Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında daim bu məqamı xüsusi qeyd edir ki, enerji təhlükəsizliyi əslində hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir: “Bu gün enerjini siyasətdən, iqtisadiyyatdan ayırmaq qətiyyən mümkün deyil. Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində biz hamımız tərəfdaşlarımızla iştirak edəcəyik.”
Xatırlasaq, “Cənub Qaz Dəhlizi”nin təməlinin qoyulmasına həsr olunmuş təntənəli mərasimdə cənab İlham Əliyev son illər ölkəmizin öz enerji siyasətini ardıcıl şəkildə irəliyə apardığını önə çəkərək həmin mərasimi görülən işlərin zirvəsi kimi dəyərləndirmişdir: “Əgər əvvəlki dövrlərdə dediyim məsələlər öz həllini tapmasaydı, bu gün “Cənub Qaz Dəhlizi”ndən söhbət belə gedə bilməzdi... Əlbəttə, biz gələcəkdə çalışmalıyıq ki, bütün bu işləri tərəfdaş ölkələrlə birgə edək, əlaqələndirmə yüksək səviyyədə olmalıdır.”
Təbii ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısı əlaqələrin bugünkü səviyyəsinə bir daha işıq salır. Nazirlərin üçüncü toplantısında Azərbaycanın təşəbbüskarı olduğu “Cənub Qaz Dəhlizi”nin icrası nəticəsində həm Azərbaycanın, həm də qonşu və Avropa ölkələrinin böyük fayda götürəcəyi, ölkəmizin bu sahədə də liderlik keyfiyyətlərini göstərdiyi bir daha vurğulanmışdır. Ölkə Prezidenti İlham Əliyev tədbirdə müxtəlif ölkələrdən mötəbər qonaqların iştirak etdiyini önə çəkərək, Azərbaycanın Avropa Komissiyası ilə bu mühüm layihənin həyata keçirilməsində sıx əməkdaşlıq əlaqələri yaratdığını diqqətə çatdırmışdır. “Biz nadir və nümunəvi beynəlxalq əməkdaşlıq formatını yarada bildik” söyləyən dövlətimizin başçısı “Cənub Qaz Dəhlizi” layihəsinin icrasının gələcək əlaqələr üçün də çox vacib amil olduğunu diqqətə çatdırmışdır.
Son illərdə enerji layihələrinin coğrafiyasının genişləndirilməsi, şaxələndirmə siyasətinin iştirakçı dövlətlərin maraqları baxımından bir daha nəzərdən keçirilməsi, alternativ variantların gündəmə gətirilərək siyasi və iqtisadi əhəmiyyətinin beynəlxalq müzakirəyə çıxarılması bölgədə və dünya birliyində sabitlik və əmin-amanlığın möhkəmlənməsinə yönəlmiş qlobal məsələlərin danışıqlar vasitəsilə həllinə inamı artırır. Rəqabətqabiliyyətliliyi baxımından MDB məkanında birinci olan Azərbaycanın iqtisadi uğurlarını təmin edən, regionda sülhün təminatı üçün səylərini artıran neft-qaz amilinin əhəmiyyəti bütün səviyyələrdə xüsusilə vurğulanır. Ölkə Prezidenti bildirir ki, biz öz enerji təhlükəsizliyimizi çoxdan təmin etmişik və bu gün başqa ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində öz rolumuzu oynayırıq. Bu rol müsbət roldur. Bunu bizim tərəfdaşlar qiymətləndirirlər. Azərbaycan heç vaxt öz enerji resurslarından başqa məqsədlər üçün istifadə etməmişdir. Bizim bu sahədəki fəlsəfəmiz və yanaşmamız ondan ibarətdir ki, enerji resursları əməkdaşlığı dərinləşdirməlidir, birliyi möhkəmləndirməlidir və əlbəttə ki, biz bu siyasəti apararaq öz milli maraqlarımızı təmin edirik. Bu gün həm bölgədə, həm dünyada bizim maraqlarımız təmin edilir.
Altı il bundan öncə Azərbaycanla Avropa İttifaqı arasında imzalanan “Cənub Qaz Dəhlizi haqqında” Birgə Bəyannamə əlaqələrin inkişafında başlanğıc kimi dəyərləndirilir. Qeyd edək ki, 2011-ci ildə imzalanan Birgə Bəyannamədə ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təminatında rolu yüksək qiymətləndirilərək, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün böyük potensialın mövcudluğu bildirilmişdir. Dövlətimizin başçısı eyni zamanda bu əminliyi ifadə etmişdir ki, imzalanmış sənədlər uğurla həyata keçiriləcək və Azərbaycan qaz potensialından öz xalqının rifahı, ölkəmizin gələcək inkişafı və Avropadakı tərəfdaşlarının enerji təhlükəsizliyinin təmin edilməsi üçün istifadə edəcək. Bu tərəfdaşlıq nəinki illər, onilliklər boyu olacaq.
