16 sentyabr 2026 17:33
113

İslam dünyasının birliyi artıq yalnız siyasi çağırış deyil, real geosiyasi amilə çevrilə bilər

“Prezident İlham Əliyevin sentyabrın 15-də Bakıda keçirilən beynəlxalq konfransların iştirakçıları ilə görüşü zamanı səsləndirdiyi fikirlər arasında İslam dünyasının birliyi ilə bağlı mesaj xüsusi diqqət çəkir. Dövlət başçısı “bizi ayırmaq istəyən, əslində, İslam dininə zərbə vurmaq istəyən ünsürlər”dən danışıb. Bu fikir əslində bu gün müsəlman dünyasının qarşısında duran daha geniş siyasi və geosiyasi problemin mahiyyətinə toxunur. Prezident çıxışında müsəlman dünyasının vahid ailə kimi birləşməsinin vacibliyini vurğulayıb və gələn il Azərbaycanda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünədək bəzi müsəlman dövlətləri arasındakı anlaşılmazlıq və qarşıdurmaların aradan qalxacağına ümid etdiyini bildirib”.

“İki sahil” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

Onun sözlərinə görə, məsələyə daha geniş prizmadan yanaşdıqda görünür ki, İslam dünyasında parçalanmanın səbəblərini yalnız məzhəb fərqləri, tarixi ziddiyyətlər və ya ayrı-ayrı dövlətlərin münasibətləri ilə izah etmək kifayət deyil. Burada bir neçə amil eyni vaxtda fəaliyyət göstərir: regional liderlik uğrunda rəqabət, təhlükəsizlik maraqlarının toqquşması, xarici güclərin Yaxın Şərq və digər müsəlman regionlarındakı siyasəti, iqtisadi və enerji maraqları, həmçinin informasiya mühitində formalaşdırılan qarşıdurma xətləri. Son onilliklərin təcrübəsi göstərir ki, müsəlman dövlətləri arasında mövcud fikir ayrılıqları çox zaman həmin ölkələrin sərhədlərindən kənarda formalaşan daha böyük geosiyasi rəqabətlə üst-üstə düşür. Yaxın Şərq böyük dövlətlərin enerji, nəqliyyat, hərbi-strateji mövcudluq və regional təsir maraqlarının kəsişdiyi məkandır. Nəticədə region daxilində yaranan böhranlar bəzən lokal problem olmaqdan çıxaraq daha geniş güc mübarizəsinin bir hissəsinə çevrilir. Başqa mühüm məqam siyasi ziddiyyətlərin dini və məzhəb terminologiyası ilə təqdim edilməsidir. Əslində dövlətlər arasında baş verən qarşıdurmaların bir çoxunun kökündə dini deyil, konkret siyasi, iqtisadi və təhlükəsizlik maraqları dayanır. Lakin həmin mübahisələrin sünni-şiə qarşıdurması və ya digər dini fərqlər müstəvisinə keçirilməsi cəmiyyətlər arasında daha dərin və uzunmüddətli parçalanma yaradır. Belə olduqda siyasi problem təkcə hökumətlər arasında qalmır, xalqlar və dini icmalar səviyyəsinə keçir.
Deputat bildirib ki, Prezident İlham Əliyevin çıxışında İslam dünyasının diskreditasiyası, müsəlmanların terrorla eyniləşdirilməsi, müqəddəs dəyərlərə və Qurana qarşı təhqiramiz hərəkətlərə diqqət çəkməsi də bu kontekstdə qiymətləndirilməlidir. Dövlət başçısı belə hallara qarşı əsas cavabın birlik olduğunu bildirib. Burada informasiya amili ayrıca əhəmiyyət daşıyır. Müasir dünyada siyasi qarşıdurma yalnız diplomatik və hərbi müstəvidə aparılmır. İctimai rəy, sosial şəbəkələr, media və ideoloji diskurs dövlətlərin təhlükəsizlik siyasətinin bir hissəsinə çevrilib. İslam və terror anlayışlarının məqsədli və ya stereotip şəkildə əlaqələndirilməsi, ayrı-ayrı ekstremist qrupların fəaliyyətinin bütöv bir din və yüz milyonlarla insanla eyniləşdirilməsi müsəlman cəmiyyətlərində haqlı narazılıq doğurur. Digər tərəfdən, bu stereotiplərə emosional və radikal reaksiyalar da yeni qarşıdurmalar üçün zəmin yarada bilir. Ona görə İslam dünyasının üzləşdiyi çağırışlardan biri özünün vahid və müasir kommunikasiya strategiyasını formalaşdırmaqdır.
