21 sentyabr 2026 19:14
143

Vətən qeyrətli oğullar əbədi ürəklərdə yaşayırlar

Mayor Vüqar Heydərov 2023-cü il sentyabr 20-si Antiterror əməliyyatı zamanı döyüş tapşırığını yerinə yetirərkən şəhidlik zirvəsinə ucalıb. Ölümsüzlüyə qovuşan qəhrəman Vətən sevdalısı 1988-ci ildə Lənkəran rayonunun Boladi kəndində ziyalı ailəsində anadan olub. O, 2005-ci ildə hərbi liseyi bitirib və həmin ildə Heydər Əliyev adına Ali Hərbi məktəbə qəbul olunub. Dörd ildən sonra oranı yüksək səviyyədə başa vurub 1il təlim-tədris mərkəzində hərbi xidmət göstərib. 2010-cu il iyulun 22-dən şəhadət şərbətini içənədək Naxçıvan Muxtar Respublikasında yerləşən müxtəlif hərbi hissələrdə zabit olaraq Vətəninə vicdanla, şərəflə xidmət göstərib.

Hazırda Vüqar Heydərovun doğma Boladi kənd qəbiristanlığında sevdalanıb baş qoyduğu torpağı burada hamı müqəddəs bilir, günəş ömrünü yaşayan şəhid oğlu ilə qürur duyur, bizlərə əmanət qoyduğu 2 oğul övladı –Yusif və Mehdinin xətirlərini əziz tuturlar.

Yeni Azərbaycan Partiyasının Lənkəran rayon təşkilatının sədr müavini Əlövsət Qurbanov başda olmaqla şəhər ziyalıların, kənd sakinlərin iştirakı ilə tarix yazıb xalqın gözündə Vətəninə, yurduna sonsuz məhəbbət mücəssəməsinə dönən şəhid Vüqar Heydərovun xatirə lövhəsinin aşılısını ediblər. Daha sonra doğulduğu evinin önündə xatirə kompleksinə baş çəkib, ehtiram əlaməti olaraq orada təzə güldən, çiçəklərdən çələng hörüblər.

Çıxışlar zamanı Əlövsət Qurbanov bildirib ki, torpaq onun yolunda şəhid olmağı bacaran oğulların çiyinlərində Vətən olur. Bəli, Azərbaycanın qeyrətini hər şeydən üstün tutan Vüqar kimi qəhrəmanların tökdüyü qanla Qarabağımızın hər qarışı canlanır, Vətən yaşayır. Vətənin harayına səs verib şüurlu surətdə canını ona fəda edənlər hər zaman sonsuz hörmətə layiqdirlər, onların xatirəsini əziz tutmaq isə hər birimizin müqəddəs borcudur.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü