaməti göstərirəm: inkişaf, quruculuq, səmərəli iş, təvazökarlıq və insanlara xidmət!”  Ölkə Prezidentinin regional inkişaf proqramlarının icrası ilə yaxından tanış olmaq məqsədilə bölgələrə səfəri, görülən işlərlə yaxından tanış olması, ictimaiyyəti narahat edən problemlərin həlli ilə bağlı aidiyyəti qurumlara tapşırıqlarını verməsi, eyni zamanda həmin rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə Sərəncam imzalayaraq Prezidentin Ehtiyat Fondundan lazımi məbləğin ayrılması da bölgələr arasında sağlam rəqabətə, quruculuq, abadlıq işlərinin geniş vüsət almasına stimul verir. Cənab İlham Əliyevin bu günlərdə Naftalan şəhərinə və Göranboy rayonuna səfəri zamanı açılışında və təməlqoyma mərasimində iştirak etdiyi sosial obyektlər də əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir. Göranboyda Dəliməmmədli-Quşçular-Fəxralı-Qurbanzadə-Alpout, Dəliməmmədli-Muzdurlar-Qırıqlı avtomobil yolunun yenidənqurma və bərpadan sonra açılışı, “Region Aqropark”ın, “Dəliməmmədli” yarımstansiyasının, Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının İpək Yolu ilə kəsişmə qurğusunun, Naftalan Şəhər Mərkəzi Xəstəxanasının açılışı ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Dövlətimizin başçısı açılış mərasimlərindəki çıxışlarında bir daha bu fikri bildirmişdir ki, dövlətin həyata keçirdiyi siyasətin əsasında vətəndaş amili dayanır.

Demokratik, hüquqi dövlət olaraq Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması, yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsi prioritet məsələdir və bu istiqamətdə davamlı addımlar atılır. Milli Konstitusiyamızda əksini tapan maddələrin üçdə iki hissəsi insan hüquqlarının qorunmasına xidmət edir. Konstitusiyanın qəbulundan ötən 22 ildən artıq dövrdə bu sənədə əlavə və dəyişikliklərin edilməsi məqsədilə 3 dəfə referendumun keçirilməsi də insan amilinə verilən dəyərdən qaynaqlanır. 2009-cu ildə Konstitusiyanın “Dövlətin ali məqsədi” maddəsinə belə bir əlavə edilmişdir ki, dövlətin ali məqsədi insan hüquq və azadlıqlarının qorunması, layiqli həyat səviyyəsinin təmin edilməsidir. Ölkə Prezidenti İlham Əliyevin “İqtisadi göstəricilər təkcə rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapmalıdır”, “Xalq görülən işlərdən razı olarsa, onda mən də razı qalaram”, “Azərbaycan xalqı təhlükəsizlik, sabitlik şəraitində yaşamalıdır” kimi tezisləri vətəndaş amilinə verilən önəmin təsdiqidir. “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”nın təsdiqlənməsi və uğurlu icrası, Amnistiya aktlarının, əfv fərmanlarının imzalanması insan amilinə diqqətdir. Fəaliyyət Planında da qeyd edildiyi kimi, müasir dövrdə hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilir.18 iyunun ölkəmizdə  İnsan Hüquqları Günü kimi təsis olunması deyilənlərin ümumiləşdirilmiş ifadəsidir.

