19 iyul 2026 17:17
152

Cənubi Amerikada azarkeşlər İspaniyanı dəstəkləyir?

DÇ-2026-nın finalında Argentina ilə İspaniya üz-üzə gələcək. Lakin Cənubi Amerikada bir çox azarkeş bu dəfə Argentina yox, İspaniyanın qələbəsini arzulayır.

“İki sahil” xəbər verir ki, bu barədə Fransa mətbuatı araşdırma dərc edib.

Məlumata görə, sosial şəbəkələrdə Braziliya millisinin formasında təsvir olunan Lamin Yamalın fotosu geniş yayılıb. Şəkil "Braziliya xalqının ümidi" sözləri ilə paylaşılıb və bu, argentinalılara qarşı münasibətin göstəricisi kimi qiymətləndirilir.

"Marca" nəşrinin keçirdiyi sorğuya əsasən, Cənubi Amerika da daxil olmaqla müxtəlif qitələrdə azarkeşlərin əksəriyyəti finalda İspaniyanın qalib gəlməsini istəyir.

Kolumbiyalı sosioloq Herman Qomes hesab edir ki, Argentinaya qarşı münasibətin dəyişməsində sosial şəbəkələrdə yayılan xəbərlər mühüm rol oynayıb. Onun sözlərinə görə, bir çox azarkeş Argentina millisinin FİFA və qurumun prezidenti Canni İnfantinonun dəstəyindən faydalandığını düşünür.

Bəzi azarkeşlər mundial boyunca hakim qərarlarının Argentinanın xeyrinə verildiyini iddia edirlər. Bununla yanaşı, FİFA və hakimlik üzrə ekspertlər həmin qərarların düzgün olduğunu açıqlayıblar.

Argentinanın imicinə zərbə vuran digər amillərdən biri isə irqçiliklə bağlı qalmaqallar olub. Xüsusilə DÇ-2022-dən sonra bəzi argentinalı futbolçuların Fransa millisinin qaradərili oyunçularına ünvanlanan irqçi məzmunlu mahnı oxuması geniş müzakirələrə səbəb olub.

Argentina millisinin kapitanı Lionel Messi isə səsləndirilən ittihamlara belə cavab verib.

"Dörd il əvvəl qarşımıza qoyduğumuz məqsədə çatdıq. Yenidən sübut etdik ki, heç kim bizə heç nə hədiyyə etmir. İstəsələr də, istəməsələr də belədir", - deyə Messi bildirib.