12 noyabr 2026 09:54
161

Azərbaycan Respublikasının Konstitusiyası: dövlətçilik və suverenliyin əsas hüquqi təminatı

Dövlətin siyasi-hüquqi sisteminin əsasını təşkil edən Konstitusiya yalnız ali hüquqi qüvvəyə malik normativ sənəd deyil, həm də xalqın dövlətçilik iradəsini, milli dəyərlərini, inkişaf strategiyasını və gələcəyə baxışını özündə əks etdirən fundamental siyasi-hüquqi aktdır. Azərbaycan Respublikasının Konstitusiyası ümumbəşəri demokratik prinsiplərlə milli dövlətçilik ənənələrinin vəhdətini təmin etməklə müstəqil dövlət quruculuğunun möhkəm hüquqi əsasını formalaşdırmışdır.

Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi, Konstitusiyamız ümumbəşəri dəyərlərə və mütərəqqi milli ənənələrə söykənərək, müasir dövrün reallıqlarını, dövlətin və cəmiyyətin inkişaf perspektivlərini əks etdirir. Bu baxımdan, Əsas Qanunun qəbul edilməsi Azərbaycanın müstəqillik tarixində mühüm siyasi-hüquqi hadisə olmaqla yanaşı, milli dövlətçilik ideyasının institusional müstəvidə reallaşdırılmasının da əsas mərhələlərindən biri olmuşdur.

Azərbaycanın konstitusiya quruculuğu tarixi mürəkkəb siyasi proseslər və dövlətçilik axtarışları ilə səciyyələnir. 1918–1920-ci illərdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət ərzində müstəqil dövlət institutlarının yaradılması istiqamətində mühüm addımlar atsa da, mövcud tarixi şərait səbəbindən ayrıca Konstitusiya qəbul edə bilməmişdir.

Azərbaycanın ilk Konstitusiyası 1921-ci il mayın 19-da qəbul edilmiş, sonrakı illərdə Sovet İttifaqında baş verən siyasi və hüquqi dəyişikliklərə uyğun olaraq bir neçə dəfə yenilənmişdir. 1927 və 1937-ci illərdə qəbul edilən konstitusiyalar, eləcə də 1978-ci il aprelin 21-də təsdiqlənən Azərbaycan SSR Konstitusiyası həmin dövrün siyasi-ideoloji sisteminin hüquqi əsaslarını müəyyənləşdirmişdir.

Bununla belə, Azərbaycan dövlətçilik tarixində 1978-ci il Konstitusiyasının xüsusi əhəmiyyət daşıyan müddəalarından biri dövlət dilinin Azərbaycan dili kimi təsbit olunması idi. Ümummilli Lider Heydər Əliyevin prinsipial mövqeyi və təşəbbüsü nəticəsində Konstitusiyanın 73-cü maddəsində Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsi milli kimliyin və dilçilik ənənələrinin qorunması baxımından mühüm tarixi addım olmuşdur. Bu qərar milli dövlətçilik düşüncəsinin gələcək müstəqillik mərhələsi üçün qorunub saxlanılmasına xidmət edən siyasi iradənin təzahürü idi.

1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyinin bərpası ölkənin siyasi və hüquqi sisteminin yenidən qurulmasını zəruri etmişdi. Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktında yeni Əsas Qanunun hazırlanması nəzərdə tutulsa da, müstəqilliyin ilk illərində ölkədə hökm sürən siyasi qeyri-sabitlik, hakimiyyət böhranı və idarəetmə mexanizmlərinin zəifliyi bu prosesin həyata keçirilməsinə ciddi maneələr yaratmışdı.

Belə bir şəraitdə 1993-cü ildə xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan Heydər Əliyevin rəhbərliyi altında ölkədə dövlət idarəçiliyinin bərpası, ictimai-siyasi sabitliyin təmin edilməsi və milli dövlətçilik institutlarının formalaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirildi. Bu proses yeni Konstitusiyanın hazırlanması üçün zəruri siyasi və institusional zəmin yaratdı.

Ulu Öndər Heydər Əliyev Konstitusiya quruculuğunu müstəqil dövlətin gələcək inkişafını müəyyənləşdirən strateji məsələ kimi qiymətləndirirdi. Onun rəhbərliyi ilə yaradılmış Konstitusiya komissiyası tərəfindən hazırlanmış layihədə xalq hakimiyyəti, hakimiyyət bölgüsü, hüquqi dövlət, insan hüquq və azadlıqlarının təminatı kimi fundamental prinsiplər əsas götürüldü.

1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq referendumu müstəqil Azərbaycanın siyasi və hüquqi tarixində yeni mərhələnin başlanğıcı oldu. Referendumda seçicilərin 86 faizi iştirak etdi və səs verənlərin 91,9 faizi Konstitusiyanın qəbul edilməsini dəstəklədi. Həmin il noyabrın 27-də qüvvəyə minən Əsas Qanun müasir Azərbaycan dövlətinin hüquqi, siyasi və institusional əsaslarını müəyyənləşdirdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də vurğuladığı kimi, Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış Konstitusiya müasir dünyanın sivil dəyərlərinə, qanun yaradıcılığı təcrübəsinə, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə, milli və ümumbəşəri prinsiplərə əsaslanaraq demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu üçün möhkəm təməl yaratmışdır.

