Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən “Qiymətlərin sabitləşməsinə doğru? OPEC-in qayıdışı və neft geosiyasəti” mövzusunda “dəyirmi masa”dakı dərin məzmunlu nitqi beynəlxalq aləmdə böyük rezonans doğurub. Enerji təhlükəsizliyi sahəsində mövcud problemlərin və yeni çağırışların müzakirə edildiyi “dəyirmi masa”da ölkəmizin həyata keçirdiyi enerji siyasətinə bir daha aydınlıq gətirən dövlətimizin başçısı onun əsas mahiyyəti və məqsədini açıq bəyan edib.
Prezident İlham Əliyev enerji təhlükəsizliyinin vacibliyini qeyd edərək Azərbaycanın bu sahədə Avropanın etibarlı tərəfdaşına çevriləcəyini vurğulayıb: “Əlbəttə, enerji təhlükəsizliyini ölkənin milli təhlükəsizliyindən ayırmaq olmaz. Bu baxımdan Azərbaycan region üçün enerji təhlükəsizliyini təmin etməklə öz vacib rolunu oynayır. İndi isə irimiqyaslı qaz təchizatı layihəsinin həyata keçirilməsinə gəldikdə, ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında da öz vacib rolunu oynayacaq.”
Bu gün istər regionun, istərsə də Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu və töhfəsinin tarixi heç də uzaqda deyil. Bu, həm daxili, həm də xarici çoxsaylı çətinliklərin olduğu, Ermənistanın işğalı nəticəsində 1 milyon vətəndaşının problemləri ilə təkbaşına mübarizə aparmalı olan Azərbaycanın ən yeni tarixinə təsadüf edirdi. Beləliklə də 1994-cü ildə dövlət müstəqilliyini üç il əvvəl elan etmiş Azərbaycanın ilk dəfə olaraq Xəzər dənizinə dünyanın aparıcı enerji şirkətlərini dəvət etməsi nəinki təkcə Azərbaycanda, həm də regionda vəziyyəti dəyişən bir qərar idi. Ən əsası isə bu, Azərbaycanın neft ehtiyatlarına sərmayənin yatırılması ilə müstəqilliyimizin gücləndirilməsi və çətinliklərin aradan qaldırılması üçün yeganə yol idi. İndi isə bu addım regionun enerji xəritəsini dəyişəcək.
Dövlətimizin başçısının da bildirdiyi kimi, Azərbaycanın enerji strategiyasının birinci hədəfi ölkəmizin enerji təhlükəsizliyini, dövlət maraqlarını təmin etmək və əhalinin yaşayış səviyyəsini yaxşılaşdırmaq üçün nəhəng neft ehtiyatlarını hasil etmək idi. Sonrakı mərhələdə ixrac kəmərlərinin inşası ilə bu layihə regional əməkdaşlıq layihəsinə çevrildi. Nəticədə neft kəmərləri Azərbaycanı Qara dəniz və Aralıq dənizi ilə birləşdirir və ölkəmizə aid olan enerji ehtiyatlarının nəqlində iştirak edən ölkələrin də enerji təhlükəsizliyini təmin etməyə xidmət edir.
Nəticə etibarilə artıq Azərbaycan neft ixrac ölkə statusu qazanmaqla bərabər, Xəzər dənizinin şərq sahillərindən neft və neft məhsullarının Avropa bazarlarına çatdırılmasında tranzit ölkəyə də çevrilib. Prezident İlham Əliyev nitqində bu nüansı xüsusi qeyd edərək Azərbaycanın həm də vacib tranzit ölkə olduğunu vurğulayıb: “Beləliklə, Azərbaycan müxtəlif vasitələrlə, dəmir yolu və neft kəməri ilə neftin nəqlində öz vacib rolunu oynayır. Eyni zamanda, biz Xəzər dənizinin şərq sahilində yerləşən tərəfdaşlarımızın təchizat marşrutlarını şaxələndirməyə kömək edirik. Çünki enerji təhlükəsizliyindən söhbət açdıqda hesab edirəm ki, şaxələnmə əsas termindir. Adətən şaxələnmədən danışdıqda biz istehlakçılar üçün şaxələndirməni nəzərdə tuturuq. Biz bunu anlayırıq. Lakin istehsalçılar üçün də şaxələndirmə nəzərdə tutulur, xüsusilə bu istehsalçıların Azərbaycan kimi açıq dənizə çıxışı olmadıqda.” Təsadüfi deyil ki, bu gün bəzi Avropa ölkələri neftin 30-40 faizini Azərbaycan vasitəsilə əldə edirlər və etibarlı tranzit ölkə, digər ölkələrin etibar edə biləcəyi tərəfdaş ölkə kimi Azərbaycan regiondakı əhəmiyyətini artırmış olub.
