07 avqust 2026 16:13
85

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyinin yeni mərhələsi

"Ötən il avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilmiş tarixi görüşdən bir il keçir. Vaşinqtonda əldə edilmiş nəticələr Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması və Cənubi Qafqazda dayanıqlı sülhün formalaşdırılması baxımından mühüm siyasi mərhələ olmaqla yanaşı, regionda yaranmış yeni reallıqların beynəlxalq səviyyədə qəbul edilməsinin göstəricisi oldu".

“İki sahil” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Sevinc Fətəliyeva bildirib.

Deputat qeyd edib ki, Vaşinqton görüşünün siyasi əhəmiyyətini qiymətləndirərkən ilk növbədə həmin prosesə gətirib çıxaran tarixi və siyasi şəraiti nəzərə almaq lazımdır. Yeni mərhələnin əsasını Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi təşkil edir. 2020-ci ilin Vətən müharibəsi və 2023-cü ilin sentyabrında həyata keçirilmiş lokal antiterror tədbirlərindən sonra Azərbaycan bütün ərazisində suverenliyini təmin etməklə regionda uzun illər mövcud olmuş status-kvonu kökündən dəyişdi. Bu, ilk növbədə, tarixi ədalətin və beynəlxalq hüququn bərpası demək idi. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin uzun illər işğal altında qalmasına baxmayaraq, münaqişənin həlli məqsədilə yaradılmış vasitəçilik mexanizmləri real nəticə verə bilməmişdi. Azərbaycan isə öz gücü və siyasi iradəsi hesabına BMT Təhlükəsizlik Şurasının uzun illər icra edilməyən qətnamələrinin tələblərinin yerinə yetirilməsini təmin etdi və bununla Cənubi Qafqazda tamamilə fərqli siyasi reallıq formalaşdırdı.

Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin strateji mahiyyəti həm də ondan ibarətdir ki, Azərbaycan əldə etdiyi hərbi-siyasi Qələbəni yeni qarşıdurmanın başlanğıc nöqtəsinə deyil, uzunmüddətli sülhün təməlinə çevirdi. Müharibədən sonra Ermənistanla münasibətlərin normallaşdırılması təşəbbüsü məhz Azərbaycan tərəfindən irəli sürüldü. 2022-ci ildə Bakı gələcək sülh sazişinin əsasını təşkil etməli olan beş baza prinsipini təqdim etdi. Qarşılıqlı şəkildə suverenliyin və ərazi bütövlüyünün tanınması, ərazi iddialarından imtina, güc tətbiq etməmək, dövlət sərhədinin müəyyənləşdirilməsi və diplomatik münasibətlərin qurulması, nəqliyyat və kommunikasiyaların açılması bu yanaşmanın əsasını təşkil edir.

Ötən müddət Azərbaycanın irəli sürdüyü prinsiplərin faktiki olaraq sülh prosesinin siyasi çərçivəsinə çevrildiyini göstərdi. Vaşinqtonda “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş” layihəsinin paraflanması isə bu istiqamətdə əldə edilən ən mühüm nəticələrdən biri oldu.

“Son bir ilin dinamikası göstərir ki, Azərbaycan və Ermənistan arasında birbaşa dialoq normallaşma prosesinin əsas və alternativsiz formatı kimi getdikcə daha aydın şəkildə təsbit olunur. Əgər əvvəllər iki ölkə arasındakı məsələlərin müzakirəsində müxtəlif beynəlxalq vasitəçilik platformaları ön planda idisə, hazırda ikitərəfli təmaslar sistemli və davamlı xarakter almaqdadır. Yüksək və ali səviyyədə dialoq formalaşıb, administrasiyalar arasında daimi operativ əlaqələr mövcuddur. Diplomatik kanallar vasitəsilə də təmaslar davam etdirilir və beynəlxalq təşkilatlar çərçivəsində gərginliyin azaldılmasına yönəlmiş ünsiyyət aparılır”, - deyən Sevinc Fətəliyeva əlavə edib ki, Baş nazirlərin müavinlərinin rəhbərlik etdiyi hökumətlərarası komissiyaların fəaliyyəti də prosesin mühüm praktiki elementlərindən biridir.