Konstitusiyanın qəbul edilməsi ilə dövlət hakimiyyətinin qanunvericilik, icra və məhkəmə qolları arasında bölgünün hüquqi çərçivəsi müəyyənləşdirildi, dövlət orqanlarının səlahiyyətləri və fəaliyyət prinsipləri təsbit olundu. Bununla yanaşı, mülkiyyət formalarının bərabərliyi, siyasi plüralizm, demokratik idarəçilik və vətəndaş cəmiyyətinin inkişafı üçün hüquqi təminatlar yaradıldı.

Bu mənada, 1995-ci il Konstitusiyası yalnız müstəqilliyin hüquqi təsdiqi deyil, həm də Azərbaycanın uzunmüddətli siyasi və sosial-iqtisadi inkişafının konseptual istiqamətlərini müəyyən edən strateji sənəd kimi çıxış etdi.

Azərbaycan Respublikası Konstitusiyasının mühüm xüsusiyyətlərindən biri insan hüquq və azadlıqlarına geniş yer ayrılmasıdır. Əsas Qanunun 48 maddəsinin bilavasitə bu sahəyə və onların təminatlarına həsr olunması dövlət-vətəndaş münasibətlərində insan amilinin prioritet mövqeyini nümayiş etdirir.

Konstitusiyada insan və vətəndaş hüquqlarının bərabərliyi, ayrı-seçkiliyin yolverilməzliyi, yaşamaq, azadlıq, mülkiyyət, təhsil, əmək, sosial təminat və digər fundamental hüquqlar təsbit edilmişdir. Bu müddəalar beynəlxalq hüququn ümumtanınmış prinsipləri və insan hüquqlarına dair fundamental sənədlərlə uzlaşır.

Əsas Qanunun mühüm prinsiplərindən biri də dövlət hakimiyyəti orqanlarının insan və vətəndaş hüquq və azadlıqlarının qorunması və təmin edilməsi istiqamətində məsuliyyət daşımasıdır. Beləliklə, Konstitusiya dövlətin legitimliyini və idarəçilik fəaliyyətinin hüquqi çərçivəsini müəyyənləşdirməklə yanaşı, vətəndaşların hüquqi müdafiəsinin fundamental təminatına çevrilmişdir.

Hüquqi dövlətin əsas göstəricilərindən biri Konstitusiyanın aliliyinin təmin olunması və qanunların Əsas Qanuna uyğunluğuna nəzarət mexanizminin mövcudluğudur. Məhz bu baxımdan 1995-ci il Konstitusiyasında konstitusiya ədalət mühakiməsi institutunun yaradılmasının nəzərdə tutulması ölkənin hüquq sistemində mühüm yenilik idi.

1997-ci il oktyabrın 21-də “Konstitusiya Məhkəməsi haqqında” Qanunun qəbul edilməsi ilə bu istiqamətdə hüquqi baza formalaşdırıldı. 1998-ci il iyulun 14-də Konstitusiya Məhkəməsi hakimlərinin təyin edilməsi, iyulun 18-də isə müvafiq fərmanın imzalanması ilə qurum fəaliyyətə başladı.

Konstitusiya Məhkəməsinin yaradılması ölkədə konstitusiya nəzarətinin institusional əsaslarını möhkəmləndirdi, normativ hüquqi aktların Əsas Qanuna uyğunluğunun yoxlanılması və konstitusion hüquqların müdafiəsi baxımından yeni imkanlar yaratdı. Bu institutun formalaşması Azərbaycanın hüquqi dövlət quruculuğunda mühüm mərhələlərdəndir.

Dövlət və cəmiyyət həyatında baş verən dəyişikliklər, sosial-iqtisadi inkişaf və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi zərurəti Konstitusiyanın ayrı-ayrı müddəalarının yenilənməsini gündəmə gətirmişdir. Bu məqsədlə 2002, 2009 və 2016-cı illərdə ümumxalq referendumları vasitəsilə Əsas Qanuna əlavə və dəyişikliklər edilmişdir.

2002-ci il avqustun 24-də keçirilmiş referendumla Konstitusiyanın 24 maddəsində 29 dəyişiklik, 2009-cu il martın 18-də keçirilmiş referendumla isə 25 maddəyə 30-dan artıq əlavə və dəyişiklik qəbul edilmişdir. Həmin dəyişikliklər, əsasən, dövlət idarəçiliyinin təkmilləşdirilməsi, seçki sisteminin və hüquqi mexanizmlərin yenilənməsi, insan hüquq və azadlıqlarının təminatlarının genişləndirilməsi istiqamətlərini əhatə etmişdir.

