Psixoloq: Valideyn hər problemi uşağın yerinə həll etdikdə, onun seçim etmək, düşünmək və məntiqi qərarlar vermək imkanına mane olur
Valideyn üçün övladını qorumaq, onun səhvlərinin qarşısını almaq və gələcəyini təmin etmək təbii istəkdir. Lakin bu qayğı uşağın həyatında bütün qərarların valideyn tərəfindən verilməsinə çevrildikdə, məsələ artıq sadəcə diqqətli və qayğılı valideyn olmaqdan çıxır. Psixologiyada “helikopter valideynlik” adlandırılan bu yanaşma uşağın üzərində həddindən artıq nəzarət və müdaxilə ilə xarakterizə olunur.
Belə valideynlər övladlarının hansı dostları seçməli olduğundan tutmuş hansı ixtisası oxuyacağına qədər bir çox qərarlara müdaxilə edə, uşağın qarşılaşdığı problemin həllini onun əvəzinə öz üzərinə götürürlər. Yeniyetməlik və gənclik dövründə isə bu davranış daha ciddi nəticələr doğura bilər. Çünki məhz həmin mərhələdə insanın öz qərarlarını verməsi, səhvlərindən nəticə çıxarması və məsuliyyət daşımağı öyrənməsi vacibdir.

Araşdırmalar həddindən artıq müdaxilə ilə psixoloji rifah arasında əlaqə olduğunu göstərir. 2022-ci ildə 38 araşdırmanı əhatə edən sistemli icmalda “helikopter valideynlik” ilə narahatlıq və depressiya əlamətləri arasında əlaqə tapan tədqiqatların əksəriyyəti nəzərdən keçirilib. Bununla belə, müəlliflər səbəb-nəticə əlaqəsini qəti şəkildə təsdiqləmək üçün mövcud sübutların yetərli olmadığını da vurğulayıblar. Burada əsas problem valideynin uşağın həyatında iştirak etməsi deyil. Əksinə, mütəxəssislər valideyn iştirakının uşağın inkişafı üçün əhəmiyyətli olduğunu qəbul edirlər. Problem uşağın yaşına və inkişaf mərhələsinə uyğun olmayan, müdaxiləçi nəzarətin davam etməsidir. Araşdırmalarda belə davranışın xüsusilə gəncin müstəqillik qazanmağa başladığı dövrdə problem yarada biləcəyi qeyd olunur. Məsələn, valideynin uşağın müəllimi ilə əlaqə saxlaması özlüyündə problem təşkil etmir. Ancaq şagirdin aldığı hər aşağı qiymətə görə müəllimlə mübahisə etmək, uşağın yerinə tapşırıqları həll etmək və ya onun hansısa konfliktini daim valideynin həll etməsi başqa məsələdir. Birinci halda valideyn dəstək verir, ikinci halda isə uşaq öz problemini həll etmək imkanından məhrum olur. Qeyd edək ki, eyni vəziyyət seçimlərdə də özünü göstərə bilər. Uşağın hansı kursa gedəcəyini, hansı hobbi ilə məşğul olacağını, hansı ixtisası seçəcəyini və hətta gələcək peşəsini valideynin müəyyənləşdirməsi qısa müddətdə “düzgün istiqamətləndirmə” kimi görünə bilər. Lakin uşaq öz qərarlarının nəticələri ilə qarşılaşmadıqca qərarvermə və məsuliyyət bacarıqlarını formalaşdırmaqda çətinlik çəkə bilər.
Bu məsələ yalnız real həyatdakı nəzarətlə də məhdudlaşmır. Uşaqlar arasında smartfonlardan istifadənin geniş yayılması valideyn nəzarətinə yeni imkanlar yaradıb. Uşağın harada olduğunu izləmək, telefondakı fəaliyyətini yoxlamaq və sosial şəbəkələrdə kimlərlə ünsiyyətdə olduğunu daim nəzarətdə saxlamaq valideynə təhlükəsizlik hissi verə bilər. Əlbəttə, uşağının təhlükəsizliyindən əmin olmaq istəyən valideynin uşağın sosial şəbəkə hesabları üzərindəki nəzarətinə haqq qazandırmaq mümkündür. Lakin nəzarətin səviyyəsi artdıqca valideynlə uşaq arasında etimad məsələsi də gündəmə gəlir.