Onun sözlərinə görə, bu format çərçivəsində sərhədin delimitasiyası və demarkasiyası ilə yanaşı, iqtisadi xarakterli məsələlərin müzakirəsi üçün də institusional mexanizmlər formalaşır. Əsas dəyişiklik ondan ibarətdir ki, uzun illər hərbi-siyasi qarşıdurma yaradan məsələlər artıq tədricən danışıqlar, hüquqi mexanizmlər və qarşılıqlı razılaşmalar müstəvisinə keçir.

Deputatın fikrincə, Vaşinqton görüşünün mühüm nəticələrindən biri də regional kommunikasiyaların açılması istiqamətində daha konkret perspektivin meydana çıxmasıdır. Bu baxımdan “Tramp marşrutu” - TRIPP layihəsi xüsusi əhəmiyyət daşıyır. Layihə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsinə imkan yaratmaqla yanaşı, daha geniş regional və beynəlxalq nəqliyyat sisteminin formalaşdırılması üçün yeni perspektivlər açır.

Son bir ildə TRIPP-in həyata keçirilməsi istiqamətində müşahidə edilən dinamika layihənin tədricən siyasi konsepsiyadan praktiki müstəviyə keçdiyini göstərir. ABŞ Prezidenti Donald Trampın administrasiyasının bu istiqamətdə nümayiş etdirdiyi maraq, Azərbaycan və Ermənistanla aparılan iş, eyni zamanda, Mərkəzi Asiya dövlətləri ilə nəqliyyat və bağlantı məsələlərinin müzakirəsi TRIPP-in əhəmiyyətinin yalnız Azərbaycan-Ermənistan münasibətləri ilə məhdudlaşmadığını göstərir. Layihənin gələcəkdə Orta Dəhlizin imkanları ilə əlaqələndirilməsi Mərkəzi Asiyadan Xəzər dənizi və Azərbaycan üzərindən Türkiyə və Avropaya uzanan nəqliyyat marşrutlarının strateji əhəmiyyətini daha da artıra bilər. Bu mənada TRIPP yalnız nəqliyyat infrastrukturu layihəsi deyil, eyni zamanda, Cənubi Qafqazın formalaşmaqda olan yeni geoiqtisadi arxitekturasının mühüm elementinə çevrilmək potensialına malikdir.

Sevinc Fətəliyeva bildirib ki, TRIPP eyni zamanda üçüncü tərəfin Azərbaycan-Ermənistan sülh gündəliyində iştirakının mümkün modelini də ortaya qoyur. Burada əsas prinsip ondan ibarətdir ki, üçüncü tərəfin iştirakı yalnız Azərbaycan və Ermənistanın razılığı əsasında və konkret istiqamət, yaxud layihə çərçivəsində həyata keçirilir. Bu baxımdan ABŞ Prezidenti Donald Trampın sülh prosesində oynadığı rol xüsusi qeyd edilməlidir.

Vaşinqton formatının fərqləndirici xüsusiyyəti ABŞ-ın Azərbaycan və Ermənistanın siyasi iradəsini əvəz edən ənənəvi vasitəçi rolunda deyil, tərəflərin razılığı əsasında konkret istiqamətlər üzrə siyasi və iqtisadi dəstək göstərən tərəf kimi çıxış etməsidir. Bu model Azərbaycanın uzun müddətdir müdafiə etdiyi birbaşa dialoq prinsipinə də uyğundur.

Millət vəkili vurğulayıb ki, ötən ilin mühüm nəticələrindən biri normallaşma prosesinin artıq yalnız siyasi-diplomatik müstəvi ilə məhdudlaşmamasıdır. İqtisadi qarşılıqlı fəaliyyətin ilkin elementlərinin meydana çıxması, regional nəqliyyat layihələri ətrafında ortaq maraqların formalaşması, ekspert və vətəndaş cəmiyyəti səviyyəsində təmasların genişlənməsi sülh gündəliyinin tədricən daha geniş və praktik məzmun qazandığını göstərir. Bu proses həm Azərbaycan, həm də Ermənistan üçün yeni imkanlar yaradır. Regionda hərbi qarşıdurma riskinin azalması təhlükəsizliyin möhkəmləndirilməsi, iqtisadi inkişaf, investisiyaların cəlb olunması və beynəlxalq nəqliyyat layihələrinə inteqrasiya baxımından əlavə perspektivlər açır. Beləliklə, sülh gündəliyi yalnız siyasi məqsəd olmaqdan çıxaraq tədricən regional inkişaf və əməkdaşlıq resursuna çevrilir.