Bu günlərdə Münxen Təhlükəsizlik Konfransı çərçivəsində müzakirələrdə də Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında artan rolu yüksək dəyərləndirilmiş, iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrinin ölkələr, xalqlar arasında dostluq, əməkdaşlıq körpüsü olduğu bir daha vurğulanmışdır. Dövlətimizin başçısı İlham Əliyev qeyd etmişdir ki, Azərbaycanın mövqeyi regionda geosiyasi vəziyyəti müəyyən edir. Ölkəmizin malik olduğu təbii resurslardan səmərəli istifadəsi iqtisadi inkişafı təmin etmiş, iqtisadiyyatın şaxələndirilməsinə geniş yol açmışdır.
Azərbaycanın şaxələndirilmə məsələsinə ilk yol açan ölkə olduğu beynəlxalq səviyyədə etiraf olunan reallıqlardandır. Bildirilir ki, ölkəmiz öz ixrac imkanlarını genişləndirməklə Avropanın enerji təhlükəsizliyinin təminatına töhfələr verir. Bu məqam da xüsusi qeyd edilir ki, “Cənub Qaz Dəhlizi” yalnız kəmər deyil, XXI əsrin mühüm strateji, enerji dəhlizidir. Bu layihə XXI əsrin layihəsi olacaq. Azərbaycan Avropa İttifaqına heç bir vaxt bu qədər yaxın olmayıb. Onun iqtisadiyyatı Avropa bazarları ilə sıx inteqrasiya olunub və əlaqələrimiz daha geniş, təmaslarımız isə daha fəaldır. Avropa İttifaqı müasirləşmə islahatları ilə bağlı Azərbaycanın bütün təşəbbüslərini dəstəkləyir və müxtəlif sahələrdə daha da dərin münasibətlər yaratmaq istəyir.
Dünya əhəmiyyətli enerji layihələrinin reallığa çevrilməsi ilə regional iqtisadi inkişafın aparıcı qüvvəsinə və Avratlantik məkanın enerji təhlükəsizliyinin təminatçısına çevrilən, iqtisadi artımın sürətinə görə dünya dövlətləri arasında birinciliyini qoruyan Azərbaycanın inkişaf strategiyası qabaqcıl təcrübə kimi nümunə göstərilir. Enerji amilinin gündəlikdə prioritet məsələlərdən biri kimi dayandığını qeyd edən Prezident İlham Əliyev bildirir ki, enerji siyasəti dostluğa və əməkdaşlığa xidmət etməli, millətləri, xalqları bir-birinə birləşdirməlidir. Avropa İttifaqına daxil olan 27 dövlətin maraqlarına uyğun olan Azərbaycanın enerji siyasəti bölgədə regional əməkdaşlığın genişlənməsi üçün etibarlı təminatdır. Xarici ölkələrə səfərləri zamanı da Azərbaycanın iqtisadi imkanlarına diqqəti yönəldən, enerjinin nəql olunması sisteminin şaxələndirilməsində ölkəmizin rolunu xüsusi vurğulayan, gerçəkləşməsi çoxlarına əfsanə kimi görünən layihələrin reallaşması üçün təşəbbüskarlığını artıran Prezident İlham Əliyev bu mövqeyi açıqlayır ki, Azərbaycanın tərəfdaş, müəllif və təşəbbüsçü kimi iştirak etdiyi bütün layihələrdə xalqın milli maraqları, dövlətin mənafeyi hər şeydən üstün tutulmalıdır.
Ölkəmiz qitə dövlətləri üçün etibarlı tərəfdaşdır. Prezident İlham Əliyev ölkəmizin daim marağında olan enerji layihələrinin şaxələndirilməsi prinsipinin diqqətdə saxlanılacağını vurğulamaqla qeyd edir ki, Avropa Azərbaycan qazı üçün mühüm bazara çevriləcək, eyni zamanda “Cənub Qaz Dəhlizi” enerji təhlükəsizliyinə xidmət edəcək önəmli layihədir. Prezident İlham Əliyev respublikamızın enerji təhlükəsizliyinin təminatındakı rolunun artmasını neft strategiyasının uğuru kimi dəyərləndirir.
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısında dövlətimizin başçısı İlham Əliyev Azərbaycanın enerji siyasətinin tarixindən danışaraq, 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi”nin gələcək enerji layihələrinin həyata keçirilməsindəki əhəmiyyətini diqqətə çatdırmışdır. “Cənub Qaz Dəhlizi”nin icrasında “Şahdəniz” qaz yatağının əhəmiyyətini vurğulayan, bu yatağın verdiyi imkanların Azərbaycanın özünü nəhəng qaz ehtiyatlarına malik ölkə kimi tanıtmasında mühüm rol oynadığını söyləyən cənab İlham Əliyev layihə üzrə regional əməkdaşlığın əhəmiyyətli olduğunu qeyd etmişdir.