Gələcək enerji strategiyasını təbii qaz resurslarının ixracı üzərində quran Azərbaycan hazırda çoxsaylı digər ölkələr, şirkətlərlə birlikdə və Avropa Komissiyasının dəstəyi ilə “Cənub Qaz Dəhlizi” layihəsini həyata keçirir. Ümumi dəyəri 40 milyard dollardan çox olan layihədə hazırkı mərhələdə 7 ölkə iştirak edir ki, gələcək illərdə ən azı daha 3 ölkə də bu layihəyə qoşulacaq.
Dövlətimizin başçısı “Cənub Qaz Dəhlizi”nin artıq reallıq olduğunu, Avropa Komissiyasının dəstəyini qazandığını diqqətə çatdırıb: “Bu, Azərbaycanı Avropa bazarları və Avropa bazarlarına aparan marşrut boyunca yerləşən ölkələrlə birləşdirən üç fərqli boru kəmərindən ibarət inteqrasiya olunmuş boru kəməri sistemidir. Bu layihə tamamilə yeni bir regional əməkdaşlıq formatını yaratdı. Söhbət Cənubi Qafqaz ölkələri olan Gürcüstan, Azərbaycan və Türkiyədən, sonra da Yunanıstan, Bolqarıstan və İtaliya kimi Avropa İttifaqı ölkələrindən, həmçinin namizəd ölkə kimi Albaniyadan gedir. Beləliklə, bütün bu tərəflərin maraqlarını təmin etmək asan iş deyil.”
Bu səbəbdən də Avropa Komissiyası ilə birlikdə “Cənub Qaz Dəhlizi” layihəsinin Məşvərət Şurası adlanan formatın işə salındığını qeyd edən Prezident İlham Əliyev mühüm nailiyyətlərin olduğunu bildirib: “Sizə deyə bilərəm ki, “Cənub Qaz Dəhlizi” layihəsinin əsas seqmenti olan Trans-Anadolu boru kəmərinin icrasının təqribən 65 faizi artıq tamamlanıb. Cənubi Qafqaz boru kəməri adlanan digər bir seqmentin icrasının 80 faizə yaxın hissəsi tamamlanıb və TAP adlanan Trans-Adriatik boru kəməri təqribən 34-35 faiz icra olunub. Dünyada ən böyük qaz yataqlarından biri olan “Şahdəniz” yatağının işlənilməsi artıq 90 faiz tamamlanıb. Hədəfimiz Azərbaycanın ilk təbii qazını gələn il bazarlara çatdırmaqdır və bəzi tərəfdaş ölkələrdə süni gecikmələr olmadığı təqdirdə bu layihəni 2020-ci ilə qədər tamamlamaqdır.”
Qeyd edək ki, “Cənub Qaz Dəhlizi” layihəsinin bütün dörd seqmentinin səhmdarı olan Azərbaycan investor qismində də çıxış edir. Bu məqsədlə, həmçinin Dünya Bankından, beynəlxalq maliyyə təşkilatlarından, Asiya İnkişaf Bankından, Asiya İnfrastruktur Bankından vəsait cəlb edilib. Növbəti mərhələdə isə Avropa Yenidənqurma və İnkişaf Bankından, Avropa İnvestisiya Bankından maliyyə vəsaitinin ayrılması gözlənilir.
Bütün bunlar isə bir daha onu nümayiş etdirir ki, Azərbaycanın enerji resurslarının ixracını nəzərdə tutan layihələr sayəsində yaradılan əməkdaşlıq formatı regionda əmin-amanlığın qarantı olmaqla yanaşı, Avropa qitəsi ilə mövcud əlaqələrin daha da inkişafına zəmin yaradır.
Ceyhun Piriyev, “İki sahil”
Kamaləddin Qafarov: Milli sərvətlərimiz Şərq və İslam mədəniyyətinin mühüm hissəsidir
Zəfərdən sülhə: Azərbaycanın Türk dünyası və İslam aləmində həmrəylik siyasəti