27 avqust 2026 13:43
117

Robert Köçəryanda bu milyardlar haradandır? - Paşinyan

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin sabiq prezidenti Robert Köçəryanın həbsini şərh edərək onun korrupsiya sxemlərini açıqlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə Ermənistanın baş naziri cümə axşamı hökumət iclasından sonra keçirilən brifinqdə bildirib.

"İndi heç kim sual vermir: Robert Köçəryanda bu milyardlar haradandır? O deyir: "Biz bizneslə məşğul olmuşuq". Kimi aldadırlar? Yəni onlar belə uğurlu iş adamlarıdır, biz isə ümumiyyətlə heç kimdən heç nə müsadirə edə bilmərik? Bəs onların "Toyota İrəvan"da şəxsi payının olması - bu biznes fəaliyyətidir?! İrəvanın mərkəzində torpaqları qəsb edib onları alış qiymətindən 20-30 dəfə baha satmaq biznesdir?!", - Paşinyan deyib.

O, həmçinin qeyd edib ki, korrupsiya sxemlərinin ləğvi əhəmiyyətli məsələdir.

"Həm Robert Köçəryan, həm Serj Sarqsyan, həm də Qaqik Tsarukyan öz qanuni pensiyaları və qanuni gəlirləri ilə yaşamalıdırlar. Qanunsuz yolla əldə edilənlər isə qəpiyinə qədər dövlətə və onun xalqına qaytarılmalıdır! Başqa variant yoxdur. Əgər bu baş verməzsə, bu o deməkdir ki, yeni inqilab baş verməlidir", - Paşinyan vurğulayıb.