28 fevral 2017 14:38
548

Möhkəm təməl, fəal iş, qarşılıqlı etimad və əməkdaşlıq

Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısında dövlətimizin başçısı İlham Əliyev bugünkü inkişafı şərtləndirən amilləri diqqətə çatdırıb

Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində  nazirlərin üçüncü toplantısında dövlətimizin başçısı İlham Əliyev bir daha bu reallığı diqqətə çatdırmışdır: “Milyardlarla ölçülən xarici sərmayələrin cəlb edilməsi və Azərbaycana məxsus neft yataqlarının işlənməsi uğurlu inkişaf üçün əhəmiyyətli ilkin şərait yaratdı.  Neft satışından əldə olunan vəsait infrastruktur və sosial layihələrə, insan kapitalının inkişafına yönəldilmişdir və biz bunun nəticəsində ölkə iqtisadiyyatının şaxələndirilməsinə nail olmuşuq. Sərmayələr və beynəlxalq əməkdaşlıq olmasaydı, 1990-cı illərin ortalarında bunların heç birini etmək mümkün olmazdı.”

“Cənub Qaz Dəhlizi”nin həyata keçirilməsində Azərbaycan və Türkiyə arasında  əməkdaşlığın xüsusi rolunu önə çəkən cənab İlham Əliyev bildirmişdir ki, 2012-ci ildə İstanbulda Prezident Ərdoğan ilə Transanadolu qaz kəmərinə dair tarixi müqaviləyə imza atdıq. Əslində, “Cənub Qaz Dəhlizi”nin  icrası məhz həmin gündən başlayır.  Qeyd edək ki, beş il ərzində  reallaşması nəzərdə tutulan TANAP ilkin hesablamalara görə, 7 milyard dollara başa gələcək. Dörd mərhələ üzrə həyata keçiriləcək layihənin ilk mərhələsi 2018-ci ildə başa çatdırılacaq. Kəmərin nəqletmə imkanı 2020-ci ildə 17 milyard, 2023-cü ildə 23 milyard, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılacaq. İlk mərhələdə  nəql olunacaq  16 milyard  kubmetr təbii qazın 6 milyardı Türkiyə, 10 milyard kubmetri isə Türkiyə-Bolqarıstan, Türkiyə-Yunanıstan sərhədindən keçməklə  Avropa ölkələrinə çatdırılmaq üçün nəzərdə tutulur.

Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu layihələrin ölkəmizə qazandırdığı uğurlar, investisiya axınının sürətləndirilməsinə açdığı  yol  göz qabağındadır.   Dövlətimizin başçısı İlham Əliyev “Cənub Qaz Dəhlizi”nin   təməlqoyma mərasimində də qeyd etmişdir ki,  bugünkü tədbir sadəcə olaraq görülən işlərin zirvəsidir. Əgər əvvəlki dövrlərdə dediyim məsələlər öz həllini tapmasaydı, bu gün “Cənub Qaz Dəhlizi”ndən söhbət belə gedə bilməzdi.  Biz enerji  əməkdaşlığını ölkələri yadlaşdıran deyil, birləşdirən sahə hesab edirik.  Qeyd edək ki, “Cənub Qaz Dəhlizi” layihəsinin  dəyəri təqribən 45 milyard dollardır və Azərbaycan onun həyata keçirilməsində  aparıcı rol oynayır.   

Təhlillər bu reallığı ortaya qoyur ki, dövlətimizin enerji siyasəti əməkdaşlığa və milli maraqlarımıza əsaslanır. Cənab İlham Əliyev toplantıdakı çıxışında bildirmişdir: “Həyat sübut etmişdir ki, belə toplantının çox vacib mənası var. Biz yalnız görülmüş işləri nəzərdən keçirmirik. Ən əsası odur ki, gələcəklə bağlı planlar qurur və səylərimizi  əlaqələndiririk. Əlaqələndirmə olmazsa biz uğur əldə edə bilmərik.”  Gerçəkləşdirdiyi layihələrlə dövlətlər, xalqlar arasında əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə davamlı töhfələr verən Azərbaycan eyni zamanda iqtisadi qüdrətini, maliyyə imkanlarını artırmaqla dünya miqyasında aparıcı mövqeyini möhkəmləndirir.  Dövlətimizin başçısı qeyd olunan tədbirdəki çıxışında bu inamı da ifadə etmişdir ki, gələcəkdə iqtisadiyyatın  daha da şaxələndirilməsi, iqtisadi islahatların davam etdirilməsi ölkəmizin davamlı inkişafı üçün əlavə imkanlar yaradacaq və Azərbaycan qarşıdakı illərdə daha da güclü olacaq.

Ötən ildə Cənubi Qafqazda ümumi daxili məhsulun həcmi 75 milyard dollardan çox olub ki, bunun da 70 faizi Azərbaycanın payına düşür. Cənubi Qafqazda  sənaye məhsulları üzrə 20 milyard dollar dəyərində ümumi istehsalın 80 faizi Azərbaycana məxsusdur. Ötən il bütün mənbələr üzrə Cənubi Qafqaza 26 milyard dollar məbləğində kapital qoyulub ki, onun da  19,5 milyard dolları, yəni 72 faizi Azərbaycana aiddir. Özünütəminat əmsalına görə Azərbaycan öz təhlükəsizliyini bir çox sahələrdə tam, yaxud qismən təmin edib. 

