Ötən ilin aprelində qoşunların təmas xəttində baş verən hadisələrlə əlaqədar Təhlükəsizlik Şurasının iclasında vəziyyət barədə açıqlama verən Prezident, Ali Baş Komandan İlham Əliyev bildirdi ki, bundan sonra da düşmənin təxribatları cavabsız qalmayacaq: “Ermənistanın bu hərəkətlərinin də səbəbi mənim üçün sirr deyil. Mən dəfələrlə həm Azərbaycan ictimaiyyətinə, həm bu məsələ ilə bağlı olan vasitəçilərə, vasitəçilik edən ölkələrin başçılarına öz fikirlərimi bildirmişdim. Ermənistan sülh istəmir. Ermənistan işğal edilmiş torpaqlardan çəkilmək istəmir və bütün səyləri ona yönəldib ki, status-kvonu maksimum saxlaya bilsin...Bu iyirmi il ərzində həlledici məqamlarda Ermənistan həmişə təxribatlara əl atırdı. Təmas xəttində Ermənistan tərəfindən daim gərginlik yaradılır. Eyni zamanda, keçən əsrin sonlarında Ermənistan parlamentində terror aktının törədilməsi də məhz bu məqsədi güdürdü ki, münaqişə ilə bağlı mümkün olan razılaşmanı əngəlləsinlər və beləliklə, status-kvonu saxlaya bilsinlər.”
2014-cü ilin iyul-avqust aylarına təsadüf edən, Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatları ilə yadda qalan erməni təxribatlarının Fransa Prezidenti Ollandın təşəbbüsü ilə Parisdə Ermənistan və Azərbaycan prezidentlərinin görüşündən sonra baş verməsi, göstərdi ki, qoşunların təmas xəttində təhlükəsizlik, etimad tədbirlərinin gücləndirilməsi barədə danışıqlar aktuallaşanda Ermənistanın sabiq prezidenti Robert Koçaryandan miras qalan “qarın ağrısı” ənənəsi davam edir. Məhz həmin görüşdən iki həftə keçməmiş Ermənistan işğal edilmiş Azərbaycan torpaqlarında 47 min şəxsi heyətin iştirakı ilə hərbi təlimlər keçirdi.
Ötən ilin aprel ayında qoşunların təmas xəttində təxribatlar törətməyə cəhd edən Ermənistanın silahlı qüvvələri aldıqları zərbələrdən nəticə çıxarmayaraq növbəti dəfə məkrli niyyətlərini gerçəkləşdirməyə çalışdılar. Lakin düşmənin təxribatının qarşısını alaraq işğalçıya ağır zərbə vuran Azərbaycan Ordusunun əsgər və zabitlərinin şücaəti nəticəsində xeyli ərazilərimiz işğaldan azad olundu, bəzi strateji əhəmiyyətli yüksəkliklərdə Azərbaycan Ordusunun mövqeləri möhkəmləndi, bayrağımız Lələtəpədə dalğalandı. Bir neçə gün davam edən döyüşlərdə 100-dən artıq erməni məhv edildi, çoxlu sayda zirehli texnika, artilleriya qurğuları sıradan çıxarıldı. Ali Baş Komandan İlham Əliyev hadisələrə obyektiv qiymət verərək bildirdi ki, münaqişənin sülh yolu ilə həllində maraqlı olan Azərbaycan düşmənin həmlələrinin qarşısını almağa qadirdir: “Bizim heç bir günahımız yoxdur. Biz sadəcə olaraq bu təxribata cavab vermişik. Düz də etmişik. Bizə qarşı yenə təxribat törədilərsə onlar yenə də öz cəzalarını alacaqlar. Bu, bir. İkincisi, biz öz torpağımızda vuruşuruq. Biz Ermənistan torpağını işğal etməmişik. Biz öz torpağımızda vuruşuruq. Əgər erməni əsgəri ölmək istəmirsə, Azərbaycan torpağından rədd olsun.”