Millət vəkilinin fikrincə, Azərbaycanın bu prosesdə irəli sürə biləcəyi siyasi mexanizmlər isə xüsusi maraq doğurur: “Birinci istiqamət İslam Əməkdaşlıq Təşkilatının daha effektiv siyasi dialoq platformasına çevrilməsi ola bilər. Azərbaycan 35 illik İƏT üzvlüyü dövründə təşkilat daxilində fəal mövqe tutub və rəsmi Bakı müsəlman ölkələri ilə həm ikitərəfli, həm də çoxtərəfli münasibətlərin inkişafını xarici siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib. 2026-cı ilin iyununda Bakıda Parlament İttifaqının 20-ci sessiyasının keçirilməsi də bu xəttin davamı idi. 2027-ci ildə Azərbaycanda keçiriləcək İƏT Zirvə Görüşü bu mənada sadəcə növbəti protokol tədbiri olmaya bilər. Bakı müsəlman dövlətləri arasındakı fikir ayrılıqlarının müzakirəsi üçün daha funksional siyasi məsləhətləşmə və vasitəçilik mexanizmlərinin yaradılmasını təşviq edə bilər. Burada əsas məqsəd bütün dövlətlərin eyni xarici siyasəti həyata keçirməsi deyil. Bu, real deyil və buna ehtiyac da yoxdur. Əsas məsələ fikir ayrılıqlarının böhrana və açıq qarşıdurmaya çevrilməsinin qarşısını ala biləcək daimi dialoq kanallarının yaradılmasıdır”.
Sevinc Fətəliyeva hesab edir ki, ikinci istiqamət parlament diplomatiyasıdır: “İslam ölkələrinin münasibətləri yalnız hökumətlərarası səviyyədə qurulmamalıdır. Parlamentlər, ekspert icmaları, dini liderlər və vətəndaş cəmiyyəti arasında əlaqələr paralel şəkildə gücləndirildikdə siyasi böhranların təsirini azaltmaq daha asan olur. Bakıda keçirilmiş İƏT Parlament İttifaqının sessiyası zamanı da məhz parlament diplomatiyasının və müsəlman ölkələri arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb. Üçüncü istiqamət siyasi İslam həmrəyliyinin məzhəblərarası dialoqla tamamlanmasıdır. Azərbaycanın burada müəyyən praktiki üstünlüyü var. Ölkədə sünni və şiə icmaları arasında qarşıdurma ənənəsinin olmaması, müxtəlif dini konfessiyaların yanaşı fəaliyyət göstərməsi Bakıya bu mövzuda daha neytral platforma təqdim etmək imkanı verir. Prezident İlham Əliyevin sentyabrın 14-də Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalamla görüşündə də Azərbaycanın bu sahədəki roluna — İslam həmrəyliyinin dərinləşdirilməsi və dinlərarası münasibətlərin inkişafında — xüsusi diqqət yetirilib. Dördüncü mexanizm ondan ibarətdir ki, müsəlman ölkələri arasındakı əlaqələr yalnız siyasi bəyanatlarla məhdudlaşmamalı, iqtisadi və humanitar məzmunla zənginləşdirilməlidir. Dövlətlər arasında qarşılıqlı iqtisadi asılılıq nə qədər yüksəkdirsə, siyasi qarşıdurmanın qiyməti də bir o qədər artır. Birgə nəqliyyat dəhlizləri, enerji layihələri, investisiya fondları, təhsil proqramları, elm və texnologiya əməkdaşlığı İslam dünyasında həmrəyliyin daha dayanıqlı əsasını yarada bilər. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat xətlərinin kəsişməsində yerləşən ölkə kimi bu əməkdaşlığın iqtisadi komponentinə konkret töhfə vermək imkanına malikdir. Beşinci və getdikcə daha vacib istiqamət İslam dünyasının vahid informasiya və ictimai diplomatiya imkanlarını inkişaf etdirməkdir. İslamofobiyaya cavab yalnız etiraz bəyanatlarından ibarət olmamalıdır. Müsəlman dövlətlərinin universitetləri, media qurumları, analitik mərkəzləri və mədəniyyət institutları arasında sistemli əməkdaşlıq yaradılmalı, İslam sivilizasiyasının elmə, mədəniyyətə və ümumbəşəri irsə töhfəsi müasir kommunikasiya vasitələri ilə dünyaya çatdırılmalıdır”.