2026-cı ildə yayımlanan bir tədqiqatda 1051 yeniyetmənin məlumatları araşdırılıb. Tədqiqatın nəticələri göstərib ki, “helikopter valideynlik”, valideyn-övlad konflikti və ekran qarşısında çox vaxt keçirmək, eyni zamanda, sosial media platformalarında yayımlanan qısa videolara həddindən artıq baxılması arasında qarşılıqlı əlaqələr mövcuddur. Araşdırma, həmçinin aşağı muxtariyyət səviyyəsinə malik yeniyetmələrdə bu əlaqələrin daha sabit olduğunu göstərib. Digər tərəfdən, unutmayaq ki, valideynlərin həddindən artıq müdaxiləsinin arxasında heç də pis niyyət dayanmır. Bəzən valideyn övladının təhlükəsizliyindən narahat olduğu, onun uğursuzluq yaşamasını istəmədiyi və ya öz keçmiş təcrübələrindən çıxış etdiyi üçün uşağın həyatını mümkün qədər nəzarətdə saxlamağa çalışır. Buna görə problemi yalnız “sərt valideynlik” kimi təqdim etmək də düzgün deyil.

Uşağı qorumaqla onun əvəzinə yaşamaq arasındakı sərhəd haradadır?
Sağlam valideyn nəzarəti uşağın yaşına və ehtiyaclarına uyğun dəyişməlidir. Kiçik yaşda daha çox istiqamətləndirməyə ehtiyac olduğu halda, uşaq böyüdükcə qərarvermə imkanlarının da genişlənməsi vacibdir. Valideynin rolu bütün problemləri uşağın əvəzinə həll etmək yox, problemləri özünün həll edə bilməsi üçün ona lazımi dəstəyi göstərmək olmalıdır. Çünki uşağı hər səhvdən qorumaq onu həyata hazırlamaq demək deyil. Bəzən uşağın öz qərarını verməsinə, səhv etməsinə və həmin səhvin nəticəsi ilə üzləşməsinə imkan yaratmaq da valideyn qayğısının bir formasıdır.
Psixoloq Aytən Ələkbərova mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, hazırda valideynlərin əksəriyyətində “helikopter valideynlik” anlayışı müşahidə olunur. Bu o deməkdir ki, onlar övladlarına müstəqil qərar verməyə imkan yaratmır, hər işlərinə müdaxilə edir, hətta uşaq səhv etdikdə belə, onun həmin səhvi dərk etməsinə və ondan nəticə çıxarmasına şərait vermirlər. Belə valideynlər övladlarının hər işinə, hər addımına nəzarət edirlər. Bəzən düşünürlər ki, “Mən uşağımın dostuyam, həmişə onun yanındayam”. Halbuki, əksinə, övladı gələcəyə, cəmiyyətə hazırlamaq üçün valideyn müəyyən məqamlarda geri çəkilməyi də bacarmalıdır: “Uşaq yıxıldıqda ayağa qalxmağı, səhvlərinin öhdəsindən gəlməyi öyrənməlidir. Çünki yalnız bu halda o, gələcəkdə həyatın qarşısına çıxaracağı çətinliklərlə mübarizə aparmağı bacaracaq.
Xatırladaq ki, həyat yalnız rahatlıqdan ibarət deyil. Emosional çətinliklər, məyusluqlar və müxtəlif sınaqlar da həyatın ayrılmaz hissəsidir. Uşağın psixoloji sağlamlığının və psixoloji immunitetinin formalaşması üçün kiçik yaşlarından ona seçim etmək, düşünmək və məntiqi qərarlar vermək imkanı yaradılmalıdır. Hətta oyuncaqları ilə oynayarkən belə onunla birlikdə qərarların mümkün nəticələrini müzakirə etmək faydalıdır. Məsələn, “Bu qərarı versən, sabah hansı nəticələrlə qarşılaşa bilərsən?” kimi suallarla ona müraciət etmək uşağın fərqindəliyini artırmağa kömək edəcək.”
Həmsöhbətimizin sözlərinə görə, bəzən bu yanaşma mütəxəssislər tərəfindən də yanlış başa düşülür və belə hesab olunur ki, valideyn yalnız övladına daim kömək etməklə ona dəstək olur. Halbuki, valideyn hər problemə müdaxilə edib bütün çətinlikləri uşağın yerinə həll etdikdə, onun problemlərin öhdəsindən müstəqil şəkildə gəlməsinə imkan vermir. Nəticədə isə “helikopter valideynlik” adlandırılan bu yanaşma formalaşır.
Şahnigar Əhmədova, “İki sahil”
Rusiya Müdafiə Nazirliyi ordunun ştat sayının artırılması ilə bağlı açıqlama verib