02 mart 2017 14:23
499

Dünya susmaqla Ermənistanı “ərköyünləşdirir”

“Əminəm ki, bundan sonra da düşmənin bütün təxribatları cavabsız qalmayacaq. Düşmənə bundan sonra da layiqli cavab veriləcək. Azərbaycan Ordusu buna qadirdir. Azərbaycan övladları öz doğma torpağını müdafiə edirlər, Vətən uğrunda vuruşurlar, şəhid olurlar. Bütün şəhidlərimizin xatirəsi bizim ürəyimizdə yaşayır və əbədi yaşayacaq.” Ötən ilin aprelində Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının iclasında dövlətimizin başçısı İlham Əliyevin böyük inam və qətiyyətlə söylədiyi bu fikirlər təbii ki, iqtisadi imkanlarımızın fonunda ordu quruculuğu istiqamətində atılan davamlı addımlara, Azərbaycan Ordusunun gücünə və qüdrətinə əsaslanır.  Tarixə yazılan aprel döyüşləri, eyni zamanda bu günlərdə - fevralın 24-dən 25-nə keçən  gecə Xocavənd və Füzuli  istiqamətlərində düşmənin  törətməyə çalışdığı təxribatların qarşısının böyük qəhrəmanlıqla alınması    bunu bir daha sübut etdi.

Hər zaman qeyd olunduğu kimi, informasiya müharibəsi dövrüdür. Döyüşlər yalnız cəbhə xəttində deyil, informasiya məkanında getməlidir. Azərbaycanın diplomatik uğurları göz önündədir. Tarixi həqiqətlərə, real faktlara əsaslanan təbliğatımız dünyanı gerçəkliklərə həqiqət gözü ilə baxmağa sövq edir. Beynəlxalq təşkilatların qəbul etdikləri  qərar və qətnamələrdə Ermənistanın işğalçılıq siyasəti pislənilir, Azərbaycanın ədalətli mövqeyi dəstəklənir. Lakin problem bu qərar və qətnamələrin kağız üzərində qalması, icrası üçün vahid mexanizmin olmamasıdır. Bu isə öz növbəsində  Ermənistanın daha da ərköyünləşməsinə,  təxribatlar törətməsinə  yol açır.   

Rəsmi Bakı daim bəyan edir ki, Azərbaycanın ərazi bütövlüyü, Dağlıq Qarabağa müstəqillik  verilməsi məsələsi qətiyyən müzakirə mövzusu ola bilməz. Ermənistan tərəfi bunu nə qədər tez başa düşsə və maksimalist, qeyri-realist, qeyri-qanuni yanaşmalardan imtina etsə, bu onlar üçün də, sülh  prosesi üçün də  bir o qədər faydalı olar. Bu fakt beynəlxalq ictimaiyyətə də çox yaxşı bəllidir ki, Ermənistan rəhbərliyi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bu günə kimi irəli sürülmüş bütün təşəbbüslərin qarşısını almağa çalışmış, bu məqsədlə bütün mümkün vasitələrdən istifadə etmişdir. Belə ki,  işğalçı dövlətin rəhbərliyi bütün sülh təşəbbüslərini bloklayır, sülh istəmir və mövcud status-kvonun saxlanması üçün əlindən gələni edir. ATƏT-in Minsk qrupunun bu günə kimi münaqişənin beynəlxalq hüquq norma və prinsipləri çərçivəsində həllini ehtiva edən təklif və təşəbbüsləri də məhz Ermənistanın destruktiv mövqeyi nəticəsində reallaşmamışdır. Müxtəlif illərdə beynəlxalq vasitəçilərin təşəbbüsü ilə aparılmış yüksək səviyyəli danışıqlar zamanı əldə olunmuş praktiki nəticələr sonrakı dövrə məhz Ermənistanın təxribat əməlləri nəticəsində iflasa uğramışdır. Dövlətimizin başçısı İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında bu məsələyə də xüsusi diqqət yönəltmişdir:  “Mən dəfələrlə həm Azərbaycan ictimaiyyətinə, həm bu məsələ ilə bağlı olan vasitəçilərə, vasitəçilik edən ölkələrin başçılarına öz fikirlərimi bildirmişdim. Ermənistan sülh istəmir. Ermənistan işğal edilmiş torpaqlardan çəkilmək istəmir və bütün səyləri ona yönəldib ki, status-kvonu maksimum saxlaya bilsin.  Danışıqlar prosesi iyirmi ildən artıqdır ki, aparılır. Bu iyirmi il ərzində həlledici məqamlarda Ermənistan həmişə təxribatlara əl atırdı. Təmas xəttində Ermənistan tərəfindən daim gərginlik yaradılır. Eyni zamanda, keçən əsrin sonlarında Ermənistan parlamentində terror aktının törədilməsi də məhz bu məqsədi güdürdü ki, münaqişə ilə bağlı mümkün olan razılaşmanı əngəlləsinlər və beləliklə, status-kvonu saxlaya bilsinlər.”

