21 sentyabr 2026 17:02
93

ADU-da ən yaxşı elmi məqalənin müəyyənləşdirilməsi və mükafatlandırılması ilə bağlı iclas keçirilib

Azərbaycan Dillər Universitetində (ADU) Scopus və Web of Science beynəlxalq elmi məlumat bazalarında indekslənən jurnallarda dərc olunmuş ən yaxşı elmi məqalənin müəyyənləşdirilməsi və mükafatlandırılması ilə bağlı iclas keçirilib.
İclasın əsas məqsədi 12 yanvar 2024-cü il tarixli Rektoryanı Şuranın qərarına uyğun olaraq, ADU-da fəaliyyət göstərən professor-müəllim heyətinin elmi-tədqiqat fəaliyyətinin təşviqi məqsədilə Scopus və Web of Science beynəlxalq elmi məlumat bazalarında indekslənən jurnallarda dərc olunmuş ən yaxşı elmi məqalənin müəyyənləşdirilməsi və mükafatlandırılması ilə bağlı məsələlərin müzakirəsi olub.
İclasda Elm və İnnovasiya məsələləri üzrə prorektor Həmidə Əliyeva, Tədris məsələləri üzrə prorektor, dosent Şəfəq Şahməmmədova, Elm şöbəsinin müdiri, dosent Sevda İmanova, Ümumi dilçilik kafedrasının müdiri, professor Azad Məmmədov, İnsan resursları şöbəsinin müdiri, dosent Məmməd İsmayılov, Keyfiyyətin təminatı və monitorinq şöbəsinin müdiri, dosent Fatma Qurbanzadə, rektorun maddi-texniki və maliyyə məsələləri üzrə müşaviri Nüşabə Tanrıverdiyeva, eləcə də Elmi Kitabxana İnformasiya Xidməti Mərkəzinin (EKİXM) rəhbəri Cəmilə Əliyeva iştirak ediblər.
İclas zamanı təqdim olunmuş elmi məqalələr ətraflı şəkildə nəzərdən keçirilib, onların dərc olunduğu jurnalların səviyyəsi, elmi yeniliyi, aktuallığı, həmçinin tədqiqat nəticələrinin əsasnamədə qeyd olunan tələblərə uyğunluğu müzakirə olunub.
Qeyd edək ki, bu təşəbbüs ADU-da elmi-tədqiqat fəaliyyətinin stimullaşdırılmasına, professor-müəllim heyətinin beynəlxalq elmi nəşrlərdə fəallığının artırılmasına, universitetdə elmi fəaliyyətin keyfiyyətinin yüksəldilməsinə və ADU-nun beynəlxalq akademik mühitdə tanıdılmasına xidmət edir.