21 sentyabr 2026 18:58
112

Azərbaycan və Türk dünyası: Şuşadan başlayan müttəfiqlik yolu

Azərbaycanın xarici siyasətində Türk dünyası ilə əlaqələrin inkişafı xüsusi yer tutur.  Bu siyasətin mühüm göstəricilərindən biri ölkəmizin Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanla müttəfiqlik münasibətlərini rəsmiləşdirən sənədlər imzalamasıdır. Şübhəsiz, bu sənədlər ikitərəfli əlaqələrin sadəcə dostluq və strateji tərəfdaşlıq çərçivəsində deyil, daha geniş siyasi və təhlükəsizlik gündəliyi əsasında inkişaf etdirilməsinə imkan yaradır.

Bəri başdan qeyd edək ki, Azərbaycanın digər Türk dövlətləri ilə bu müttəfiqlik yolu Şuşadan başlayıb. Belə ki, Vətən müharibəsindən 7 ay sonra, daha doğrusu, 15 iyun 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə əlaqələrində yeni səhifə açıb.  Yəni, Şuşa Bəyannaməsi çoxəsrlik qardaşlıq bağlarını rəsmən strateji müttəfiqlik zirvəsinə qaldırıb. Siyasi, iqtisadi, müdafiə, təhlükəsizlik, mədəniyyət, humanitar, təhsil, səhiyyə və digər sahələrdə əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan bu Bəyannamənin ən mühüm məqamlarından biri 1921-ci il oktyabrın 13-də imzalanmış tarixi Qars müqaviləsinə edilən istinaddır. Düz bir əsr sonra iki qardaş dövlətin yenidən eyni hüquqi-siyasi prinsiplərə sadiqliyini bəyan etməsi, regionda sabitliyin və sərhədlərin toxunulmazlığının ən böyük qarantıdır.

24 avqust 2022-ci ildə Bakıda “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə” imzalanıb. Eyni vaxtda 2022-2026-cı illər üzrə əməkdaşlığın inkişaf etdirilməsi haqqında Kompleks Proqram da qəbul edilib. Bu sənəd Azərbaycan-Qazaxıstan münasibətlərinin strateji məzmununu daha da gücləndirib. 2025-ci ilin oktyabrında isə Azərbaycan və Qazaxıstan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında müqavilənin imzalanmasının 20 illiyi münasibətilə Birgə Bəyanat imzalanıb. Bu da iki ölkə arasında müttəfiqlik münasibətlərinin ardıcıl şəkildə möhkəmləndirildiyini göstərir.

Son illərdə Azərbaycan-Qırğızıstan münasibətlərində də mühüm dəyişikliklər baş verib. 20 aprel 2022-ci ildə Bakıda iki ölkə arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb. Bu sənəd də siyasi dialoqun və qarşılıqlı əməkdaşlığın inkişafında mühüm mərhələ olub. Strateji Tərəfdaşlıq haqqında Bəyannamə Azərbaycan ilə Qırğızıstan arasında münasibətləri keyfiyyətcə yeni səviyyəyə qaldırıb. Lakin münasibətlər bununla məhdudlaşmayıb. 31 iyul 2026-cı ildə Qırğızıstanda Azərbaycan və Qırğızıstan prezidentlərinin iştirakı ilə “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanıb. Bununla iki ölkə arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsindən müttəfiqlik mərhələsinə yüksəldilib. 2026-cı ilin iyulunda imzalanan sənədlər paketində energetika, nəqliyyat, kibertəhlükəsizlik, təhsil və digər sahələri əhatə edən razılaşmaların da olması əməkdaşlığın çoxşaxəli xarakter daşıdığını göstərir.

Azərbaycanın Türk dünyasının digər mühüm dövləti olan Özbəkistanla münasibətləri də son illərdə yeni məzmun qazanıb. 21 iyun 2022-ci ildə Daşkənddə “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə” imzalanıb. Bu münasibətlər 23 avqust 2024-cü ildə daha yüksək mərhələyə keçib. Həmin tarixdə Azərbaycan və Özbəkistan prezidentləri “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalayıblar. Sənədlərin imzalanması ilə iki ölkə arasında siyasi, iqtisadi, humanitar və digər istiqamətlərdə əməkdaşlığın daha sistemli şəkildə inkişaf etdirilməsi üçün yeni hüquqi baza yaradılıb. 23 avqust 2026-cı ildə Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri zamanı dövlət başçıları tərəfindən “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə” imzalanıb. Müqavilədə göstərilir ki, iki dövlət beynəlxalq hüququn hamılıqla tanınmış prinsiplərini və normalarını rəhbər tutaraq, münasibətlərində əbədi dostluğa, qarşılıqlı etimada, strateji tərəfdaşlığa və müttəfiqliyə əsaslanır, öz milli reallıqlarına uyğun inkişaf yollarının və modellərinin seçimində bir-birini dəstəkləyirlər. Bütün bunlar göstərir ki, Azərbaycan Türk dünyası ilə münasibətlərini yalnız tarixi-mədəni bağlar üzərində deyil, həm də qarşılıqlı siyasi maraqlar, iqtisadi əməkdaşlıq, təhlükəsizlik və nəqliyyat bağlantıları üzərində qurur.

Yeri gəlmişkən xatırladaq ki, bütün bu sənədlərdə dövlətlərin suverenliyi, ərazi bütövlüyü, müstəqilliyi və beynəlxalq hüququn prinsiplərinə hörmət məsələləri ön plana çəkilir. Digər tərəfdən, Azərbaycanın Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanla münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəlməsi yalnız ikitərəfli əlaqələrin inkişafı baxımından deyil, daha geniş Türk dünyası əməkdaşlığı baxımından da böyük əhəmiyyətə malikdir.

Azərbaycanın dövlət başçısı 17 sentyabr 2026-cı ildə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanla müttəfiqlik haqqında müqavilə və bəyannamələrin imzalandığını xatırlatmaqla yanaşı, ikitərəfli qarşılıqlı əlaqələrin ən yüksək səviyyədə olduğunu və bu müqavilələrin uğurla həyata keçirildiyini də vurğulayıb: “Bu, açıq çıxışlarımda dəfələrlə ifadə etdiyim kimi, bizim əsas xarici siyasət prioritetimizdir. O cümlədən demişəm ki, Türk dünyası bizim ailəmizdir və bizim başqa ailəmiz yoxdur”.

Qvami Məhəbbətoğlu, “İki sahil”