17 iyul 2026 14:45
75

Alovun içində cəsarət, məsuliyyət və insan həyatı uğrunda mübarizə - MÜSAHİBƏ

Yanğınsöndürən olmaq yalnız peşə deyil, təhlükə ilə üz-üzə qalaraq insan həyatını qorumağı həyat amalına çevirənlərin şərəfli missiyasıdır

Hər gün yüzlərlə insan öz gündəlik həyatını təhlükəsiz şəkildə davam etdirə bilirsə, bunun arxasında görünməyən, lakin böyük fədakarlıqla çalışan peşə sahiblərinin əməyi dayanır. Onlardan biri də yanğınsöndürənlərdir. Onlar təhlükənin ən yüksək həddə çatdığı məqamlarda geri çəkilmədən insanların həyatını xilas etmək, maddi və mənəvi itkilərin qarşısını almaq üçün peşə borclarını böyük məsuliyyətlə yerinə yetirirlər. Bu peşə yalnız fiziki hazırlıq və peşəkar bacarıq deyil, həm də möhkəm iradə, yüksək mənəvi dəyərlər, soyuqqanlılıq və insan həyatına sonsuz hörmət tələb edir.

Yanğının qarşısında dayanmaq, saniyələr içində həyati qərarlar vermək, çətin və riskli şəraitdə xidmət aparmaq hər kəsin bacara biləcəyi iş deyil. Bu şərəfli peşəni seçən insanlar hər gün yeni sınaqlarla üz-üzə qalır, peşə hazırlıqlarını daim təkmilləşdirir və cəmiyyətin təhlükəsizliyi naminə xidmətlərini davam etdirirlər.

Bu dəfə müsahibimiz Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Səbail rayon Dövlət Yanğından Mühafizə Hissəsinin manqa komandiri, daxili xidmət baş çavuşu Nəsibli Nicat İlqar oğludur. O, bizimlə söhbətində həyat yolundan, bu şərəfli peşəyə gəlməsinə səbəb olan amillərdən, xidmət fəaliyyəti dövründə qazandığı təcrübələrdən, yaddaşında iz qoyan hadisələrdən, peşənin görünməyən çətinliklərindən və gələcək hədəflərindən danışıb. Sözügedən müsahibəni oxucularımıza təqdim edirik.

-Həyat yolunuz və sizi bu peşəyə gətirən amillər haqqında məlumat verməyinizi istərdik…

-Hələ erkən uşaqlığımdan ailəmizin yanğından mühafizə sistemində çalışan üzvlərinə baxıb böyümüşəm. Ona görə də demək olar ki, bu peşə mənim qanımdadır. Onların göstərdiyi rəşadət, peşəkarlıq və öz işlərinə olan sonsuz sədaqət məni hər zaman heyran edirdi. Sonradan, məktəbi bitirdikdə bu peşənin bütün incəliklərini dərindən öyrənmək qərarına gəldim və bu sahə üzrə ixtisaslaşmış təhsil müəssisəsinə daxil oldum.

-Uşaqlıqdan formalaşan hansı xüsusiyyətlərinizin bu peşədə sizə kömək etdiyini düşünürsünüz?

-Bizim peşəmizdə fiziki hazırlıq və dəqiq elmlərə bələd olmaq kimi amillər son dərəcə vacibdir. Bununla yanaşı, güclü psixoloji dözümlülük və insanlara kömək etmək istəyi də mütləq olmalıdır.

-Təhsil və əmək fəaliyyətiniz ərzində qazandığınız ən mühüm təcrübələr hansılardır?

-Həm təhsil, həm də əmək fəaliyyətim dövründə insanların xilas edilməsi və yanğınların söndürülməsi sahəsində böyük təcrübə qazanmışam. Zamanla insanda taktik düşüncə tərzi və xüsusi avadanlıqlardan istifadə etmək bacarığı formalaşır.

- Yanğınsöndürən kimi fəaliyyət göstərməyə qərar verməyinizdə hansı hadisə və ya düşüncə əsas rol oynayıb?

- Ən çətin anlarında insanlara kömək əlini uzatmaq istəyi. Vətənimə xidmət etmək və ölkəm üçün faydalı bir vətəndaş olmaq düşüncəsi mənim üçün əsas hərəkətverici qüvvə olub.

- Bu peşəyə başladığınız ilk dövrdə qarşılaşdığınız əsas çətinliklər nələr olub və onları necə aradan qaldırmısınız?

- Fikrimcə, bir yanğınsöndürənin peşə fəaliyyətində ən çətin məqam — hər an hər kəsi xilas etməyin mümkün olmadığını və bəzən itkilərin qaçılmazlığını dərk etməkdir. İnsanların kədərini, fəlakətini görmək çox ağırdır, axı hər bir yanğın özü ilə bərabər dağıntılar gətirir. Karyerasının başlanğıcında hər bir yanğınsöndürən bu psixoloji səddi aşmalı, emosiyalarını idarə etməyi və yalnız peşəkar vərdişlərinə əsaslanaraq qərar qəbul etməyi öyrənməlidir.

- Fəaliyyətiniz dövründə sizə ən böyük dərs verən hadisə və ya təcrübə haqqında danışın.

- Bir-birinə bənzəyən iki eyni yanğın olmur. Hər bir yanğın öz parametrlərinə görə tamamilə unikaldır. Bu baxımdan, hər bir döyüş çağırışı bizim üçün yeni bir təcrübə və əyani bir dərsdir.

- Xidmət zamanı yaddaşınızda ən çox iz buraxan hadisəni necə qiymətləndirirsiniz?

