İqitsadçı: Nəqliyyat və logistika imkanlarının genişlənməsi Naxçıvanın həm ölkə daxilində, həm də regional iqtisadi əlaqələrdə əhəmiyyətini artıracaq
Regionların inkişafında infrastruktur yalnız sosial ehtiyacların qarşılanması vasitəsi deyil, həm də iqtisadi fəallığın formalaşdığı əsas bazadır. Enerji təminatının gücləndirilməsi, nəqliyyat əlaqələrinin yaxşılaşdırılması, təhsil və yaşayış infrastrukturunun yenilənməsi regionun gələcək inkişaf imkanlarını birbaşa müəyyənləşdirir. Naxçıvanda həyata keçirilən yeni layihələrə də bu baxımdan yanaşmaq mümkündür. Burada əsas məqsəd ayrı-ayrı obyektlərin yenilənməsi ilə kifayətlənməyərək, muxtar respublikanın iqtisadi və sosial inkişafını dəstəkləyən infrastrukturu mərhələli şəkildə gücləndirməkdir.
Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Sərəncamı ilə 258 milyon manat vəsaitin ayrılması muxtar respublikada infrastruktur layihələrinin növbəti mərhələyə keçirilməsi baxımından mühüm addımdır. Vəsaitin enerji, yol-nəqliyyat, təhsil, mənzil-kommunal və abadlıq sahələrinə yönəldilməsi Naxçıvanın inkişafının kompleks şəkildə davam etdiriləcəyini göstərir.
Yeni maliyyə paketi mövcud dövlət proqramlarının, o cümlədən 2023–2027-ci illər üzrə Dövlət Proqramının davamı kimi çıxış edir. Bu baxımdan qərar ayrı-ayrı layihələrin maliyyələşdirilməsindən daha çox, Naxçıvanın infrastruktur və sosial imkanlarının mərhələli şəkildə gücləndirilməsinə yönəlmiş dövlət siyasətinin növbəti mərhələsidir.
Enerji layihələri Naxçıvanın gələcək imkanlarını genişləndirir
Vəsaitin mühüm hissəsi enerji layihələrinə ayrılır. 15,6 MVt gücündə Su Elektrik Stansiyasının tikintisinin davam etdirilməsi Naxçıvanın enerji təminatının gücləndirilməsi ilə yanaşı, bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsinə imkan verəcək. Bu istiqamət Azərbaycanın yaşıl enerji siyasəti ilə də uzlaşır.
Nəqliyyat infrastrukturunda da genişmiqyaslı yenilənmə nəzərdə tutulur. 420 kilometr kəndlərarası, şəhər və kənd yollarının əsaslı təmiri 26 yaşayış məntəqəsində 156,3 min nəfərin nəqliyyat imkanlarını yaxşılaşdıracaq. Şəhərlərarası ictimai nəqliyyat parkının yenilənməsi isə sərnişindaşımanın təhlükəsizliyi və xidmət keyfiyyətinə müsbət təsir göstərəcək.
Sosial infrastruktur üzrə nəzərdə tutulan layihələr də diqqət çəkir. Naxçıvan Dövlət Universitetində 1000 yerlik tələbə yataqxanasının, 640 yerlik 5 yeni uşaq bağçasının tikintisi təhsil imkanlarının genişləndirilməsinə xidmət edəcək. Eyni zamanda 161 yaşayış binasının və istilik qazanxanalarının əsaslı təmiri əhalinin mənzil-kommunal şəraitinin yaxşılaşdırılmasına imkan verəcək.
Beləliklə, 258 milyon manatlıq paket Naxçıvanın yalnız mövcud infrastrukturunun yenilənməsinə deyil, həm də gələcək iqtisadi fəallıq üçün zəruri şəraitin yaradılmasına hesablanıb. Enerji gücünün artırılması, yolların yenilənməsi, nəqliyyatın müasirləşdirilməsi və sosial infrastrukturun genişləndirilməsi muxtar respublikanın həm yaşayış mühiti, həm də iqtisadi potensialı baxımından yeni imkanlar formalaşdıracaq.
Bu qərarın əsas əhəmiyyəti də məhz bundadır ki, Naxçıvanda inkişafın müxtəlif istiqamətləri paralel şəkildə gücləndirilir və dövlət investisiyaları daha əlverişli sosial-iqtisadi mühitin formalaşdırılmasına yönəldilir.
Bu çərçivədə ayrılan vəsaitin əhəmiyyəti yalnız sosial və infrastruktur layihələrinin maliyyələşdirilməsi ilə məhdudlaşmır. Naxçıvanın enerji təminatının gücləndirilməsi və nəqliyyat imkanlarının genişləndirilməsi regionun iqtisadi potensialının daha dolğun reallaşdırılması üçün yeni imkanlar yarada bilər.

İnvestisiya üçün daha əlverişli mühit formalaşır
İqtisadçı Emin Qəribli “İki sahil”ə açıqlamasında da məsələyə məhz bu aspektdən yanaşaraq, qarşıdakı dövrdə Naxçıvanın logistika, enerji və sənaye imkanlarının genişlənməsinin iqtisadi fəallığa təsir göstərə biləcəyini qeyd etdi.
O bildirdi ki, nəqliyyat və logistika imkanlarının genişlənməsi Naxçıvanın əhəmiyyətini daha da artıracaq. Logistika sisteminin inkişafı ilə yanaşı, bu proses digər sahələrə, o cümlədən turizmə, sənayeyə və ticarətə də müsbət təsir göstərə bilər:
"Bu istiqamətdə investisiya parklarının yaradılması, sənaye komplekslərinin və klasterlərin formalaşdırılması üçün də yeni imkanlar yaranacaq. Eyni zamanda, Naxçıvanın bərpa olunan enerji potensialından, xüsusilə hidroenerji və günəş enerjisindən daha geniş istifadə olunması regionun enerji təminatının gücləndirilməsinə və enerji xərclərinin optimallaşdırılmasına imkan verə bilər.
Enerji təminatının dayanıqlı olması Naxçıvanın sosial-iqtisadi inkişafı üçün əsas şərtlərdən biridir. Çünki enerji təminatı olmadan sənaye müəssisələrinin, istehsal sahələrinin və digər iqtisadi fəaliyyət istiqamətlərinin davamlı inkişafını təmin etmək çətindir".
E. Qəribli sonda diqqətə çatdırdı ki, Naxçıvanın iqtisadi potensialı kifayət qədər genişdir. Enerji təminatının gücləndirilməsi və sənaye komplekslərinin inkişafı burada sənaye kooperasiyasının genişləndirilməsi üçün də mühüm imkanlar yaradacaq. Bütün bunlar regionun həm iqtisadi fəallığının, həm də investisiya cəlbediciliyinin artırılmasına xidmət edə bilər.
Nigar Orucova, "İki sahil"