“Əlbəttə, bir il ərzində onilliklər davam etmiş münaqişənin bütün nəticələrinin aradan qaldırıldığını söyləmək olmaz. Qarşıda həllini gözləyən mühüm məsələlər qalır. Sülh sazişinin yekun imzalanması üçün mövcud maneələrin aradan qaldırılması, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarına hüquqi əsas yaradan müddəaların aradan qaldırılması, sərhədin növbəti hissələrinin delimitasiya və demarkasiyası, kommunikasiyaların tam açılması və TRIPP layihəsinin praktiki reallaşdırılması qarşıdakı mərhələnin əsas istiqamətlərini. Bununla belə, son bir ilin təcrübəsi prinsipial əhəmiyyət daşıyan başqa bir tendensiyanı da üzə çıxarıb. Tərəflər arasında mövcud olan və gələcəkdə yarana biləcək fikir ayrılıqlarının hərbi qarşıdurma yolu ilə deyil, siyasi və diplomatik mexanizmlər vasitəsilə müzakirə olunması üçün yeni praktika formalaşır. Sülh bütün ziddiyyətlərin bir anda yox olması demək deyil. Əsas dəyişiklik həmin ziddiyyətlərin idarə olunması və həlli üsulundadır”, - deyə deputat bildirib.

Sevinc Fətəliyeva qeyd edib ki, bu tendensiya Cənubi Qafqaz ətrafında mürəkkəb geosiyasi proseslərin getdiyi indiki dövrdə xüsusi əhəmiyyət kəsb edir. Ötən müddətdə regionun həm şimal, həm də cənub istiqamətlərində təhlükəsizlik mühiti mürəkkəbləşib, müxtəlif güc mərkəzləri arasında rəqabət güclənib. Belə bir şəraitdə Azərbaycan-Ermənistan sülh gündəliyinin qorunması və konkret praktiki məzmunla zənginləşdirilməsi normallaşma prosesinin dayanıqlılığının mühüm göstəricisidir.

Deputatın sözlərinə görə, bu gün Cənubi Qafqazda formalaşan yeni siyasi reallığın əsas müəllifi məhz Azərbaycandır. Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasət nəticəsində Azərbaycan əvvəlcə ərazi bütövlüyünü, daha sonra tam suverenliyini bərpa etdi və əldə olunmuş tarixi nəticənin davamlı regional sülh və əməkdaşlıq modelinə çevrilməsi təşəbbüsünü irəli sürdü. Bu yanaşma regionun gələcək siyasi arxitekturasını da dəyişir. Əgər əvvəlki regional düzən münaqişə, işğal, separatizm, qapalı sərhədlər və xarici vasitəçilik mexanizmləri ilə xarakterizə olunurdusa, hazırda tədricən fərqli model formalaşır. Bu modelin əsasını dövlətlərin suverenliyinə hörmət, birbaşa dialoq, iqtisadi qarşılıqlı maraqlar, nəqliyyat bağlantıları və regional əməkdaşlıq təşkil edir.

“Vaşinqton görüşünün birinci ildönümünün əsas siyasi mənası da məhz bu transformasiyada axtarılmalıdır. 8 avqust 2025-ci ildə əldə edilmiş nəticələr ayrıca diplomatik hadisə olaraq tarixdə qalmadı. Onlar sonrakı proseslərin məntiqini və istiqamətini müəyyənləşdirən siyasi çərçivəyə çevrildi. Şübhəsiz ki, qarşıda görüləcək işlər və həllini gözləyən məsələlər hələ çoxdur. Lakin ötən bir ilin nəticələri əsas tendensiyanın artıq formalaşdığını göstərir: Cənubi Qafqaz tədricən keçmiş münaqişənin məntiqindən uzaqlaşaraq yeni siyasi və geoiqtisadi reallığa uyğunlaşır. Azərbaycan isə bu transformasiyanın əsas təşəbbüskarlarından və aparıcı qüvvələrindən biri olaraq çıxış edir. Bu baxımdan Vaşinqton Sammitindən ötən bir ili yalnız əldə olunmuş razılaşmaların ildönümü deyil, Azərbaycanın yaratdığı yeni regional reallığın sülh, əməkdaşlıq və inkişaf modelinə çevrilməsi istiqamətində mühüm mərhələ kimi qiymətləndirmək olar”, - deyə Sevinc Fətəliyeva vurğulayıb.