13 fevral 2017 15:10
355

İlham Əliyev: Biz gələcəkdə də bu yolla gedəcəyik, müstəqil siyasət aparacağıq

Yunan yazıçısı, filosofu Plutarx deyib ki, cəsarətlilik qələbənin başlanğıcıdır. Bu hikmətin reallığını Azərbaycan Respublikasına rəhbərliyə başladığı gündən siyasi hazırlığı, qətiyyəti, zəngin dövlətçilik təcrübəsi ilə təsdiqləyən Prezident İlham Əliyevin daimi çağırışı belədir: Azərbaycan heç bir dövlət qarşısında öhdəlik götürməyib.

Ölkəmizə təsir, təzyiq göstərmək, təhdid etmək qeyri-mümkündür. Bütün dövlətlərlə əməkdaşlığın qarşılıqlı hörmət prinsipləri əsasında möhkəmlənməsini xarici siyasətimizin əsas istiqamətləri hesab edən dövlət başçımız milli müstəqilliyimizə zərbə olan başqa dövlətin Azərbaycanın daxili işlərinə müdaxiləsinə də imkan vermir. Xalqın milli maraqlarını, dövlət mənafeyini hər şeydən üstün tutan, ölkəmizə qarşı ikili standartlardan yanaşmanı yolverilməz adlandıran, qərəzli və ermənipərəst təşkilatların təxribatlarına məntiqli yanaşması, qətiyyəti ilə cavab verən Prezident İlham Əliyevin dövlət başçılarına ölkə əhalisinin münasibəti ilə bağlı keçirilən sorğularda dəfələrlə ilk sırada yer alması onun şəxsiyyətində formalaşan liderlik fəlsəfəsinin təntənəsidir.

Azərbaycan xalqı kimi dünya birliyi də Prezident İlham Əliyevin siyasi iradəsini əks etdirən məqamlara həsəd aparmışlar.

...Macarıstanda NATO-nun tədris kurslarında təlim keçərkən Azərbaycan xalqını, dövlət bayrağımızı təhqir etdiyinə görə erməni millətindən olan Qurgen Markaryana əsl azərbaycanlı zabitinə yaraşan tərzdə cavab verən Ramil Səfərovun ölkəmizə ekstradisiyası diplomatik uğurumuz, xarici siyasətimizin qələbəsi idi. Ölkəmizdən kənarda yaşayan soydaşlarımız belə Ramilin ölkəmizə gətirilməsini, Prezident İlham Əliyevin sərəncamı ilə əfv edilməsini, mayor rütbəsinə layiq görülməsini dövlət başçımızın, Ali Baş Komandanın zabitinə göstərdiyi diqqət və qayğı kimi yüksək dəyərləndirdilər.

İstər dövlət başçısı, istərsə də Ali Baş Komandan kimi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələrdə ölkəmizin ərazi bütövlüyünün toxunulmazlığı ilə bağlı Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinin dəyişməyəcəyini, Ermənistanla danışıqların ən böyük kompromis olduğunu diqqətə çatdıran cənab İlham Əliyev dünya birliyində, ədalətli, qətiyyətli, başqa xalqlarla birgəyaşayış qaydalarına hörmətlə yanaşan praqmatik düşüncəli şəxsiyyət kimi tanınır. Bütün dünya Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıyır. Dövlət başçımızın vurğuladığı kimi Azərbaycan torpağında ikinci qondarma “erməni dövləti”nin yaradılmasına imkan verilməyəcək, ölkəmizin ərazi bütövlüyü bərpa olunacaq.