Tarixi vərəqlədikdə bu reallıq bir daha öz təsdiqini tapır ki,  Ermənistan rəhbərliyi çıxılmaz vəziyyətə düşdükdə terror və cəbhədə vəziyyəti gərginləşdirmək kimi metodlardan geniş istifadə edir. Bu günlərdə cəbhə bölgəsində  yaşananlar da  bunun bariz nümunəsidir. Lakin ermənilər yenə də ənənələrinə sadiqlik  nümayiş etdirərək, dezinformasiyaları ilə dünyanın diqqətini yayındırmağa, həqiqətlərə yalanın gözü ilə baxmağa səy göstərirlər. Bu kimi təxribatlar işğalçı dövlətin əsl simasının nümayişində mühüm rol oynayır. Bir məqamı da unutmayaq ki, son təxribat XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımının 25-ci ildönümü ərəfəsinə təsadüf etdi. Bu kimi “fürsətdən bəhrələnmələr” Ermənistanın işğalçılıq siyasəti ilə yanaşı,  dünyanın sərf etməməkdən yaranan  laqeyd yanaşmalarının doğurduğu   problemlərə də işıq salır. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin bu günə qədər icrasız qalması, hələ də “işğalçını adı ilə çağıraq, çağırmayaq” dilemması ətrafında  “baş sındırılması” Ermənistanın daha böyük iddialarla yaşamasına səbəb olur.  Ermənistan prezidenti açıq-aşkar Xocalı soyqırımının iştirakçısı olduğunu etiraf edir, amma dünya özünü  bunu duymamış kimi apararaq, hələ də  diqqət və qayğısını əsirgəmir. ATƏT-in Minsk qrupunun həmsədri olan Fransanın prezidentinin Ermənistan prezidentinə “8 mart hədiyyəsi” barədə düşünərək onu ölkəsinə dəvət etməsi, bu səfərdən öncə  erməni diasporu nümayəndələri ilə görüşlər keçirməsi və s. kimi diqqətdən kənarda qalmayan addımlar Ermənistanın cəbhə xəttində təxribatlarına dünya tərəfindən etirazın hansı səviyyədə olacağını  müəyyənləşdirməyə əsas yaradır.