“Cənub Qaz Dəhlizi”nin həyata keçirilməsində bir neçə il öncə Azərbaycan ilə Türkiyə arasında TANAP layihəsinin icrasına dair imzalanan sazişin, həmçinin Transadriatik boru kəməri layihəsinin əhəmiyyəti xüsusi qeyd edilmişdir. Vurğulanmışdır ki, ötənilki görüşdən sonra bir çox irəliləyişlər olmuş, “Şahdəniz-2” layihəsi 90 faiz səviyyəsində həyata keçirilmiş, TANAP və TAP layihələrində də mühüm uğurlar müşahidə edilmişdir. Prezident İlham Əliyev Azərbaycanın “Abşeron” qaz yatağının işlənilməsinə başladığını, bunun da ölkəmizin qaz potensialının yalnız “Şahdəniz”lə məhdudlaşmadığını bildirmişdir. XXI əsrin layihəsi olan “Cənub Qaz Dəhlizi”nin həyata keçirilməsində beynəlxalq maliyyə qurumlarının fəaliyyətini vurğulayan dövlətimizin başçısı Avropa maliyyə təşkilatlarının da layihənin icrasında yaxından iştirak etməsinin əhəmiyyətli olacağını bildirmişdir.
Göründüyü kimi, dünya enerji bazarında mövqeləri möhkəmlənən, investisiya imkanları artan Azərbaycanın təşəbbüsləri dəstəkləndiyi kimi, mövqeləri də möhkəmlənməkdədir. Dövlətimizin başçısı bir məqamı çıxışlarında xüsusi qeyd edir: “Birinci böyük layihələrin icrası nəticəsində bizim şirkətlərimiz, demək olar ki, ayağa qalxa bilmişlər, kapital, təcrübə toplamışlar. Ondan sonra Azərbaycana investisiya qoymağa başlamışlar. Mən də onlara bunu tövsiyə edirdim və eyni zamanda, Azərbaycanda belə bir şərait yaratmışıq ki, buraya investisiya qoymaq ən sərfəli yoldur. İndi başqa ölkələrə investisiya qoymaq, əlbəttə ki, lazımdır və biz də dövlət kimi bunu edirik.” Qeyd edək ki, ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcmi 200 milyard dollara yaxındır.
Azərbaycanın bu gün beynəlxalq münasibətlər sistemində yeri və rolunu, eyni zamanda “Əsrin müqaviləsi”ndən ötən dövr ərzində uğurlarımızı və “Cənub Qaz Dəhlizi”nin əhəmiyyətini açıqlayan xeyli sayda faktlar qeyd etmək olar. Ümumi rəy budur ki, Azərbaycanın gələcəyə hesablanmış inkişaf strategiyası daha böyük uğurlara stimul verir. Dövlətimizin başçısı İlham Əliyevin “Cənub Qaz Dəhlizi”nin təməlinin qoyulmasına həsr olunmuş mərasimdə söylədiyi “Bu günə qədər bizim qaz və neft layihələrimizdə ancaq 3 ölkə iştirak edirdi- Azərbaycan, Gürcüstan və Türkiyə. Bu gündən sonra biz geniş beynəlxalq əməkdaşlıq prosesinə qədəm qoyuruq. Azərbaycan qaz istehsalçısı kimi öz resurslarını dünya bazarına çıxaracaq. Ondan sonra Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya, gələcək mərhələdə Monteneqro, Xorvatiya və digər ölkələr bu layihəyə qoşula bilərlər. Ona görə, burada əlaqələndirmə işləri çox yüksək səviyyədə aparılmalıdır. Mən hesab edirəm ki, bu gün bu sahədə- neft-qaz sahəsində yeni beynəlxalq komanda formalaşır. Əminəm ki, bizim birgə fəaliyyətimiz uğurlu olacaq və komandamız qələbə qazanacaqdır” fikirləri bugünkü reallıqların əsası kimi dəyərləndirilir.
İnkişafın Azərbaycan modelinin daha da zənginləşdirilməsi üçün dünya bazarlarında yeni ünvanların əldə olunmasını vacib hesab edən Prezident İlham Əliyev ölkəmizin maraqlarına uyğun layihələrin həyata keçirilməsi istiqamətində ciddi səylər göstərir. Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyinin təminatında böyük imkanlara malik Xəzəryanı ölkələrin karbohidrogen ehtiyatlarından istifadə məsələlərinin müzakirəsində regionda geosiyasi cəhətdən daha əlverişli məkanda yerləşən Azərbaycana üstünlük verilməsi də siyasi cəhətdən sabit, sərmayələr üçün etibarlı imkan olan ölkəmizə maraqdan irəli gəlir. Bütün bu uğurlar bir əsasa söykənir ki, Azərbaycan düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində malik olduğu təbii resurslardan səmərəli istifadə etməklə həm iqtisadi qüdrətini artırır, həm də beynəlxalq münasibətlər sisteminin fəal üzvünə çevrilir. Cənab İlham Əliyev bu əminliyi də ifadə edir ki, qarşılıqlı etimad və bir-birimizə dəstək, eyni zamanda səylərin birləşdirilməsi fonunda layihə vaxtında icra olunacaq və hamımız “Cənub Qaz Dəhlizi”nin baş tutmasını qeyd edəcəyik.
Yeganə Əliyeva, “İki sahil”
Kamaləddin Qafarov: Milli sərvətlərimiz Şərq və İslam mədəniyyətinin mühüm hissəsidir
Zəfərdən sülhə: Azərbaycanın Türk dünyası və İslam aləmində həmrəylik siyasəti