AŞPA-dakı çıxışı zamanı ermənilərə xidmət edən parlamentarların məqsədli, qərəzli suallarını məntiqli, real arqumentlərlə cavablandırıb onları fakt qarşısında susmağa məcbur edən Prezident İlham Əliyev Avropa Parlamentinin nümayəndələri ilə danışıqlarda qurumun Azərbaycana qarşı ədalətsiz mövqeyinə iradlarını bildirdi: “Bir il münasibətlərimiz dondurulmuşdu...Nəticədə nə oldu? Münasibətləri bərpa etmək üçün özləri gəldilər. Gördülər ki, təhqir, təzyiq yolu ilə keçmir. Halbuki bunu çoxdan bilməli idilər ki, keçmir və keçməyəcək.” Avropa İttifaqı təmsilçiləri, NATO üzvləri ilə görüşlərində də beynəlxalq təşkilatlarla əməkdaşlığın hər iki tərəf üçün səmərəli olduğu vurğulanır. Avropa ölkələrinin enerji təhlükəsizliyinin təminatı üçün Azərbaycanın təşəbbüsləri ilə reallaşan və inşa edilməkdə olan qlobal layihələrin müzakirəsində də siyasi iradə göstərən cənab İlham Əliyev maraqlı təklifləri ilə də diqqəti cəlb edir.

2014-cü ilin iyul-avqust aylarında erməni silahlılarının təmas xəttində törətdiyi təxribatlara layiqli cavab verən əsgər və zabitlərlə Ağdamda keçirilən görüşlərdə Ali Baş Komandan kimi Azərbaycanın işğal altındakı torpaqlarını azad etmək qüdrətində olduğunu dünya ictimaiyyətinə çatdırdı.

“Bu gün düşmən panikadadır, isterikadadır. Biz bunu bilirik. Bizim kifayət qədər imkanlarımız var ki, qarşı tərəfdə nələr baş verdiyini bilək. Biz tam şəkildə hərbi və mənəvi üstünlüyü əldə etmişik. Biz öz torpağımızdayıq” söyləməklə Dağlıq Qarabağ münaqişəsinin həllində ikili mövqe tutanlara iradını da bildirir: “Sual olunur: erməni əsgərinin - işğalçı qüvvələrin əsgərinin Ağdam ərazisində nə işi var?”

Aprel döyüşləri zamanı Ermənistana canlı qüvvə, hərbi silah-sursat sarıdan ciddi zərbə vuran, işğalçı dövlətin mətbuatında qeyd olunduğu kimi 500-ə yaxın erməni əsgərinin məhvi ilə nəticələnən təxribatlar zamanı Azərbaycanın hərbi üstünlüyü düşmənləri təşvişə saldı.

Başqa cür ola da bilməzdi. Siyasi, iqtisadi sahədə ermənilərə qalib gələn, döyüş meydanında da düşməni itkilərə məruz qoyan Ali Baş Komandan İlham Əliyevin diqqəti sayəsində ordumuzun hərbi potensialı respublikanın daxili imkanları hesabına güclənir. Ermənistanın yüksək vəzifəli rəsmiləri belə etiraf edirlər ki, güclənən Azərbaycan Ordusu Ermənistan üçün böyük təhlükə mənbəyidir. Siyasi -iqtisadi inkişaf kontekstində formalaşan ordu quruculuğunun təkmilləşdirilməsi istiqamətində aparılan və bəhrəsini verən islahatlar dövlət başçımızın müəyyənləşdirdiyi inkişaf konsepsiyasının, Azərbaycan modelinin əsas prioritetlərindəndir. Bu kimi amillərə əsaslanaraq demək olar ki, Azərbaycan torpaqlarını istənilən yolla azad etmək iqtidarındadır. Ölkəmizdə müasir silah və texnika istehsal olunur, eyni zamanda, xarici ölkələrdən alınan ən müasir standartlara cavab verən hərbi avadanlıqlar, hava hücumuna qarşı artilleriya qurğuları, dəqiqliyə və çox böyük dağıdıcı qüvvəyə malik olan raket sistemləri, döyüş və nəqliyyat helikopterləri, döyüş təyyarələri, zirehli texnika, tanklar - bütün bunlar bu gün Azərbaycan ordusunun müdafiə qüdrətini gücləndirir. Yaradılmış müdafiə potensialı hesabına Ermənistanın təcavüzkar siyasətinə son qoyulacağına inam artır. Beynəlxalq təşkilatlarda da belə fikir təsdiqlənir ki, münaqişənin həlli yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkündür. Dağlıq Qarabağ Azərbaycan ərazisi, Azərbaycan torpağıdır. Beynəlxalq hüquq normaları ölkəmizin mövqeyini dəstəkləyir. NATO kimi digər nüfuzlu təşkilatların qəbul etdiyi bəyanatlarda da Dağlıq Qarabağ Azərbaycanın ərazisi kimi təsdiqlənir. Erməni mətbuatının yazdığı kimi aprel döyüşlərində yüzlərlə əsgər və zabitini itirən, hərbi sursat sarıdan böyük itki verən düşmən Azərbaycan ordusunun müdafiə qüdrətini gördü. Həmin döyüşlərdə xeyli ərazi işğaldan azad olundu, bəzi yerlərə Azərbaycan ordusu nəzarəti ələ aldı. Aprel əməliyyatlarında qazanılan uğurlar böyük qələbənin müjdəsi, Ali Baş Komandanın qətiyyətinin ifadəsi idi.