Son referendumda səsverməyə çıxarılan əlavə və dəyişikliklərin bir qismi insan hüquq və azadlıqlarının qorunmasına, digər qismi isə idarəçilik sisteminin təkmilləşdirilməsinə xidmət etsə də, ümumi məqsəd ölkənin davamlı inkişafını təmin etmək, bu fonda əhalinin sosial rifah halını daha da yaxşılaşdırmaqdır. Yenə də ictimai maraqlar, insan amili öndədir. Bu gün Azərbaycanın özünü beynəlxalq aləmə sosial dövlət kimi təqdim etməsi də bu maraqların qorunmasından irəli gəlir. Ən əsası cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı gündən “Hər kəsin Prezidenti olacağam” vədini vermiş və son 15 ildə bunu əməli işində təsdiqləmişdir. Dünya Bankının hesabatlarında ən islahatçı ölkə kimi tanınan Azərbaycan adambaşına düşən Ümumi Milli Gəlir təsnifatına görə “yuxarı orta gəlirli ölkələr” kateqoriyasına daxil olmuş, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının İnsan İnkişafı ilə bağlı hesabatına əsasən isə “orta insan inkişafı ölkələri” qrupunu tərk edərək, “yüksələn insan inkişafı ölkələri” qrupunda yer almışdır.

Bu günümüzün əsas çağırışlarından biri neftdən asılılığın minimuma endirilməsidir. Son 15 ildə bazar iqtisadiyyatının əsas aparıcı qüvvəsi olan sahibkarlığın inkişafı istiqamətində atılan addımlar göz önündədir. Ölkəmizdə böyük sahibkarlar sinfi formalaşıb. Azərbaycan məhsulu olan “ASAN xidmət” də ictimai maraqların qorunmasına xidmət edən addımlar sırasındandır. Sistemli şəkildə həyata keçirilən islahatlar dövlət-vətəndaş münasibətlərinin düzgün formalaşmasına, narazılıqların aradan qaldırılmasına xidmət edir.

Konstitusiyamızda da bu reallıq öz əksini tapıb ki, hakimiyyətin yeganə mənbəyi xalqdır. Xalqın iradəsini özündə əks etdirən nəticələr demokratiyanın əsas göstəricilərindəndir. Dövlətimizin başçısı bildirir: “Siyasi mənsubiyyətindən, əqidəsindən asılı olmayaraq hər bir vətəndaşın hüquqları dövlət tərəfindən qorunur, bütün azadlıqları təmin edilir. Biz siyasi islahatları dərinləşdirərək bütün azadlıqları - söz azadlığını, mətbuat azadlığını, sərbəst toplaşma azadlığını, siyasi fəaliyyət azadlığını təmin etmişik. Təkcə onu demək kifayətdir ki, bu gün Azərbaycan vətəndaşlarının 80 faizi internet istifadəçiləridir və internet Azərbaycanda azaddır. Yəni, demokratik inkişafla bağlı bizim siyasətimiz çox düzgün siyasətdir və bizim milli maraqlarımızı təmin edir. Biz bunu kiminsə xoşuna gəlmək üçün yox, ona görə edirik ki, Azərbaycanda siyasi islahatlar daha da dərinləşsin, Azərbaycan xalqı həmişə öz taleyinin sahibi olsun, necə ki, bu gün Azərbaycan xalqı öz taleyinin sahibidir.”

Yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində əsas amillərdən biri xalqın iradəsidir. Bu da xalq-iqtidar birliyinin təcəssümü, dövlətin siyasətində insan amilinə verilən dəyərdir. Bəyan edilir ki, xalqın iradəsindən kənar heç bir qərar qəbul oluna bilməz. Hər bir Azərbaycan vətəndaşı işğal altında olan torpaqlarımızın sülh yolu ilə ədalətli həllində maraqlı olduğunu bildirməklə yanaşı, digər variantı da istisna etmirlər ki, torpaqlarımızı hərb yolu ilə azad etmək üçün Prezidentin hücum əmrini gözləyirlər. Bir qarış topağımızın belə düşmənə verilməyəcəyini bəyan edən dövlət başçısı İlham Əliyev ən yüksək tribunalardan “Xalqın səbri tükənməz deyil” bəyan etməklə yenə də xalqa güvəndiyini, arxalandığını təsdiqləyir.

Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, elə bir sahə yoxdur ki, orada ictimai maraqlar qorunmasın, ümumi rəyə əsaslanan mövqe ortaya qoyulmasın. Cəmiyyətin informasiya tələbatının ödənilməsi missiyasını yerinə yetirən mətbuatın inkişafına yönələn addımlar, həmçinin jurnalist əməyinə verilən dəyər də bu maraqların qorunmasının tərkib hissəsidir. Analoqu olmayan addım kimi dəyərləndirilən jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması məsələsinə diqqət yetirsək heç bir ayrı-seçkiliyə yol vermədən mənzillərin paylanması dövlətin ictimai maraqların qorunmasında nə qədər maraqlı olduğunu nümayiş etdirir. Dövlətimizin başçısı İlham Əliyevin əsas tövsiyəsi budur: “Hər bir vətəndaş birgəyaşayış qaydalarını əks etdirən qanunlara tabe olmalı, fəaliyyətini, əməllərini, iş prinsipini onun tələblərinə uyğun müəyyənləşdirməlidir.” Yəni cəmiyyəti idarə edən qanunlardırsa, hər bir vətəndaş qanun qarşısında eyni məsuliyyəti daşıyır. Heç kəs müstəsna hüquqlara malik deyil. Vətəndaş məsuliyyətini artırmaqla, Konstitusiya ilə bizə verilən hüquqlardan istifadə etməklə, ölkəmizin inkişafına öz töhfəmizi verməliyik.

Dövlətimizin başçısı İlham Əliyev günbəgün möhkəmlənən xalq-iqtidar birliyinə söykənərək, bildirir ki, Azərbaycan xalqı təhlükəsizlik, sabitlik şəraitində yaşamışdır. Son 15 ildə dünyanın müxtəlif bölgələrində, Avropada çox təhlükəli proseslər baş verirdi: qanlı toqquşmalar, müharibələr, vətəndaş müharibələri, dövlət çevrilişləri. Yəni, təhlükəsizlik baxımından son 15 il çox gərgin keçmişdir. Azərbaycan xalqı isə təhlükəsizlik, sabitlik şəraitində yaşamışdır. Ölkə Prezidenti bu əminliyi ifadə edir: “Biz daxili risklərin hamısını aradan qaldırdıq, xarici risklərdən isə özümüzü qoruya bilmişik, bu gün də qoruyuruq, əminəm ki, bundan sonra da qoruyacağıq.” Azərbaycanın bu günü və gələcəyi ilə bağlı böyük inam və qətiyyətlə danışmağa əsas verən amil qeyd etdiyimiz kimi,  sabitliyin, təhlükəsizliyin möhkəmləndirilməsi fonunda uğurlarımızın davamlılığına xidmət edən addımların miqyasının genişliyidir.  Ölkə Prezidenti bildirir: “Bu, nəyin nəticəsidir? Görülən işlərin, aparılan düzgün siyasətin, xalqımızın istedadının, xalqla iqtidar arasında birliyin nəticəsidir. Bu gün hansı sahəyə baxsan inkişaf var, tərəqqi var və gələcək dinamik inkişaf üçün aydın baxışlar var. Bu gün müstəqil Azərbaycan hər bir Azərbaycan vətəndaşı üçün qürur mənbəyidir. Biz Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının arzularını reallığa çevirdik. Biz elə bir dövlət qurduq ki, əminəm, hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı bu dövlətlə fəxr edir. Mən tam əminəm ki, əgər Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları bugünkü Azərbaycanı görə bilsəydilər, onlar da ölkəmizlə fəxr edərdilər.” Hər bir uğur gələcəyə daha böyük inamla baxmağa, yeni-yeni hədəflərə stimul verir. Azərbaycanın beynəlxalq aləmdə sabitlik adası kimi tanınması və nüfuz qazanması istər neft-qaz, istərsə də qeyri-neft sektoruna investisiya axınına öz müsbət təsirini göstərir ki, bu da öz növbəsində yüksək rifahı şərtləndirir.

Yeganə Əliyeva, “İki sahil”