Deputatın sözlərinə görə, bu beş istiqamətin hamısını əhatə edən daha ümumi bir prinsip də var. Azərbaycanın fərqləndirici cəhətlərindən biri məhz budur ki, o, İslam həmrəyliyini digər dinlər və sivilizasiyalarla qarşıdurma konsepsiyası kimi təqdim etmir. Bakının dinlərarası dialoq təşəbbüsləri, o cümlədən Vatikanla münasibətləri göstərir ki, İslam dünyasının daxilində birlik və xarici dünya ilə dialoq bir-birini istisna edən anlayışlar deyil. Vatikan nümayəndələri də 2026-cı ildə Azərbaycana səfərləri zamanı ölkənin dinlərarası dialoqa töhfəsini vurğulayıblar.
“Bu yanaşma xüsusilə vacibdir. Çünki müsəlman dövlətlərinin birliyi başqa sivilizasiyalara qarşı blok yaratmaq kimi təqdim edilərsə, nəticədə yeni bölünmə xətləri yarana bilər. Əksinə, İslam həmrəyliyi müsəlman dövlətlərinin öz aralarındakı problemləri dialoq yolu ilə həll etməsi, xarici təsirlərə qarşı siyasi subyektliyini gücləndirməsi və beynəlxalq münasibətlərdə daha koordinasiyalı mövqe nümayiş etdirməsi kimi başa düşülməlidir. Prezident İlham Əliyevin “birlik” çağırışının siyasi mənası da məhz burada üzə çıxır. İslam dünyasının əsas problemi potensialın azlığı deyil. Müsəlman ölkələri böyük əhali, nəhəng enerji ehtiyatları, strateji nəqliyyat marşrutları, maliyyə imkanları və mühüm geosiyasi mövqelərə sahibdirlər. Problem bu potensialın parçalanmış vəziyyətdə olmasıdır”- deyən millət vəkili əlavə edib ki, Azərbaycanın təklif edə biləcəyi model müxtəlifliyi aradan qaldırmaq deyil, müxtəlif siyasi mövqelərin mövcud olduğu şəraitdə ortaq maraqlar ətrafında əməkdaşlığı mümkün etməkdir. Bu baxımdan 2027-ci ildə Bakıda keçiriləcək İƏT Zirvə Görüşü Azərbaycanın İslam həmrəyliyi haqqında uzun illər səsləndirdiyi ideyaları konkret siyasi təşəbbüslərə çevirmək üçün mühüm platforma ola bilər.
“Əgər müsəlman dövlətləri öz aralarındakı fikir ayrılıqlarının idarə olunması üçün davamlı mexanizmlər yarada, siyasi qarşıdurmaların dini müstəviyə daşınmasının qarşısını ala və xarici aktorlarla münasibətlərdə öz maraqlarını daha koordinasiyalı şəkildə müdafiə edə bilsələr, İslam dünyasının birliyi artıq yalnız siyasi çağırış deyil, real geosiyasi amilə çevrilə bilər”,- deyə Sevinc Fətəliyeva vurğulayıb.