23 avqust 2026 23:12
121

BCF Akademiyasının Bakıda 150-ci praktiki sessiyası: 11 ölkədən 62 tələbə bir araya gəldi

Beynəlxalq Cüdo Federasiyasının (BCF) Akademiyası Bakıda keçirilən 150-ci praktiki sessiya ilə fəaliyyətində mühüm mərhələyə çatıb. Təhsil, texniki inkişaf və beynəlxalq təcrübə mübadiləsi üçün 11 ölkədən 62 tələbə bir araya gəlib. Sessiya ev sahibi ölkə üçün xüsusilə əlamətdar olub.

“İki sahil” xəbər verir ki, tədbirdə 39 azərbaycanlı tələbənin iştirakı Bakıda indiyədək keçirilmiş praktiki sessiyalar üzrə ən yüksək yerli iştirak göstəricisi kimi qeydə alınıb. Rəqəmlərlə yanaşı, bu əlamətdar hadisə on ildən artıq müddətdə cüdo biliklərinin tədrisi, paylaşılması və nəsildən-nəslə ötürülməsi yanaşmasını dəyişən layihənin keçdiyi yola nəzər salmaq imkanı yaradıb.

BCF Akademiyasının təməli onun rəsmi yaradılmasından daha əvvəl qoyulub. Akademiyanın inkişafında əsas rol oynayan Envik Qalea Avropa Cüdo Birliyinin Böyük Britaniyanın Bat Universiteti və Anqliya Raskin Universiteti ilə birgə həyata keçirdiyi eksperimental təhsil proqramında iştirak edib. 2012-ci ilin noyabrında BCF prezidenti Marius Vizer həmin təcrübənin qlobal təhsil layihəsinə çevrilməsi məqsədilə BCF Akademiyasının yaradılmasını ona həvalə edib.

“Akademiyanın missiyası aydın idi: BCF strukturu daxilində cüdo təhsili üçün beynəlxalq, standartlaşdırılmış və akademik səviyyədə tanınan təhsil modeli yaratmaq”, – deyə Qalea bildirib.

Akademiyanın təşəkkül dövründə Qalea ilə yanaşı, Florin Daniel Laskau və Tibor Kojla da çalışıb, Prezident Vizer isə layihəyə davamlı dəstək göstərib. Keçmiş dünya çempionu Laskau ilkin məqsədi belə xatırlayıb: “2013-cü ildə cənab Vizerin cüdonun inkişafına dair baxışı əsasında fəaliyyətə başlayan BCF Akademiyası bütün qitələrdəki cüdoçulara bərabər təhsil imkanı yaratmaq məqsədilə BCF-nin tədris strukturuna çevrildi. Bu gün həmin akademik müəssisə yüksək ixtisaslı ekspertləri və daim genişlənən tədris proqramı ilə mümkün olan ən yüksək səviyyəli cüdo təhsilini təqdim edən platformadır”.

Akademiya 2018-ci ildə fond statusu alıb və beynəlxalq federasiya nəzdində akkreditə olunmuş ilk ali təhsil müəssisəsinə çevrilib. Laskau Akademiyanın inkişafına dəstək göstərənləri də xüsusi qeyd edib: “BCF Akademiyasının idarə heyəti və ekspertləri BCF prezidentinə, BCF İcraiyyə Komitəsinə, Beynəlxalq Olimpiya Həmrəyliyinə, Kodokan İnstitutuna və bütün milli cüdo federasiyalarına bu möhtəşəm cüdo proqramına göstərdikləri etimada və sadiqliyə görə minnətdarlıqlarını bildirirlər”.

Qalea üçün 150-ci praktiki sessiya ortaq baxışın nəticəsidir: “150-ci praktiki sessiyaya çatmaq bu ortaq baxışın, eləcə də Akademiyanın standartlarını və fəlsəfəsini mənimsəyən dünyanın müxtəlif ölkələrindən minlərlə məşqçi və hakimin fəaliyyətinin təsdiqidir”.

Həmin minlərlə insan arasında Olimpiya və dünya çempionları da var. Onlar idmanda ən yüksək səviyyəyə çatdıqdan sonra belə cüdo biliklərinin daha da dərinləşə biləcəyini görüblər. İtaliyalı 6-cı dan sahibi və Pekin-2008 Olimpiya çempionu Culiya Kvintavalle 2018-ci ildə Maltada Akademiyanın tələbəsi kimi proqrama qoşulub, 2022-ci ildə Türkiyədə isə ilk dəfə ekspert qismində praktiki sessiyada iştirak edib.

