03 sentyabr 2026 14:00
43

“Biletim.az” portalı üzərindən onlayn bilet alanların sayı 1,7 dəfə artıb

2026-cı ilin yanvar-avqust ayları ərzində “biletim.az” portalı vasitəsilə onlayn qaydada 837 337 bilet əldə edilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,7 dəfə çoxdur. 

Bu ilin 8 ayı ərzində onlayn bilet satışının həcmi də artaraq 42,2%-ə yüksəlib. Ötən ilin müvafiq dövründə bu göstərici 28% olub.

2025-ci ilin yanvar-avqust ayları ərzində qabaqcadan satış üzrə biletlərin xüsusi çəkisi 33,2% idisə, cari ilin müvafiq dövründə bu göstərici 44,6%-ə yüksəlib.Bu artımlar sərnişinlərin avtovağzal xidmətlərinə etimadının artdığını və səfərlərini planlaşdırarkən onlayn bilet alışı imkanlarından daha fəal istifadə etdiklərini göstərir.

Qeyd edək ki, “biletim.az” portalında 58 məntəqəyə 95 istiqamət üzrə bilet almaq mümkündür. Sistemə 375 reys olmaqla 423 nəqliyyat vasitəsi qoşulub. Onlayn bilet satışı sistemi mərhələli şəkildə sərnişindaşıma sahəsində xidmət göstərən bütün daşıyıcı və avtovağzalları əhatə edəcək.

Vətəndaşlara daha rahat və təhlükəsiz qaydada mənzil başına çatmaq üçün biletləri onlayn qaydada “biletim.az” portalı vasitəsilə əldə etmələri tövsiyə olunur.