27 fevral 2017 15:08
354

İlham Əliyev: “Cənub Qaz Dəhlizi” bu gün artıq reallıqdır

Azərbaycanın zəngin karbohidrogen ehtiyatlarının xalqın mənafeyi naminə istifadəsi üçün imkanları artıran “Əsrin müqaviləsi”nin imzalanması ilə investisiya mühitinin yaradılması istiqamətində önəmli addımlar atılır. Dünyanın ən iri neft şirkətlərinin Azərbaycanla əməkdaşlıqda maraqlı olması, neft müqavilələrinin imzalanması ölkəmizin təbii resurslarının geniş şəkildə hasilatına və ixracına imkan yaratmaqla respublika iqtisadiyyatının strateji prioritetlərini müəyyənləşdirir.

Nəzərdə tutulduğu müddətdə başa çatdırılan Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin istifadəyə verilməsi ilə artan gəlirlərin bazar iqtisadiyyatının əsas tələb və şərtlərindən olan qeyri-neft sektoruna yönəldilməsi ilə özəl bölmənin inkişafı təmin olundu. Azərbaycanın bütün alternativ enerji layihələrində iştirakını ölkənin inkişafı, bölgədə sabitliyin təminatı, dövlətlərarası əməkdaşlığın möhkəmlənməsi baxımından dəyərləndirən Prezident İlham Əliyevin qeyd etdiyi kimi, BTC, BTƏ neft-qaz kəmərlərinin ardıcıllarından olan “Cənub Qaz Dəhlizi”nin inşası Azərbaycanın dünya siyasətinə təsir imkanlarını çoxaldır. Dövlətçilik maraqlarının  tərkib hissəsi olan Azərbaycanın enerji siyasətində respublikamızın əməkdaşlıq etdiyi və qlobal layihələrin həllində tərəfdaş ölkələrin milli təhlükəsizlik məsələsi aktuallığını saxlayır. Azərbaycanın şaxələndirilmiş enerji siyasətinin Avropanın enerji təhlükəsizliyinin təminatındakı rolundan, əhəmiyyətindən bəhs edən Prezident İlham Əliyevin bildirdiyi kimi, qarşılıqlı əməkdaşlığa, maraqlara xidmət edən bütün layihələrə inamla yanaşan Azərbaycan hər zaman etibarlı tərəfdaş statusunu əməli işi ilə doğruldur.

“Cənub Qaz Dəhlizi” layihəsində iştirak edən ölkə nümayəndələrinin iştirakı ilə Bakıda keçirilən Məşvərət Şuralarında Azərbaycanın səyləri dünya enerji bazarına töhfələr verən və layihələrin şaxələndirilməsində təşəbbüskarlığı ilə fərqlənən əsas tərəfdaş kimi dəyərləndirilir.

“Cənub Qaz Dəhlizi”nin seqmentlərindən olan və Avropanın enerji xəritəsini dəyişən, əsas ixrac marşrutu TANAP və TAP kimi layihələri tarixi hadisə adlandıran dövlətlər maraq doğuran təşəbbüsləri Azərbaycanın enerji diplomatiyasının növbəti təntənəsi adlandırırlar. Neft-qaz resurslarından düşünülmüş istifadə ölkəmizə investisiyaların axınını da sürətləndirir.

Əvvəlki Məşvərət Şuralarında qeyd olunduğu kimi istehlakçı və tranzit ölkələrin hər birinin fayda götürəcəyi, milli təhlükəsizliklə yanaşı, enerji təhlükəsizliyinin də təminatında böyük rola malik Azərbaycan etibarlı tərəfdaş, qüdrətli ölkədir.

“Əgər biz liderliyi göstərməsəydik, heç vaxt “Cənub Qaz Dəhlizi” icra edilməyəcəkdi” söyləyən Prezident İlham Əliyev  qlobal layihələrin icrasının bütün hallarda çətin və mürəkkəb olduğunu, lakin Azərbaycanın qətiyyəti sayəsində sonda uğurla nəticələndiyini neft strategiyasının bəşəri əhəmiyyəti kimi dəyərləndirir.