Ermənistan tərəfinin  dezinformasiyalarının  ölkəmizin   bəzi   mətbu orqanlarına  yol açması da  diqqətdən kənarda qalmır.  Mətbuatın ictimai fikrə təsir imkanlarının səviyyəsini, eyni zamanda informasiya təhlükəsizliyinin təminatının bu günümüzün əsas məsələlərindən olduğunu unutmamalıyıq.  Ən əsası dövlətçilik maraqlarından çıxış edərək informasiya mübarizəsində həqiqətlərimizin təbliğinə, ölkə və dünya ictimaiyyətinə çatdırılmasına öz töhfəmizi verməliyik.  Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, mövcud imkanlar bu kimi məqsədlərə yüksək səviyyədə nail olmağa əsas verir: “ XXI əsr informasiya mübarizəsi əsridir. İnternetin mövcudluğu əlbəttə ki, bu mübarizəni daha da kəskinləşdirir. Biz buna hazır olmalıyıq, biz öz reallıqlarımızı dünya birliyinə çatdırmalıyıq. Burada əlbəttə ki, əsas vəzifəni ilk növbədə dövlət öz üzərinə götürür. Ancaq media nümayəndələri də çalışmalıdırlar ki, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqeyimizi dünya birliyinə çatdırsınlar. Müxtəlif dillərdə internet resursları yaradılmalıdır. Dağlıq Qarabağla bağlı tarixi həqiqətlər dünya birliyinə çatdırılmalıdır. Belə olan halda biz informasiya mübarizəsində daha da böyük uğurlara nail ola biləcəyik. Hər halda, son illər ərzində Azərbaycan informasiya blokadasından çıxa bilmişdir. Bir çox hallarda erməni lobbisinə çox böyük zərbələr endirə bilmişdir. Ancaq bu mübarizə davam edir və davam edəcəkdir. Ona görə də biz buna hazır olmalıyıq.”

“Müasir cəmiyyətdə, internet dövründə  hər hansı bir yalan  məlumatın ömrü  uzun ola bilməz” söyləyən cənab  İlham Əliyev hər zaman bəyan edir ki, bizə qarşı əks-təbliğat aparan erməni diasporunun olduğunu unutmamalıyıq. Bu təbliğata qarşı öz gücümüzü nümayiş etdirməliyik. Təbii ki, bu gücün, birliyin əsasında faktlara əsaslanan təbliğatımız dayanır.  Medianın rolu etibarlı məlumat verərək azad düşüncəni ifadə etməklə ictimai maraqlara xidmət göstərməkdən və xüsusən də münaqişə zamanı cəmiyyətin maraqlarının keşiyində dayanmaqdan ibarətdir.

Diplomatik qələbəmiz, eyni zamanda Azərbaycan Ordusunun gücü, qüdrəti Dağlıq Qarabağ probleminin tezliklə öz ədalətli həllini tapacağına əminlik yaradır. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında  bu məqamı hər zaman bəyan edir: “ Mən bir daha demək istəyirəm ki, Azərbaycanın prinsipial mövqeyi var. Bizim ərazi bütövlüyümüz danışıqlar mövzusu deyil, olmayıb və heç vaxt olmayacaqdır. Bu münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır... Bütün münaqişələr öz həllini bir prinsip əsasında tapmalıdır. Xalqların öz müqəddəratını təyinetmə prinsipi ölkələrin ərazi bütövlüyünü pozmamalıdır və Helsinki Yekun Aktı məhz bunu diktə edir. Ona görə bir daha demək istəyirəm ki, biz münaqişənin həlli ilə bağlı öz prinsipial mövqeyimizdən dönməyəcəyik. Bununla bərabər, biz danışıqlara sadiqik, bundan sonra da çalışacağıq ki, bu münaqişə sülh yolu ilə öz həllini tapsın. Bununla bərabər, biz Ordumuzun gücünü daha da artıracağıq. Ona görə artıracağıq ki, bax, bu təxribatlar, erməni təxribatları cavabsız qalmasın.”

Ermənistan silahlı qüvvələrinin  cəbhə xəttində törətdikləri  təxribatlar Ermənistanın və erməni diasporunun bu günə qədər apardıqları təbliğatın nə qədər yalan və əsassız olduğunu nümayiş etdirir. Özlərini dünyaya sülh siyasətinə sadiq kimi təqdim etmələrin arxasında gizlənən əsl məqamlar məhz bu təxribatlar yolu ilə açıqlanır.  Əbəs yerə deyilmir ki, hadisələrə ən böyük dəyəri zaman özü verir.

Yeganə Əliyeva, “İki sahil”