Bu günlərdə qoşunların təmas xəttində törədilən təxribatlar analoji erməni xəyanətlərin təkrarıdır. Yaranmış vəziyyət göstərdi ki, onu dəstəkləyən dairələrin maraqlarına uyğun hərəkət edən Ermənistan aldığı qulaqburmasından nəticə çıxarmır. Təmas xəttində bir neçə istiqamətdə təxribatlar törədən ermənilər növbəti dəfə Azərbaycan Ordusunun qüdrətini hiss etdilər. Yenə də xeyli itki verərək məğlubiyyətə uğradılar. Atəşkəsi mütəmadi pozan Ermənistanın hadisələrə uyğun aqressiyalaşması, təxribatlar törətməsi səbəbsiz deyil. Azərbaycanın daxili və xarici siyasətinin dünya birliyi tərəfindən dəstəklənməsi Ermənistan və onun havadarları tərəfindən qısqanclıqla qarşılanır. Sual oluna bilər: bu dəfə işğalçını belə addım atmağa vadar edən səbəblər hansılardır?
Separatçı rejim olan “Dağlıq Qarabağ Respublikası”nın adının dəyişdirilməsi bəhanəsi ilə keçirilən qeyri-qanuni “referendumun” nəticələrinin nüfuzlu beynəlxalq təşkilatlar, qüdrətli dövlətlər tərəfindən tanınmaması ölkəmizin dünya birliyində mövqeyinin möhkəmlənməsi və siyasət müstəvisində söz sahibi olması forpost Ermənistanın siyasi tənəzzülü idi.
Prezident İlham Əliyevin Belçikaya səfəri zamanı Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk və digər rəsmi şəxslərlə görüşündə sivilizasiyalararası dialoqlar üçün sabit məkan kimi maraq doğuran Azərbaycanla əməkdaşlıq, ölkəmizin qitə dövlətlərinin enerji təhlükəsizliyindəki rolu yüksək dəyərləndirildi. Münxen Təhlükəsizlik Konfransında iştirak edərək hər bir ölkənin milli təhlükəsizliyi ilə eyni dərəcədə mühüm amil olan enerji təhlükəsizlinin əhəmiyyətini, Azərbaycanın şaxələndirilmiş enerji layihələrinin istehlakçı ölkələrin iqtisadi inkişafına verdiyi səmərəni diqqətə çatdıran, qarşılıqlı etimad və əməkdaşlığın məntiqi nəticəsi adlandıran Prezident İlham Əliyevin çıxışı maraqla qarşılandı. Konfrans çərçivəsində təşkil olunan panellərdə verilən sualları obyektiv, beynəlxalq hüquqa əsaslanan açıqlamaları ilə cavablandıran, Ermənistanın təcavüzkar siyasətini regional sabitlik və qlobal layihələr üçün təhlükə hesab edən, işğalçı dövləti dəstəkləyənlərin hüquqazidd mövqelərini, ikili standartları qətiyyətlə pisləyərək belə yanaşmanı münaqişələrin həllinə mane olan neqativ hal adlandıran cənab İlham Əliyev bir daha siyasi iradə və qətiyyət göstərdi.
Bu günlərdə Bakıda keçirilən, ABŞ-ın da dəstəklədiyi “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısında layihədə iştirak edən dövlətlərin təmsilçiləri bildirdilər ki, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən enerji layihələrinə alternativ ola bilməz. Təbii ki, Azərbaycanın dünya birliyində artan nüfuzu səmərəsiz, alternativ layihələri ilə dünya enerji bazarında mövqe tutmağa çalışanların istəkləri ilə üst-üstə düşmür. Belə ki, mənfur niyyətlərini birbaşa deyil, dolayı yolla, üçüncü tərəfdən yararlanmaqla həyata keçirməyə çalışanların məqsədi çaşqınlıq yaratmaq, bölgədə nüfuz sahibi olmaq uğrunda mübarizədə şans qazanmaqdır. Belə mürəkkəb, siyasi hadisələrin bolluğu şəraitində Ermənistan kimi oyuncaq dövlətdən istifadə gündəmə gətirilir. Aydındır ki, qoşunların təmas xəttində bir neçə gün davam edən hərbi əməliyyatlar belə siyasi qısqanclığın nəticəsidir.
Ermənilərin 25 il bundan əvvəl həyata keçirdikləri Xocalı soyqırımının ildönümü günündə baş verən təxribat işğalçının mənfur niyyətindən xəbər verir. 1992-ci ildə işğalçılıq əməllərinə, dinc sakinlərə qarşı törətdikləri vəhşiliklərə haqq qazandıran, qətliamla bağlı xarici KİV-lərə müsahibəsində dinc əhalini öldürməyi “zarafat” adlandıran, soyqırımının birbaşa iştirakçısı olduğunu yüksək tribunadan etiraf edən Ermənistanın ələbaxan prezidenti Serj Sarkisyanın “zarafatlarına” Azərbaycanın güclənən ordusu, qalib əsgəri adekvat cavab verir.