Böyük koordinasiya tələb edən layihələr Azərbaycan, Gürcüstan, Türkiyənin birgə iştirakı və qarşılıqlı etimad əsasında davam etdirilir.

Bakıda keçirilən “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısında da beynəlxalq əməkdaşlıqda başqalarına nümunə olan Azərbaycanın enerji siyasəti yüksək dəyərləndirildi. “Bugünkü Azərbaycan böyük mənada həmin siyasətin nəticəsidir” söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, respublikamızdan qaynaqlanan təşəbbüslər, verilən qərarlar bölgənin gələcək enerji xəritəsində ciddi dəyişikliklərə səbəb olur. “Cənub Qaz Dəhlizi”nin seçilməsi və bu məsələ ilə bağlı razılıq əsasında bütün təkliflərə milli maraqlar və bölgədə sabitliyin təminatı naminə yanaşma bütünlükdə enerji bazarında mövqelərin eynilik təşkil etməsi ilə nəticələnir.

Bu cür qlobal layihələrin davamlı olması və şaxələndirilməsi ilə başqa dövlətlərin iqtisadi inkişafına təkan verən Azərbaycan investor kimi də mövqelərini möhkəmləndirir. Bu baxımdan çoxşaxəli ixrac, nəqliyyat infrastrukturunu genişləndirməklə bağlı təkliflər, Xəzər qazının Avropaya çatdırılması təşəbbüsləri hər zaman aktualdır və maraqla qarşılanır.

“Cənub Qaz Dəhlizi”nin resurs mənbəyi olan “Şahdəniz-2” layihəsi üzrə tikinti işlərinin təqribən 90, Cənubi Qafqaz boru kəməri üzrə 80 faizə yaxını başa çatıb. Artıq TANAP üzrə işlərin 65, TAP kəməri üzrə isə 34 faizi icra olunmuşdur. “Cənub Qaz Dəhlizi” XXI əsrin layihəsi hesab oluna bilər” deməklə kəmərin inşasına ayrılan maliyyə dəstəyini də yüksək dəyərləndirən Prezident İlham Əliyev  Avropa maliyyə təşkilatlarından daha artıq vəsait ayıran Asiya maliyyə qurumlarının maddi yardımlarını hər iki qitə ölkələrinin inkişafı naminə atılan önəmli addım hesab edir.

Azərbaycanın şaxələndirmə siyasətinə sadiqliyini, bütün dövlətlərin milli təhlükəsizliyi üçün mühüm əhəmiyyət daşıdığını, qlobal layihələrin nəqletmə imkanlarını, ən sərfəli mənbələrin iqtisadi əhəmiyyətini qeyd edən toplantı iştirakçıları vurğuladılar ki, tərəfdaş dövlətlər uğurlara birgə nail olacaq.

Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviçin vurğuladığı kimi, enerji layihələrinin əsas tərəfdaşı və təşəbbüskarı kimi Azərbaycanın göstərdiyi səylər qarşılıqlı əməkdaşlığa, birgəyaşayış qaydalarına, bölgədə sabitliyin təminatına yönələn töhfədir: “Biz hamımız əldə olunmuş bu böyük tərəqqini vurğulamaq üçün fikir mübadiləsinin aparılmasını və layihənin vaxtında tamamlanması, Xəzər dənizindən hasil olunacaq qazın 2020-ci ilə qədər Avropaya çatdırılmasını təmin etmək üçün siyasi iradə və hazırlığın, eyni zamanda biznes tərəfdaşlarımızın bu işə sadiqliyinin açıq şəkildə nümayiş etdirilməsini səbirsizliklə gözləyirik.”

Prezident İlham Əliyevin “Cənub Qaz Dəhlizi” bu gün artıq reallıqdır” sözləri bu gözləntinin yaxın illərdə sona çatacağına inamın ifadəsidir.

Xuraman İsmayılqızı, “İki sahil”