2016-cı il sentyabrın 26-da keçirilmiş referendum isə konstitusiya islahatlarının növbəti mərhələsi olmuşdur. Konstitusiyanın 29 maddəsinə 41 əlavə və dəyişiklik edilmiş, idarəetmə sistemində Birinci vitse-prezident institutu təsis olunmuşdur. Bu dəyişikliklər dövlət hakimiyyəti mexanizminin yenilənməsi və idarəetmə sisteminin institusional təkmilləşdirilməsi baxımından əhəmiyyət daşımışdır.

Ümumilikdə, konstitusiya islahatları dövlətin dəyişən siyasi, iqtisadi və sosial reallıqlara uyğunlaşmasının hüquqi mexanizmi kimi çıxış etmiş, Əsas Qanunun ölkənin inkişaf prioritetləri ilə uzlaşdırılmasına xidmət etmişdir.

Azərbaycan dövlətçiliyinin müasir inkişaf mərhələsində Konstitusiyanın ərazi bütövlüyü və suverenliyin təmin olunması ilə bağlı müddəaları xüsusi aktuallıq qazanmışdır. 2020-ci il Vətən müharibəsində qazanılmış tarixi Qələbə və 2023-cü ilin sentyabrında həyata keçirilmiş antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmişdir. Bununla ölkənin bütün ərazilərində konstitusion hüquq normalarının və dövlət hakimiyyətinin tətbiqi üçün zəruri şərait təmin olunmuşdur.

Bu tarixi reallıqlar nəzərə alınaraq, Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilmişdir. 2025-ci il fevralın 11-də isə bu istiqamətdə tədbirlər planı təsdiq olunmuşdur.

“Konstitusiya və Suverenlik İli”nin elan edilməsi 1995-ci il Konstitusiyasının qəbulunun 30-cu ildönümü ilə yanaşı, Azərbaycanın müstəqil dövlətçilik tarixində əldə etdiyi mühüm nailiyyətlərin siyasi-hüquqi baxımdan qiymətləndirilməsi üçün də əhəmiyyətli platforma yaratmışdır. Bu təşəbbüs Konstitusiyanın mahiyyətində yer alan dövlət müstəqilliyi, suverenlik, ərazi bütövlüyü və milli maraqların qorunması prinsiplərinin müasir mərhələdə xüsusi əhəmiyyətini bir daha ön plana çıxarmışdır.

Digər tərəfdən, 2025-ci il oktyabrın 10-da “Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995–2025)” yubiley medalının təsis edilməsi də bu tarixi mərhələnin əhəmiyyətini nümayiş etdirən mühüm addımlardan biri olmuşdur. Medalın təsis edilməsində məqsəd Konstitusiyanın hazırlanması və təkmilləşdirilməsi, konstitusion prinsiplərin inkişafı, qanunvericilik sisteminin möhkəmləndirilməsi və insan hüquqlarının müdafiəsi istiqamətində xidmətləri olan şəxslərin fəaliyyətinin qiymətləndirilməsidir.

Müasir dövrdə Konstitusiyanın əhəmiyyəti yalnız dövlət hakimiyyətinin təşkili və hüquqi münasibətlərin tənzimlənməsi ilə məhdudlaşmır. O, həm də dövlətin strateji inkişaf istiqamətlərini, milli maraqların qorunması mexanizmlərini və cəmiyyətin gələcək inkişaf modelini müəyyən edən fundamental sənəddir.

Azərbaycanın yeni geosiyasi reallıqlar şəraitində həyata keçirdiyi müstəqil siyasət, dövlət suverenliyinin möhkəmləndirilməsi, iqtisadi potensialın artırılması və beynəlxalq mövqelərinin gücləndirilməsi Konstitusiyada təsbit edilmiş prinsiplərlə sıx bağlıdır. Bu baxımdan, Əsas Qanunun aliliyinin təmin edilməsi, hüquqi institutların davamlı inkişafı, insan hüquq və azadlıqlarının müdafiəsi və dövlət-vətəndaş münasibətlərində hüquqi məsuliyyətin gücləndirilməsi qarşıdakı mərhələnin də mühüm prioritetləri olaraq qalır.

12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiyası Günü müstəqil dövlətçiliyimizin hüquqi əsaslarının formalaşmasını, milli iradənin ali qanun səviyyəsində təsbit olunmasını və Azərbaycanın demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunda keçdiyi tarixi mərhələləri bir daha xatırladır.

Şübhəsiz ki, 1995-ci ildə qəbul edilmiş Konstitusiya müasir Azərbaycan dövlətçiliyinin fundamental hüquqi dayağı olmaqla, milli suverenliyin, dövlət müstəqilliyinin və cəmiyyətin davamlı inkişafının təmin olunmasında mühüm rol oynayır. Bu sənədin siyasi-hüquqi mahiyyətini qorumaq, onun prinsiplərinin ictimai həyatın bütün sahələrində reallaşdırılmasını təmin etmək isə dövlətin və cəmiyyətin qarşısında duran mühüm vəzifələrdəndir.

Ziyafət ƏSGƏROV,
Azərbaycan Respublikası  Milli Məclisinin Sədr müavini