Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətçiliyimizin ən mühüm tarixi nailiyyətlərindən, milli suverenliyimizin və hüquqi sistemimizin fundamental dayaqlarından biridir. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə qəbul edilmiş Əsas Qanun Azərbaycanın demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun əsas prinsiplərini müəyyənləşdirməklə ölkəmizin gələcək inkişaf strategiyasının hüquqi əsasını yaratmışdır.
Konstitusiyanın qəbul edilməsi müstəqilliyimizin ilk illərində mürəkkəb siyasi və iqtisadi böhranla üzləşən Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi oldu. 1991-ci ildə dövlət müstəqilliyimizi bərpa etsək də, yeni siyasi sistemin formalaşdırılması, dövlət institutlarının möhkəmləndirilməsi və hüquqi münasibətlərin tənzimlənməsi zərurəti qarşıda ciddi vəzifələr qoyurdu. Yalnız 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə sabitlik təmin edildi, dövlət quruculuğu prosesinə yeni nəfəs verildi və müstəqil Azərbaycanın Konstitusiyasının hazırlanması üçün etibarlı zəmin yarandı. Ulu Öndərin bilavasitə rəhbərliyi ilə hazırlanmış Konstitusiya layihəsi 1995-ci il noyabrın 12-də keçirilən referendumda qəbul edildi. Səsvermədə iştirak edən seçicilərin 91,9 faizinin Əsas Qanuna dəstək verməsi xalqın müstəqil dövlətçilik modelinə və demokratik inkişaf yoluna münasibətinin aydın ifadəsi idi. Konstitusiya noyabrın 27-də qüvvəyə mindi, 12 noyabr isə Ulu Öndərin müvafiq Fərmanı ilə Konstitusiya Günü elan edildi. Bu tarixi sənəd dövlət hakimiyyətinin mənbəyinin xalq olduğunu təsbit etdi, hakimiyyət bölgüsü prinsipini müəyyənləşdirdi, insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan etdi. Azərbaycanın demokratik, hüquqi, dünyəvi və unitar dövlət kimi inkişafının konstitusion əsasları formalaşdırıldı. Beləliklə, Konstitusiya yalnız dövlət idarəçiliyinin hüquqi çərçivəsini deyil, həm də müasir Azərbaycan dövlətinin siyasi və ideoloji inkişaf istiqamətlərini müəyyən etdi.
Azərbaycanın konstitusiya quruculuğu tarixi daha əvvəlki mərhələlərə də söykənir. 1918–1920-ci illərdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət ərzində Konstitusiya qəbul edə bilməsə də, milli parlamentçilik və demokratik dövlətçilik ənənələrinin əsasını qoydu. Sovet dövründə qəbul edilmiş konstitusiyalar sırasında 1978-ci il Konstitusiyası xüsusi yer tutur. Həmin sənədin hazırlanması zamanı Heydər Əliyevin prinsipial mövqeyi nəticəsində Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması milli kimliyimizin və dövlətçilik düşüncəmizin qorunması baxımından mühüm hadisə idi. Müstəqillik dövründə Konstitusiyanın təkmilləşdirilməsi də ölkədə dəyişən siyasi, iqtisadi və ictimai reallıqlara uyğun həyata keçirildi. 2002, 2009 və 2016-cı illərdə keçirilmiş referendumlar nəticəsində Əsas Qanuna əlavə və dəyişikliklər edildi. Bu dəyişikliklər idarəetmə sisteminin təkmilləşdirilməsinə, insan hüquqlarının müdafiə mexanizmlərinin genişləndirilməsinə və dövlət institutlarının fəaliyyətinin müasir tələblərə uyğunlaşdırılmasına xidmət etdi. 2016-cı il referendumundan sonra Birinci vitse-prezidentlik institutunun yaradılması da idarəetmə sistemində mühüm institusional yenilik oldu. Konstitusiyanın əsas fəlsəfəsində insan amili xüsusi yer tutur. Onun 12-ci maddəsinə əsasən, insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Bu prinsip hüquqi dövlət quruculuğunun mahiyyətini müəyyən etməklə yanaşı, dövlət-vətəndaş münasibətlərinin əsasını təşkil edir. İnsan hüquqlarının real təminatı, məhkəmə müdafiəsinin əlçatanlığı, qanun qarşısında bərabərlik, dövlət idarəçiliyində