Prezident İlham Əliyevin siyasi iradəsinin növbəti təsdiqi Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə əlaqədar imzaladığı sərəncamdır. Bu sərəncam cocuq mərcanlılar kimi torpaqlarından qovulan bütün insanlarda evlərinə dönmək ümidlərini artırır. Nəzərdə tutulduğu kimi ilk mərhələdə 50 evin tikiləcəyi kənddə tədricən 150-200 ev inşa olunacaq. Böyük qayıdışın ilk addımları olan bu qayıdış Ermənistan kimi onu dəstəkləyən havadarlarına da xəbərdarlıqdır. Deyildiyi kimi Azərbaycan torpaqlarını istənilən yolla işğaldan azad etməyə qadirdir. Bu qüdrət isə Prezident İlham Əliyevin qətiyyət və siyasi iradəsindən qaynaqlanır.

Azərbaycanın dəfələrlə etdiyi xəbərdarlığına baxmayaraq beynəlxalq təşkilatların nümayəndələrinin, mədəniyyət və incəsənət xadimlərinin, ermənipərəst politoloq və siyasətçilərin qondarma Dağlıq Qarabağ Respublikasına qeyri-qanuni səfərləri davam etməkdədir. Ermənistan diasporunun maliyyələşdirdiyi həmin təmsilçilər separatçı quruma səfər edərək anti-Azərbaycan təbliğatı aparır, dünya birliyində məzlum erməni obrazı formalaşdırırlar. Ölkəmizə icazəsi olmadan səfər edənlərə qarşı tədbirlər görüləcəyi barədə xəbərdarlıq edən Azərbaycan Xarici İşlər Nazirliyinin “qara siyahısı”na daxil olanların cinayət məsuliyyətinə cəlb ediləcəyi bildirilirdi. Bu günlərdə Rusiya, Ukrayna, İsrail vətəndaşı, bloqqer Aleksandr Lapşinin Belarusdan Azərbaycana ekstradisiyası da Prezident İlham Əliyevin diplomatik sahədəki növbəti uğuru, Azərbaycanın dünyada artan nüfuzunun təntənəsidir. Eyni zamanda yüksək səviyyədə olan Azərbaycan - Belarus əməkdaşlığının hər iki xalqın maraq və mənafelərinə uyğun inkişafının göstəricisidir. Bu əməliyyat Azərbaycanın sərhədlərinə icazəsiz daxil olan bütün lapşinlərə, onların havadarlarını təşvişə salıb. Əməllərinə görə Azərbaycanın qanunlarına uyğun cavab verməli olacaq Lapşinin dəstəkçiləri bundan nəticə çıxarmalıdırlar. Yəni Ermənistandan fərqli olaraq müstəqil Azərbaycanın sərhədləri toxunulmazdır və ölkəmizin hüdudları başqa dövlətin hərbçiləri tərəfindən deyil, öz əsgərlərimiz tərəfindən qorunur.

Elə buna görədir ki, “Biz gələcəkdə də bu yolla gedəcəyik, müstəqil siyasət aparacağıq. Xalqın iradəsi əsasında irəli gedəcəyik. Müstəqilliyimiz dönməzdir, əbədidir” söyləyən Prezident İlham Əliyevin siyasəti Azərbaycan xalqı tərəfindən dəstəklənir, müdafiə olunur.

Xuraman İsmayılqızı, “İki sahil”