13 avqust 2026 17:59
108

ABŞ PUA-ların və onların hissələrinin ixracına nəzarəti yumşaldıb

ABŞ administrasiyası pilotsuz uçuş aparatlarının (PUA) və onların komplektləşdirici hissələrinin bəzi növlərinə tətbiq edilən ixrac nəzarətini yumşaltmaq barədə qərar qəbul edib.

“İki sahil” xəbər verir ki, bu barədə Ticarət Nazirliyinin ABŞ hökumətinin sənədlər toplusu olan Federal Reyestr dərgisində dərc edilmiş bəyanatında bildirilir.

"Sənaye və Təhlükəsizlik Bürosu ixrac nəzarəti qaydalarına uyğun olaraq, bəzi pilotsuz uçuş aparatlarına — PUA və ya dronlara — və onlar üçün nəzərdə tutulmuş hissələrə, komponentlərə, ləvazimatlara, köməkçi avadanlıqlara, texnologiyalara və proqram təminatına tətbiq edilən ixrac nəzarətini yumşaldır", — deyə bəyanatda vurğulanır.

Belə ki, hakimiyyət orqanları dronlara nəzarət tədbirlərinin müəyyən edilməsi üçün istifadə olunan buraxıla bilən külək sürəti parametrini ləğv ediblər. Bundan əlavə, bəzi PUA-lara milli təhlükəsizlik mülahizələri ilə nəzarət tədbirlərinin tətbiq olunması həddi artırılıb: uçuş müddəti 30 dəqiqə əvəzinə 3 saat olaraq müəyyən edilib. Ticarət Nazirliyi "uçuş müddəti üç saatdan az olan PUA-larla bağlı proqram təminatına və texnologiyalara milli təhlükəsizlik mülahizələrinə görə tətbiq olunan nəzarət tədbirlərini", eləcə də dronlar üçün "müəyyən komplektləşdirici hissələrdən milli təhlükəsizlik sahəsindəki məhdudiyyətləri ləğv edib".