29 oktyabr 2026 10:16
110

Səudiyyə Ərəbistanı Türkiyəyə öz ərazisində hərbi baza yaratmağı TƏKLİF EDİB

Səudiyyə Ərəbistanı Türkiyəyə öz ərazisində hərbi baza yaradılması ilə bağlı təklif göndərib.

“İki sahil” xəbər verir ki, Türjiyənin "Hürriyet" qəzetinin yaydığı məlumata görə, sözügedən baza Türkiyənin Qətərdəki mövcud bazası modeli əsasında formalaşdırıla bilər.

Türkiyənin Qətərdəki hərbi bazası 2015-ci ildən bəri ikitərəfli saziş əsasında fəaliyyət göstərir. Açıq mənbələrin məlumatına görə, orada 3 minə yaxın türk hərbçisi dislokasiya olunub. Bu baza birgə təlimlər və Qətər Silahlı Qüvvələrinin şəxsi heyətinin hazırlanması üçün istifadə edilir.

Səudiyyə Ərəbistanında bazanın yaradılması məsələsinə respublika parlamentinin Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında birgə müdafiə haqqında Məkkə Sazişini ratifikasiya etməsindən sonra baxıla bilər. Sənəd bu həftə parlamentin Xarici işlər komissiyasından keçib, indi isə sənəd bütövlükdə parlament tərəfindən təsdiqlənməlidir. Türkiyə qanunvericiləri bunu zəruri hesab edəcəyi təqdirdə, parlament hərbçilərin xaricə göndərilməsinə dair mandat verməli və bazanın yaradılması haqqında ayrıca sənəd qəbul etməlidir.

"Hürriyet" qəzetinin məlumatına görə, yeni təhlükəsizlik konsepsiyası çərçivəsində Türkiyə ikitərəfli sazişlər və müxtəlif alyanslar çərçivəsindəki razılaşmalar əsasında müxtəlif qitələrdə, xüsusən Afrika və Asiyada öz hərbi varlığını genişləndirməyi nəzərdən keçirir. Bu, həm də ABŞ-nin 2027–2028-ci illərdə Yaxın Şərqdə birbaşa hərbi varlığını azaltmaq planları ilə şərtlənir. "Yeni dövrdə Türkiyənin məqsədi öz hərbi potensialından yalnız öz sərhədlərini qorumaq üçün değil, həm də təhlükəsizlik maraqlarının olduğu müxtəlif regionlarda çəkindiricilik effekti və diplomatik nüfuz yaratmaq üçün istifadə etməkdir", — deyə qəzet yazır.

Qeyd edilir ki, Türkiyənin 12 ölkədə hərbi bazası var. Bunlardan ən böyüyü tanınmamış Şimali Kipr Türk Respublikasında yerləşir və orada 30 mindən çox şəxsi heyəti olan hərbi kontingent dislokasiya olunub. Türkiyənin bazaları, həmçinin Qətər, İraq, Suriya, Somali, Liviya və bir sıra digər ölkələrdə yerləşir.