18 avqust 2026 15:06
92

Qətər İranın pilotlarla bağlı bəyanatlarını təkzib edib

Tehranın Qətərin iranlı pilotları saxlaması barədə iddiaları həqiqətə uyğun deyil.

“İki sahil” xəbər verir ki, bu barədə əmirliyin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari bildirib.

"Mediada yayılan bu bəyanatlar tamamilə əsassızdır və məntiqsiz iddialardır", — deyə o, İran tarafının saxlanılan təyyarəçilərlə bağlı sözlərini şərh edərkən qeyd edib.

Əl-Ənsari vurğulayıb ki, İran təyyarələri Dohaya zərbə endirmək üçün Qətərin hava məkanına daxil olub və pilotlar xəbərdarlıqlara cavab vermədikdən sonra vurulub. Onun sözlərinə görə, martın 19-da pilotlardan birinin nəşinin qalıqları tapılıb və sonradan İran nümayəndə heyətinə təhvil verilib. Axtarış-xilasetmə əməliyyatı isə aprelin 6-da başa çatdırılıb. XİN nümayəndəsi əlavə edib ki, Doha İranın texniki qrupunu əməliyyatın təfərrüatları ilə tanış olmaq üçün dəvət edib, lakin Tehran hələ də qüvvədə olan bu dəvətə cavab verməyib.

Avqustun 15-də İran Silahlı Qüvvələrinin Baş Qərargahının İtkin düşənlərin axtarışı komitəsinin rəhbəri Məhəmməd Baqirzadə üç iranlı pilotun mart ayında qırıcılarının qəzaya uğramasından sonra Qətər hərbçiləri tərəfindən əsir götürüldüyünü iddia etmişdi. O, Beynəlxalq Qırmızı Xaç Komitəsini təyyarəçilərə baş çəkməyə və onların azad edilməsinə köməklik göstərməyə çağırmışdı.