Prezident İlham Əliyev: Avropa Parlamenti işğalçı Ermənistana hər zaman dəstək verib və bu gün də bu belədir. Yəni bax bu, bizə olan münasibətin kiçik bir təsviridir. İndi yeri gəldi-gəlmədi, hər yerə sanksiyalar qoyulur. Amma yaxşı, Ermənistan burada başqa dövlətin 20 faiz torpağını zəbt edib, 700 min insanı oradan qovub, 250 min insanı-azərbaycanlıları Ermənistandan qovub, dağıdıb hər şeyi, bütün şəhərləri. Sən niyə ona sanksiya tətbiq etmirsən? Bu, deməli, ikili standartlardır. Haradan gəlir bu ikili standartlar, aydın məsələdir. Hər halda İslam aləmindən gəlmir. Ona görə bax, biz hamımız bunu bilməliyik.
Təcavüzkar Ermənistanın 30 illik işğalı dövründə Azərbaycanın tarixi torpaqlarında- Qarabağda və Şərqi Zəngəzurda maddi-mədəni irsimizə qarşı sözün əsl mənasında soyqırımı həyata keçirilib. Bu müddət ərzində Azərbaycanın yüzlərlə tarixi-dini abidələri, maddi-mədəniyyət nümunələri erməni vandalizmi nəticəsində məhv edilib. Erməni təcavüzkarlarının qarət etdikləri muzeylərdə xalqımızın tarixi və mədəniyyəti ilə bağlı qiymətli əşyalar, dünya şöhrətli Azərbaycan xalçaları, xalça məmulatları, görkəmli şəxsiyyətlərimizin xatirə əşyaları talan edilib, rəsm qalereyalarının Azərbaycanın görkəmli rəssam və heykəltəraşlarının əsərlərindən ibarət fondları dağıdılıb.
İşğal edilmiş ərazilərdə yerləşən yaşayış evləri, təhsil, sənaye və kənd təsərrüfatı obyektləri ilə yanaşı, yüzlərlə mədəniyyət müəssisəsi, o cümlədən 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 mədəniyyət sarayı, klub və mədəniyyət evi, 85 musiqi və rəssamlıq məktəbi, 100 mindən artıq eksponatın toplandığı 22 muzey və muzey filialı, 4 rəsm qalereyası, 4 teatr müəssisəsi, 2 konsert müəssisəsi, 8 mədəniyyət və istirahət parkı, 700-dən artıq tarix və mədəniyyət abidəsi məhv edilib. Ağdamda Üzərliktəpə, Füzuli rayonunda Qaraköpək kurqanları və digər tarixi mədəniyyət abidələri, eləcə də arxeoloji qazıntılar zamanı aşkar edilmiş ümumdünya əhəmiyyətinə malik 100 mindən artıq qiymətli və nadir eksponatlar erməni barbarları tərəfindən məhv edilib. Ermənilərin guya işğal olunmuş ərazilərdə tarixən yaşamasını beynəlxalq ictimaiyyətə inandırmaq üçün aparılmış qanunsuz arxeoloji qazıntı işləri zamanı aşkar olunmuş xalqımıza məxsus tarixi mədəniyyət nümunələri talan edilərək Ermənistana aparılıb.
Təcavüzkar Ermənistanın işğalından əvvəl Arazboyunun dilbər güşəsi olan Cəbrayıl rayonunda VII-XII əsrlərə aid 11 və 15 aşırımlı Xudafərin körpüləri, Kəlbəcər rayonundakı Gəncəsar və Xudavəng monastrları (XIII əsr), Ağdam rayonunun Xaçın Türbətli kəndindəki məqbərə (XIV əsr), Füzuli rayonu ərazisində dünyanın ən qədim sakinlərinin yaşayış məskənlərindən biri-Azıx mağarası, Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu ermənilərin dağıdıcılıq xislətinə məruz qalıb.