Mövqelərimizə hücum edən düşmən yenə də sarsıdıcı zərbə alaraq məğlubiyyətə uğradı. Dünya ictimaiyyəti növbəti dəfə Azərbaycan əsgərinin Vətənə bağlılığının, döyüş hazırlığının şahidi oldu. Bu da təbiidir. Azərbaycanda müasir silah və texnika istehsal olunur, eyni zamanda, xarici mənbələrdən alınan avadanlıq, texnika, silah-sursat ən müasir standartlara cavab verir. Hava hücumuna qarşı ən müasir, güclü artilleriya qurğuları vardır. Böyük dəqiqliyə və çox böyük dağıdıcı qüvvəyə malik raket sistemləri, döyüş və nəqliyyat helikopterləri, döyüş təyyarələri, zirehli texnika, tanklardan istifadə etməklə təmas xəttində gedən döyüşlərdə üstünlük qazanan Azərbaycan hərbçiləri torpaq, Vətən uğrunda canından keçməyə hazır olduğunu təsdiqlədi.
Qələbə itkisiz olmur, müharibədə həlak olanların şücaəti mənsub olduğu xalqın qəhrəmanlıq salnaməsinə qanla yazılır, gələcək nəslə Vətənə, torpağa bağlılıq duyğaları aşılayır. Cəbhənin Xocavənd- Füzuli istiqamətində əlverişli mövqeləri ələ keçirməyə cəhd edən düşmənə ağır zərbə vuran ordumuzun hərbi qulluqçuları - Abdullayev Aqşin İsmayıl oğlu, Nəzərov Şahlar Yaşar oğlu, Haşımlı Tural Əbdul oğlu, Qədimov Zülfü Rəhim oğlu və Cəfərov Zakir Nazim oğlu ölümləri ilə ölümsüzlüklərini əbədiləşdirdilər.
Bu günədək Dağlıq Qarabağ münaqişəsinin sülh yolu, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli məqsədilə qəbul olunan bəyanat və qətnamələrə etinasızlıq göstərən Ermənistan namərdliyini bir daha göstərdi. Ermənistan silahlı qüvvələrinin cəbhə boyu törətdiyi irimiqyaslı əməliyyatların qarşısını alarkən həlak olan və cəsədləri neytral ərazidə qalan Azərbaycan şəhidlərinin geri qaytarılmasında da aqressiv davranışları ilə dünya ictimaiyyətinin qınağına səbəb oldu. Şəhidlərin götürülməsi ilə bağlı ATƏT və Beynəlxalq Qızıl Xaç Komitəsi nümayəndələri arasındakı razılığa baxmayaraq əldə olunmuş şərtləri pozan Ermənistan bu məsələdə də qeyri-insani davranışlarını bir daha təsdiqlədi. Təəccüb doğuran isə münaqişənin həllində təcavüzkarla təcavüzə məruz qalana eyni münasibət göstərən beynəlxalq müşahidəçilərin, ATƏT təmsilçilərinin Azərbaycan torpaqlarının zəbt olumasından deyil, atəşkəsin pozulmasından narahat olmalarıdır. Həmsədrlərin münaqişəyə münasibəti elə təsəvvür yaradır ki, guya Azərbaycan torpaqlarının işğalında Ermənistanın günahı yoxdur.
Amma zamanın sözünü həqiqətin dili ilə söyləyəcəyi gün yaxınlaşır. Hücum taktikasına üstünlük verən Prezident, Ali Baş Komandan İlham Əliyevin əmrini gözləyən Azərbaycan Ordusu düşmənə son və qəti həmləsini vuracaq. Qələbə sevincini yaşayacaq Azərbaycan əsgəri, xalqımız bütün şəhidlərimizin ruhu qarşısında borcunu yerinə yetirəcək, onlara rəhmət diləyərək zəfər müjdəli gur səslə deyəcək: Dünya bir gündür, o gün bu gündür.
Xuraman İsmayılqızı, “İki sahil”
Kamaləddin Qafarov: Milli sərvətlərimiz Şərq və İslam mədəniyyətinin mühüm hissəsidir
Zəfərdən sülhə: Azərbaycanın Türk dünyası və İslam aləmində həmrəylik siyasəti