“Yüksək səviyyəli idman karyerasından sonra bu kurs mənə cüdonun arxasında dayanan dünyanı, xüsusilə texniki baxımdan daha dərindən kəşf etmək və anlamaq imkanı verdi. Tatamidə keçirdiyim uzun illərdən sonra belə araşdırılmalı nə qədər çox istiqamətin, detalın və bilik sahəsinin qaldığını anladım”.

Kvintavalle hesab edir ki, məşqçilik fəaliyyətinə başlayan idmançılar üçün təhsil xüsusi əhəmiyyət daşıyır. Çünki texnikanı icra etmək və onu necə öyrətməyi bilmək bir-birindən tamamilə fərqli səriştələrdir.

“Bilik inkişafın açarıdır. Daha çox təhsil daha yüksək səriştə, daha keyfiyyətli tədris və zaman keçdikcə daha yaxşı nəticələr deməkdir”.

7-ci dan sahibi və 2003-cü ilin dünya çempionu argentinalı Daniela Krukover isə məsələyə fərqli baxış təqdim edib. Argentina və Kanada milli komandalarında məşqçi kimi çalışmış Krukover 2019-cu ildə Dominikan Respublikasında ilk dəfə BCF Akademiyasının praktiki sessiyasına qatılıb.

“Öyrəndim ki, cüdonu bilmək və onu necə öyrətməyi bilmək iki fərqli anlayışdır. Akademiya metodikanın, ünsiyyətin, fərdi inkişafın, eləcə də tədrisin müxtəlif insanlara və inkişafın fərqli mərhələlərinə uyğunlaşdırılmasının əhəmiyyətini mənim üçün bir daha təsdiqlədi”.

Kata və özünümüdafiə üzrə fəaliyyəti onun cüdoya yarış çərçivəsindən daha geniş baxmasına imkan verib.

“Daha yaxşı məşqçilərin hazırlanması cüdonun inkişafının ən təsirli yollarından biridir. Çünki peşəkar təhsil almış məşqçinin təsiri cüdoçuların bir çox nəslini əhatə edir”.

Onun mesajı sadədir:

“Öyrənməyi heç vaxt dayandırmayın. Cüdo ömürboyu davam edən bir yoldur”.

Tina Trstenyakın təcrübəsi də bu fikirlə səsləşir. Rio-2016 Olimpiya və 2015-ci il dünya çempionu olan sloveniyalı cüdoçu əvvəlcə BCF Akademiyasının yarış karyerasından sonrakı həyatının bir hissəsinə çevriləcəyini təsəvvür etmirdi. Məşqçi olmaq niyyəti olmasa da, Qaleanın dəvəti ilə I səviyyə proqramına qoşulub və qısa müddətdə baxışı dəyişib.

“Əvvəlcə gələcəyimlə əlaqəli hesab etmədiyim bu proqram sonradan yarış karyeramı başa vurduqdan sonrakı yolumun mühüm hissəsinə çevrildi”.

Trstenyak daha sonra II səviyyə və “Cüdo menecmenti” kurslarını keçib, kata üzrə biliklərini artırıb və BCF Akademiyasının eksperti olub. O, bu statusda ilk praktiki sessiyasına 2022-ci ilin dekabrında Macarıstanın Dunavarsan şəhərində qatılıb.

“BCF Akademiyasına gələndə, səmimi desəm, cüdo haqqında heç nə bilmirmiş kimi hiss etdim. Sanki cüdonu yenidən, lap əvvəldən öyrənməli idim”.

Təhsil almaq və öyrətmək onu yalnız texnikaların icrasına deyil, onların əsasındakı prinsiplərə və təməl biliklərin əhəmiyyətinə də nəzər salmağa vadar edib.

“Cüdoda neçə il keçirməyinizdən və nə qədər uğur qazanmağınızdan asılı olmayaraq, öyrəniləcək hər zaman yeni nəsə var. Öyrəndikcə cüdonun dərinliyini daha yaxşı anlayır və qiymətləndiririk”.