Bu uğurlarımız  beynəlxalq maliyyə qurumlarının hesabatlarında da öz əksini tapır. Ən əsası bildirilir ki, Azərbaycan investisiya cəlbediciliyini qorumaqla yanaşı, eyni zamanda digər ölkələrə investisiya yatıran ölkə kimi də tanınır.  Təbii ki, bunu şərtləndirən əsas amillər sabitlik, əlverişli investisiya mühitinin mövcudluğu, eyni zamanda  Azərbaycanın təkmil sosial-iqtisadi islahatlar əsasında iqtisadi qüdrətini artırmaqla  maliyyə imkanlarını genişləndirməsidir. Dövlətimizin başçısı bildirir ki,  imzalanan sərəncamlar, fərmanlar nəticəsində bu istiqamətdə çox ciddi dönüş yaranmışdır. Bütün bürokratik  əngəllər aradan götürülür, şəffaflıq  tam təmin edilir. Bütün bunların nəticələrini biz gündəlik həyatda görürük. Biz bunu mötəbər  beynəlxalq maliyyə qurumlarının hesabatlarında və bəyanatlarında görürük. Ona görə sərmayə qoyuluşu üçün Azərbaycan dünya miqyasında ən cəlbedici ölkələrdən biridir. Son 20 ildə - 1995-ci ildən bu günə qədər ölkə iqtisadiyyatına 200 milyard dollara yaxın   sərmayə qoyulub. Bu sərmayələrin təxminən yarısı xarici investisiyalardır. Bu da ondan irəli gəlir ki, xarici investorlar qoyduqları sərmayələrin təhlükəsizliyinə tam əmindirlər. Dövlətimizin başçısı İlham Əliyev  nazirlərin üçüncü toplantısında bildirmişdir: “Ölkəmizdə bütün  zəruri səviyyədə  qorunur, hasilatın pay bölgüsünə dair Azərbaycanın beynəlxalq  neft şirkətləri ilə imzaladığı bütün müqavilələr parlamentimiz tərəfindən  ratifikasiya olunur və qanun formasında Prezident tərəfindən imzalanır. Yəni həmin müqavilələrin mətninin bir sözünün belə dəyişdirilməyəcəyi ilə bağlı 100 faiz zəmanət var. Bu, sərmayəçilərdə əminlik yaradır və hesab edirəm ki, Azərbaycanın sərmayələrə dəyər verən və onları müvafiq şəkildə qoruyan etibarlı tərəfdaş olmasında mühüm rol oynayır.”

Sərmayələrin cəlb olunmasında təbliğat işinin lazımi səviyyədə qurulması vacib amil kimi önə çəkir. Bu baxımdan  beynəlxalq əhəmiyyətli tədbirlərin, enerji sammitlərinin,  biznes forumların rolu xüsusi vurğulanır.  Bu gün bu fikri böyük inam və qətiyyətlə bildiririk ki, tarixən neft ölkəsi kimi tanının Azərbaycan hazırda qeyri-neft sektorunun inkişafı istiqamətində əldə etdiyi təcrübə, qazandığı uğurları ilə diqqət mərkəzindədir. İnkişafın Azərbaycan modelinin mövcudluğu  səbəbsiz yerə təqdir olunmur və öyrənilməsinə səy göstərilmir.

Təkcə cari ilin ötən iki ayında  dövlətimizin başçısı İlham Əliyevin xarici ölkələrə səfərlərinin, iştirak etdiyi beynəlxalq tədbirlərin, eyni zamanda Azərbaycana edilən səfərlərin,  ev sahibliyi etdiyi tədbirlərin  say tərkibinə, əhatə etdikləri mövzulara  diqqət yetirsək, birgə əməkdaşlıq üçün nə kimi imkanların mövcudluğunu aydın görə bilərik.   Dövlətimizin  başçısı İlham Əliyev  “Biz dövlətlər və şirkətlər arasında beynəlxalq əməkdaşlığa böyük dəyər veririk” fikri ilə bu günün əsas çağırışlarından birini diqqətə çatdırmış olur. Gerçəkləşdirilən layihələr investisiya axınını sürətləndirir, növbəti layihənin gündəmə gətirilməsini şərtləndirir.  Cənab İlham Əliyev bildirir: “Azərbaycana xarici sərmayə daha da böyük həcmdə gətiriləcəkdir. Çünki xarici sərmayələri cəlb etmək üçün hüquqi baza, şəffaf iqtisadi  və maliyyə sistemi olmalıdır və qanunun aliliyi təmin edilməlidir. Əgər biz  başqa ölkələrin təcrübəsinə baxsaq, görərik ki,  sürətli inkişaf yoluna qədəm qoymuş ölkələr bu yolla gediblər və beləliklə, öz ölkələrini xarici sərmayə üçün çox cəlbedici ölkələrə çevirə biliblər. Bu gün istənilən ölkə xarici sərmayəni cəlb etməyə çalışır, hətta böyük maliyyə resurslarına malik olan ölkələr. Çünki bu, əlavə vəsaitdir, maliyyə resursudur, həm də əlavə imkanların yaradılmasıdır və biz də bu yolla getməliyik.”

Göründüyü kimi, Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu  layihələr dünyanın enerji xəritəsini dəyişir. Bugünkü inkişaf möhkəm təməl, fəal iş, qarşılıqlı etimad və əməkdaşlıq tarixinə malikdir.

Yeganə Əliyeva, “İki sahil”