- Çoxmərtəbəli binada baş verən güclü bir yanğın zamanı zərərçəkənlərin sayı olduqca çox idi. Biz insanları tüstü bürümüş zonadan təxliyə edir, mümkün qədər çox can qurtarmağa çalışırdıq. Lakin, təəssüf ki, dünyasını dəyişənlər də oldu. Bu hadisə mənə acı bir dərsi öyrətdi: insanlar panika vəziyyətində olduqda, müstəqil şəkildə təxliyə olunmağa qərar verərək tüstü zonasından keçməyə çalışırlar və nəticədə tüstü və alov tələsinə düşürlər.

- Peşə fəaliyyətinizdə məsuliyyət, intizam və insan həyatına hörmət prinsiplərini necə qoruyursunuz?

- Bizim əmək fəaliyyətimiz müvafiq normativ-hüquqi aktlarla, o cümlədən əməkdaşların daxili davranış və ünsiyyət qaydaları ilə tənzimlənir.

- Gündəlik fəaliyyətinizdə öz peşə hazırlığınızı artırmaq üçün hansı addımları atırsınız?

- Yanğınsöndürənin gündəlik xidmət növbəsi praktiki və nəzəri məşğələlərdən, ixtisaslaşdırılmış fənlər üzrə daimi hazırlıqdan, o cümlədən sıra və fiziki hazırlıq məşqlərindən ibarətdir.

- Yanğınsöndürən fəaliyyətində qarşılaşdığınız mənəvi və psixoloji çətinliklərin öhdəsindən necə gəlirsiniz?

Biz baş verən hər şeyə peşəkar nöqteyi-nəzərdən yanaşmağa çalışırıq. Eyni zamanda, Fövqəladə Hallar Nazirliyinin strukturunda əməkdaşlara stressli vəziyyətlərin öhdəsindən gəlməkdə kömək edən peşəkar ştatlı psixoloqlar fəaliyyət göstərir.

- Peşə fəaliyyətiniz ailə həyatınıza və şəxsi dünyagörüşünüzə necə təsir edib?

- Yanğınsöndürən kimi təcrübə qazandıqca dərk edirsən ki, bu həyatda ən vacib dəyər insan canı və onun sağlığıdır. Hər şeyə təhlükəsizliyin təmin olunması prizmasından baxmağa başlayır və həyatdakı prioritetlərini daha düzgün müəyyənləşdirirsən.

- Bu sahədə qazandığınız ən böyük uğuru və fəxr etdiyiniz məqamı necə ifadə edərdiniz?

- Ən böyük uğur — xilas edilən insan həyatıdır. Bundan daha uca bir uğur və məqsəd ola bilməz.

- Təcrübəsiz bir yanğınsöndürənə öz fəaliyyətinizdən çıxış edərək hansı tövsiyələri verərdiniz?

- Hər zaman yüksək fiziki hazırlığa sahib olmaq və hər gün öz peşəkar vərdişlərini daha da təkmilləşdirmək.

- Zaman keçdikcə yanğınsöndürən peşəsinə baxışınızda hansı dəyişikliklər baş verib?

- Çox qısa zaman kəsiyində hər şey sürətlə dəyişir. Yanğınların xarakteri, söndürmə üsulları, söndürücü maddələr və yanğınsöndürmə texnikaları daim yenilənir. Daim peşəkar səviyyədə qalmaq və zamanla ayaqlaşmaq üçün insan fasiləsiz olaraq öz üzərində işləməlidir.

- Gələcək fəaliyyətinizdə hansı məqsədlərə nail olmaq istəyirsiniz və bu peşədə özünüzü necə inkişaf etdirməyi planlaşdırırsınız?

- Mən daim öz üzərimdə çalışır və müxtəlif hazırlıq metodlarından istifadə edərək özümü təkmilləşdirirəm. Sürətlə inkişaf edən dünyada mənim üçün ən başlıca məqsəd hər zaman yüksək peşəkarlıq səviyyəmi qoruyub saxlamaqdır.

Yanğınsöndürən olmaq sadəcə peşə seçimi deyil. Bu, hər gün insan həyatını hər şeydən üstün tutmaq, təhlükə qarşısında geri çəkilməmək, Vətənə və cəmiyyətə sədaqətlə xidmət etmək məsuliyyətidir. Bu müsahibə bir daha göstərir ki, peşəkarlıq yalnız bilik və bacarıqla ölçülmür. Onun əsasında vicdan, humanizm, fədakarlıq, güclü iradə və daim özünü inkişaf etdirmək istəyi dayanır.
Müsahibimizin həyat yolu və xidmət təcrübəsi gənc nəsil üçün də əsl örnəkdir. İnsanların təhlükəsizliyi naminə gecə-gündüz xidmət göstərən, ən çətin məqamlarda belə peşə borcuna sadiq qalan belə fədakar insanların fəaliyyəti hər zaman yüksək dəyərə layiqdir.
Səmimi fikirlərini bizimlə bölüşdüyünə görə müsahibimizə dərin təşəkkürümüzü bildirir, ona məsuliyyətli və şərəfli xidmətində yeni-yeni uğurlar, möhkəm cansağlığı, ailə xoşbəxtliyi və hər zaman təhlükəsiz xidmət şəraiti arzulayırıq. Göstərdiyi fədakarlığın, peşəkarlığın və Vətənə xidmət əzminin daim yüksək qiymətləndirilməsini diləyir, gələcək fəaliyyətində daha böyük nailiyyətlər qazanmasını arzu edirik.

Yaqut Ağaşahqızı, “İki sahil”