7-ci dan sahibi xorvatiyalı Slavişa Bradiç üçün təhsil cüdo yolunun daim mərkəzində olub. O, ilk dəfə 2017-ci ildə Zaqrebdə Akademiyanın praktiki sessiyasına qatılıb. Bakı sessiyası isə onun üçün başqa bir əlamətdar mərhələdir. Bradiç indiyədək BCF Akademiyasının 75 sessiyasında iştirak edib. Bu, təşkil olunmuş 150 sessiyanın düz yarısıdır.

“Akademiyada işləmək yaxşı müəllim olmaq üçün öz üzərimdə hələ nə qədər çalışmalı olduğumu anlamağıma kömək etdi”.

Akademiyadakı fəaliyyəti onu Avropa, Afrika, Asiya, Avstraliya və Amerika qitələrinə aparıb. Bradiç “Özünümüdafiə üçün cüdo”, “Polis və təhlükəsizlik əməkdaşları üçün cüdo”, “Hər kəs üçün kata” və “Məktəblərdə cüdo” da daxil olmaqla, mikrokvalifikasiya kurslarının hazırlanmasına da töhfə verib.

“Cüdo haqqında anlayışım əsaslı şəkildə dəyişib. Bu, mozaikaya baxmağa bənzəyir: vaxtilə yalnız ayrı-ayrı hissələri gördüyüm yerdə indi daha bütöv mənzərəni görə bilirəm”.

Xorvatiyanın “Traq u Beskrayu” (“Sonsuzluqda iz”) mahnısına istinad edən Bradiç 75 sessiyanın onun üçün daşıdığı mənanı belə ifadə edib: “Əgər fəaliyyətim tələbə və həmkarlarımın həyatında ən kiçik bir iz belə qoyubsa, deməli, yolum əsl məqsədinə çatıb”.

BCF Akademiyası kamerunlu Frank Marsial Mussima Evanın da həyat yolunu dəyişib. İxtisasca inşaat mühəndisi olan 6-cı dan sahibi 2013-cü ildə Macarıstanın Tata şəhərində ilk dəfə tələbə, iki il sonra Zambiyada isə ilk dəfə ekspert kimi praktiki sessiyada iştirak edib.

“Bu, ən yaxşı mütəxəssislərdən öyrənmək və müəyyən edilmiş standartlara cavab vermək üçün hər gün özümü sınağa çəkdiyim möhtəşəm bir yol olub”.

Ən əsası, Akademiya onun tədris yanaşmasını dəyişib.

“Cüdo haqqında anlayışım xeyli dəyişdi. Başa düşdüm ki, ən vacib olan texnika deyil, prinsipdir”.

Onun fikrincə, Akademiya Afrikada yalnız yarış təcrübəsinin və ya qara kəmərin məşqçilik üçün yetərli hazırlıq sayılması yanaşmasını dəyişə bilər.

“Cüdomuzu standartlaşdırmaq istəyiriksə, BCF Akademiyası zəruridir. Bu, bizi cüdonun əsl mahiyyətinə və təməl prinsiplərinə qaytaran cüdo məktəbidir”.

Onun şəxsi yolu da bu təsiri aydın göstərir: “İxtisasca inşaat mühəndisi olduğum üçün məşqçiliyi bu qədər sevəcəyimi heç vaxt təsəvvür etməzdim. BCF eksperti olmaq həyatımda baş verən ən gözəl hadisələrdən biridir. İnanıram ki, indi məşqçi kimi idmançı olduğum dövrdəkindən daha böyük təsir yaradıram”.

150-ci praktiki sessiya təntənəli tədbirlərlə də yadda qalıb. Ağacəkmə mərasimi Akademiyanın davamlı inkişafını simvolizə edib, qala şam yeməyi iştirakçıları bir araya gətirib. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və Azərbaycan Milli Olimpiya Komitəsinin nümayəndələrinin iştirakı ilə keçirilən sertifikatların təqdimolunma mərasimi isə milli idman qurumları ilə əməkdaşlığın əhəmiyyətini bir daha vurğulayıb.

150 praktiki sessiyadan sonra əsas prinsip dəyişməz olaraq qalır: öyrənmək, anlamaq, öyrətmək və ötürmək. Bilik bu yolla zənginləşir, cüdo isə nəsildən-nəslə ötürülür.