şəffaflıq və hesabatlılıq bu konstitusion məqsədin həyata keçirilməsinin əsas şərtləridir. Əsas Qanunda konstitusiya ədalət mühakiməsi institutunun yaradılmasının nəzərdə tutulması da mühüm yenilik idi. 1998-ci ildə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin fəaliyyətə başlaması ilə ölkədə konstitusiya nəzarətinin institusional mexanizmi formalaşdı. Bu, Konstitusiyanın aliliyinin qorunması və hüquqi dövlət prinsiplərinin möhkəmləndirilməsi istiqamətində mühüm addım oldu. Bu gün Azərbaycanın konstitusion inkişafı Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasının Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir çağırışlara uyğun davam etdirilməsi kontekstində yeni məzmun qazanır. Dövlət suverenliyinin möhkəmləndirilməsi, milli maraqların qorunması, güclü idarəetmə institutlarının formalaşdırılması və ölkənin hərtərəfli inkişafı bu siyasətin əsas istiqamətləridir. Azərbaycanın müasir tarixində ən mühüm hadisələrdən biri ərazi bütövlüyümüzün və dövlət suverenliyimizin tam bərpasıdır. 2020-ci ildə Vətən müharibəsində qazanılmış tarixi Zəfər və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin bütün ərazilərində konstitusion quruluş bərpa olundu. Bununla Azərbaycan dövlətçiliyinin qarşısında uzun illər dayanan mühüm tarixi vəzifə həyata keçirildi. Konstitusiyanın hüquqi qüvvəsinin ölkəmizin bütün ərazisində təmin olunması suverenliyimizin real və dolğun təcəssümüdür.
Bu tarixi reallıqlar və Konstitusiyanın qəbul edilməsinin 30 illiyi nəzərə alınaraq Prezident İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edildi. Bu qərar dövlətçilik tariximizin mühüm mərhələlərinin, konstitusion dəyərlərin və milli suverenlik ideyasının daha geniş təbliği baxımından xüsusi əhəmiyyət daşıdı. Eyni zamanda, Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə 2025-ci il oktyabrın 10-da “Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995–2025)” yubiley medalının təsis edilməsi Əsas Qanunun hazırlanmasına, təkmilləşdirilməsinə, təbliğinə və konstitusion prinsiplərin inkişafına töhfə verən şəxslərin xidmətlərinə verilən yüksək qiymətin ifadəsidir.
Hazırda işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, Böyük Qayıdış Proqramının həyata keçirilməsi, müasir infrastrukturun yaradılması və dövlət institutlarının fəaliyyətinin təmin olunması suverenliyimizin praktiki təzahürüdür. Bu ərazilərdə konstitusion hüquq və vəzifələrin tam tətbiqi vahid hüquqi məkanın bərpasını və dövlətçiliyimizin gücünü nümayiş etdirir. Yeni inkişaf mərhələsində əsas vəzifəmiz əldə etdiyimiz tarixi nailiyyətləri güclü hüquqi institutlar, səmərəli idarəçilik, qanunun aliliyi və insan hüquqlarının etibarlı müdafiəsi ilə möhkəmləndirməkdir. Bunun üçün hüquqi maarifləndirmənin genişləndirilməsi, gənc nəslin konstitusion biliklərinin artırılması və cəmiyyətdə qanuna hörmət mədəniyyətinin gücləndirilməsi də xüsusi əhəmiyyət daşıyır. Konstitusiya dövlətin hüquqi kimliyi, xalqın siyasi iradəsi və milli dövlətçiliyin davamlılığının təminatıdır. Ümummilli Lider Heydər Əliyevin yaratdığı möhkəm hüquqi təməl bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil dövlət siyasətinin əsas dayaqlarından biri olaraq qalır. Tarixi Zəfərimiz və suverenliyimizin tam bərpası Azərbaycan Konstitusiyasının müəyyən etdiyi dövlətçilik prinsiplərinin yeni tarixi mərhələdə təntənəsidir. Konstitusiyaya sədaqət, qanunun aliliyi və milli həmrəylik isə müstəqil Azərbaycanın gələcək inkişafının, güclü dövlətçiliyimizin və suverenliyimizin başlıca təminatlarıdır.
Tahir Mirkişili,
Milli Məclisin deputatı