Avropa Stolüstü Tennis İttifaqı (ETTU) Beynəlxalq Stolüstü Tennis Federasiyasının (ITTF) ardınca rusiyalı idmançılara tətbiq edilən məhdudiyyətləri tamamilə ləğv edib.
“İki sahil” xəbər verir ki, bu barədə TASS agentliyinə ETTU-dan məlumat verilib.
Xatırladaq ki, iyulun 13-də ITTF rusiyalı idmançılara qarşı sanksiyaları ləğv etdiyini açıqlamışdı. Yeni qərara əsasən, iyulun 28-dən etibarən idmançılar bütün yarışlarda öz ölkələrinin himni və bayrağı altında çıxış edə biləcəklər.
ETTU-nun rəsmi bəyanatında deyilir:
"ITTF İcraiyyə Komitəsinin Rusiya və Belarus pasportu daşıyan idmançılarla bağlı qəbul etdiyi qərarlardan, həmçinin Beynəlxalq Olimpiya Komitəsinin (BOK) 7 iyul 2026-cı il tarixli qərarından sonra ETTU İcraiyyə Komitəsi 16 iyul 2026-cı ildə öz mövqeyini BOK və ITTF-in qərarlarına uyğunlaşdırmaq barədə addım atıb. Bununla əlaqədar olaraq, Rusiya və ya Belarus pasportuna sahib olan idmançılar 28 iyul 2026-cı il tarixindən etibarən heç bir məhdudiyyət olmadan və digər bütün idmançılarla eyni şərtlərlə ETTU yarışlarında iştirak edə biləcəklər. Hazırda ETTU bu qərarın icrası üçün lazımi praktiki addımların atılmasına başlayır və hadisələrin inkişafını izləməyə davam edəcək."
Məhərrəm Ağalaroğlu, “İki sahil”