Prezident İlham Əliyev Azərbaycanın qırx dörd günlük Vətən müharibəsindəki tarixi Qələbəsi nəticəsində azad edilmiş torpaqlarımıza hər səfərində, eləcə də nüfuzlu beynəlxalq tədbirlərin trubunalarından erməni vandallarının Ağdamda, Füzulidə, Cəbrayılda, Qubadlıda, Zəngilanda, Şuşada və digər bölgələrdə illərlə törətdikləri vəhşi əməllərə diqqət yönəldərək bu cinayətkarların viran qoyduqları şəhər və kəndlərimizdən, dağıdılan, təhqir edilən məscidlərimizdən, talan edilən mədəni irsimizdən söhbət açır.
Prezident İlham Əliyev sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevi, TDT-nin müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərini və müşahidəçilərini, Yəhya Bakuvi beynəlxalq Konfransının həmtəşkilatçılarını və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən bildirb ki, 30 il ərzində Ermənistanın havadarları, Avropa Parlamenti kimi təşkilatlar təcavüzkar Ermənistanın işğalına, Qarabağda və Şərqi Zəngəzurda maddi-mədəni irsin vandalcasına dağıdılmasına göz yumublar: “Avropa Parlamenti işğalçı Ermənistana hər zaman dəstək verib və bu gün də bu belədir. Yəni bax bu, bizə olan münasibətin kiçik bir təsviridir. Görün, biz kimlərlə üzbəüz qalmışdıq, yəni Ermənistan təkbaşına deyildi. Ermənistan təkbaşına olsaydı, bu məsələ çoxdan həll olunardı. Yaxud da ki, o vaxt bu işğala, bu vəhşiliyə, bu soyqırımına görə Ermənistana beynəlxalq sanksiyalar tətbiq edilsəydi, məsələ çoxdan həll olunardı. Eləmədilər, bilərəkdən, qəsdən. İndi yeri gəldi-gəlmədi, hər yerə sanksiyalar qoyulur. Amma yaxşı, Ermənistan burada başqa dövlətin 20 faiz torpağını zəbt edib, 700 min insanı oradan qovub, 250 min insanı-azərbaycanlıları Ermənistandan qovub, dağıdıb hər şeyi, bütün şəhərləri. Sən niyə ona sanksiya tətbiq etmirsən? Bu, deməli, ikili standartlardır. Haradan gəlir bu ikili standartlar, aydın məsələdir. Hər halda İslam aləmindən gəlmir. Ona görə bax, biz hamımız bunu bilməliyik”.
Təqribən üç onillikdə tarixi torpaqlarımızın Ermənistan tərəfindən işğalına göz yuman AŞPA, ATƏT-in Minsk qrupu, Avropa Parlamenti, Azərbaycanın 2023-cü ilin sentyabrında həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində Qarabağ tamamilə azad edildikdən qısa müddət sonra ölkəmizə qarşı sanksiya mexanizmini işə salan Avropa Şurası Parlament Assambleyası kimi təşkilatların Bakıya qarşı qərəzli mövqe sərgiləməsinin səbəblərindən biri də islamofobiya ilə bağlıdır. Çünki Azərbaycan müsəlman ölkəsi olmasına baxmayaraq, sülhü, tolerantlığı və multikulturalizmi yaşadan, sürətlə inkişaf edən ölkə kimi tanınır. Amma həmin qərəzli dairələr bu faktı qəbul etmək istəmir və ölkəmizə qarşı bu cür təxribatçı iddialarla çıxış edirlər. Şübhəsiz ki, Azərbaycanın əleyhinə qara piar kampaniyası aparanlar, necə deyərlər, öz mənəvi qidalarını ölkəmizə, bütövlükdə isə müsəlman dünyasına qarşı beynəlxalq münasibətlər sisteminin qara yarasına çevrilmiş ikili standartlar siyasəti yürüdən beynəlxalq güclərdən alırlar.
Azərbaycanın möhtəşəm Zəfəri ilə başa çatan qırx dörd günlük Vətən müharibəsindən sonra bu Qələbəmizin ilhamvericisi və təşkilatçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi torpaqlarımızda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərinin uğurla reallaşdırılması sayəsində Qarabağ və Şərqi Zəngəzur ən qısa zamanda çiçəklənən diyara çevirləcək, tarixi-dini abidələrimiz yenidən bərpa olunaraq əvvəlki şöhrətinə qovuşacaq.
Zahid Rza, “İki sahil”