18 sentyabr 2026 17:40
96

YAP-ın fəaliyyəti milli maraqlarımızın qorunmasına hədəflənib

Sentyabrın 18-də Yeni Azərbaycan Partiyası (YAP) Cəbrayıl rayon təşkilatının X konfransı keçirilib.

“İki sahil” xəbər verir ki, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Konfransda YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev hesabat məruzəsi ilə çıxış edib. O, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan Yeni Azərbaycan Partiyasının qısa müddətdə xalqın siyasi, ictimai, mədəni və intellektual inkişafında mühüm yer tutan qüvvəyə çevrildiyini deyib. Qeyd olunub ki, YAP yarandığı gündən etibarən hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu, demokratik inkişaf, idarəetmənin müasirləşdirilməsi istiqamətlərində fəal mövqe sərgiləyib. Partiyanın ölkənin tərəqqisi naminə mühüm addımlar atdığı və bu gün də həmin missiyanı uğurla davam etdirdiyi vurğulanıb.

Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov Yeni Azərbaycan Partiyasının yaranmasının təkcə siyasi hadisə deyil, həm də ölkəmizin ictimai-siyasi həyatında dönüş yaradan mühüm mərhələ olduğunu deyib. O qeyd edib ki, partiyanın təsis edilməsi Azərbaycanı xaos və qeyri-sabitlikdən çıxararaq sabitlik və inkişaf yoluna yönəldən əsas amillərdən biri olub.

Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan tarixi Zəfər qazanıb, ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa edib. Hazırda işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri uğurla davam etdirilir. Böyük Qayıdışa dair Dövlət Proqramına uyğun olaraq, bir sıra şəhər və kəndlərimizə, o cümlədən Cəbrayıla keçmiş məcburi köçkünlərin qayıdışı reallaşıb.

Cəbrayıl rayon Ağsaqallar Şurasının sədri Vaqif Məhərrəmov, Cəbrayıl rayon təhsil sektorunun müdiri Zamiq Qurbanov, Vahid İsmayılov adına Çərəkən kənd tam orta məktəbin direktoru Arifə Əhmədova partiyanın gələcək illərdə də ölkənin inkişafına mühüm töhfələr verəcəyinə əminliklərini bildiriblər.

YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Rəşad Abbaszadə partiyanın VII qurultayından ötən dövrdə görülən işlərdən danışıb, partiyanın Proqram və Nizamnamə tələblərinə uyğun olaraq yerli təşkilatların fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində sistemli işlərin həyata keçirildiyini deyib.

Konfransda YAP Cəbrayıl rayon təşkilatının hesabat dövründəki fəaliyyəti müzakirə olunaraq qənaətbəxş qiymətləndirilib və Yeni Azərbaycan Partiyasının VIII qurultayına nümayəndələr seçilib.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.