01 sentyabr 2026 15:23
96

ABŞ Somali ərazisindəki hərbi bazasını genişləndirir

ABŞ Somalinin şərqindəki Muxtar Puntlend regionunun ərazisindəki hərbi bazanı genişləndirir.

“İki sahil” xəbər verir ki, bu barədə Puntlend rəhbəri Səid Abdulla Deninin administrasiyası rəsmi saytında məlumat yayıb.

Qeyd edildiyi kimi, ABŞ Silahlı Qüvvələrinin Afrika Komandanlığının (AFRİKOM) Şərqi Afrikadakı xüsusi əməliyyatlar komandanı polkovnik Ceyms Rouz Bosasoya səfəri çərçivəsində Puntlend rəhbəri ilə görüşündə tikilməkdə olan bazanın genişləndirilməsini müzakirə edib.

Şərqi Afrikada ABŞ-nin Xüsusi Əməliyyatlar Komandanlığına hazırda general-mayor Klod Tüdor rəhbərlik edir.

Bununla yanaşı, tərəflər təhlükəsizlik sahəsində əməkdaşlığın möhkəmləndirilməsi, terrorçuluqla mübarizə və gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi məsələlərini qaldırıblar. Hazırda amerikalı hərbi qulluqçular Əl-Mıskad və Əl-Madou dağlıq rayonlarında "Əş-Şəbab" ekstremist qruplaşmasına qarşı döyüş əməliyyatlarında, dəniz quldurlarına qarşı əməliyyatlarda və Puntlend Müdafiə Qüvvələri üçün hərbçilərin hazırlanmasında iştirak edirlər.

ABŞ Puntlend ilə Ədən körfəzi sahilində, Bosaso limanında tikilməkdə olan hərbi bazanın genişləndirilməsi barədə razılığı təxminən bir ay əvvəl əldə edib.

Somali Federativ Hökuməti hələlik yeni sazişi şərh etməyib. Əvvəllər Moqadişo regionların xarici dövlətlərlə bu cür müqavilələri müstəqil şəkildə bağlamasına qarşı çıxaraq, xarici siyasət və milli müdafiənin mərkəzi hakimiyyətin səlahiyyətlərinə aid olduğunu bildirmişdi.