05 sentyabr 2026 00:31
102

Hakerlər Berlin administrasiyasına məlumatları internetdə yayıblar

“Rhysida” adlı haker qrupu Berlin əyalət administrasiyasına qarşı həyata keçirdiyi kiberhücumdan sonra şəhər rəhbərliyini təhdid edərək tələb etdiyi təxminən 2 milyon avro məbləğində pulu ala bilmədiyi üçün oğurladığı məlumatları internetdə yayıb.

“İki sahil” “Spiegel” nəşrinə istinadla xəbər verir ki, cinayətkar qrupun təxminən 5,8 terabayt həcmində məlumatı “Darknet”də paylaşdığı və 1,4 milyondan çox faylın ictimaiyyət üçün əlçatan olduğu bildirilir. Hakerlər 30 bitkoin - təxminən 2 milyon avro tələb edib və tələbin yerinə yetirilməsi üçün vaxt müəyyənləşdiriblər. Berlin Senatı isə bu cür şantaja prinsip etibarilə boyun əyməyəcəyini açıqlayıb. Ultimatum sentyabrın 4-də saat 15:35-də başa çatdıqdan qısa müddət sonra məlumat bazası yayımlanıb.

Məlumatlar arasında təxminən 80 min inzibati xəta işi, 46,5 mindən çox müqavilə, kritik infrastruktur obyektləri barədə məlumatlar, məhkəmə sənədləri, fövqəladə hallar planları, parollar və 6 minə yaxın giriş məlumatının olduğu bildirilir.

Almaniyanın İnformasiya Təhlükəsizliyi üzrə Federal İdarəsi hücumun maliyyə məqsədli kibercinayətkarlar tərəfindən həyata keçirildiyini, dövlət və ya siyasi motivli qruplarla əlaqənin müəyyən edilmədiyini açıqlayıb. Mütəxəssislər Berlin Senatının fidyə ödəməmək qərarını dəstəkləyərək bildiriblər ki, cinayətkar qruplara maliyyə ödəmək belə hücumların davam etməsinə şərait yarada bilər.