18 avqust 2026 19:08
93

Tramp və Vens arasında İran məsələsində fikir ayrılığı müşahidə olunur

ABŞ vitse-prezidenti yanacağın qiymətinin aşağı səviyyədə saxlanılmasını əsas prioritet hesab edir. Prezident Donald Tramp isə dəfələrlə vurğulayıb ki, Vaşinqtonun əsas məqsədi İranın nüvə silahına sahib olmasına imkan verməməkdir. ABŞ Prezidenti Donald Tramp və vitse-prezident Cey Di Vensin İranla bağlı açıqlamalarında fərqli mövqelərin olduğu görünür.

“İki sahil” xəbər verir ki,  “The Washington Post” qəzeti yazır ki, Ağ Ev fikir ayrılığının mövcudluğunu təkzib etsə də, hər iki şəxsin bəyanatları İran məsələsində yanaşmalarının tam üst-üstə düşmədiyini göstərir.

Nəşrin məlumatına görə, Vens ABŞ administrasiyasının əsas prioritetlərindən birinin yanacağın qiymətinin aşağı saxlanılması olduğunu bildirir. Bu isə Hörmüz boğazından normal gəmiçilik fəaliyyətinin bərpası ilə əlaqələndirilir. Tramp isə dəfələrlə vurğulayıb ki, ABŞ-ın İranla bağlı əsas məqsədi bu ölkənin nüvə silahına sahib olmasının qarşısını almaqdır. İran hakimiyyəti isə nüvə silahı hazırlamağa çalışmadığını bəyan edib. “The Washington Post” qeyd edir ki, Tramp və Vensin açıqlamaları Vaşinqtonun Tehran siyasətində əsas hədəfin nədən ibarət olması ilə bağlı onların “vahid mövqedə olmadığını” göstərir.

Ağ Evin mətbuat katibinin müavini Anna Kelli qəzet jurnalistlərinə açıqlamasında isə bildirib ki, administrasiya daxilində fikir ayrılığı yoxdur. Onun sözlərinə görə, Tramp açıq şəkildə bəyan edib ki, İran heç vaxt nüvə silahına sahib olmamalıdır və bütün administrasiya prezidentin bu mövqeyini dəstəkləyir.

Kelli əlavə edib ki, Vens “prezidentin proqramının həyata keçirilməsində əla iş görür”.

Vens isə Tramp ilə İran məsələsində fikir ayrılığının olub-olmaması barədə sualları cavablandırarkən vurğulayıb ki, o, ABŞ-ın digər yüksək vəzifəli rəsmiləri kimi prezidentin göstərişlərini yerinə yetirir. Bununla yanaşı, vitse-prezident Vaşinqton administrasiyasında gələcək addımlarla bağlı “mübahisələrin və müzakirələrin” aparıldığını da etiraf edib.