29 oktyabr 2026 09:57
107

Mask Ukraynaya dəstəkdən imtina edib?

İlon Mask öz mövqeyini Ukraynaya "səxavətli dəstək" göstərməkdən "Kiyevin kəskin tənqidinə" doğru dəyişib.

“İki sahil” xəbər verir ki, bu rəyi mənbələrlə əsaslanaraq "The Atlantic" jurnalı yazıb.

Mənbələrdən bəzilərinin iddiasına görə, onlar Maskın Ukraynaya yardım göstərilməsinə dair baxışlarının səxavətli dəstəkdən açıq düşmənçiliyə doğru necə dəyişdiyini müşahidə ediblər.

Nəşrin təsdiq etdiyinə görə, 2022-ci ildə Mask Ukraynanın xəstəxanalarına, elektrik stansiyalarına və dövlət müəssisələrinə minlərlə "Starlink" peyk rabitə sistemi antenası təhvil verib. Çox keçmədən ukraynalı hərbçilər bunlardan PUA-ların idarə olunması və rabitənin saxlanılması üçün istifadə etməyə başlayıblar.

Jurnalın Maskın sahibi olduğu "SpaceX" şirkəti ilə əlaqəli mənbələrindən birinin sözlərinə görə, "Starlink"dən istifadə etməklə həyata keçirilən hücumların dərc olunmuş kadrları təşkilat daxilində ciddi narahatlığa səbəb olub.

Daha sonra Mask özü bioqraf Uolter Ayzeksona bildirib ki, "Starlink" heç vaxt döyüş əməliyyatları üçün nəzərdə tutulmayıb. Nəşr qeyd edir ki, Ukraynada "Starlink"in işində son zamanlar meydana gələn kəsintilərlə bağlı Mask bu xidməti istədiyi an öz arzusu ilə söndürə biləcəyini nümayiş etdirib.