16 iyul 2026 09:15
98

Tramp İrana qarşı hərbi əməliyyatı genişləndirmək niyyətindədir

Ağ Evin rəhbəri Donald Tramp aparıcı müşavirləri ilə məsləhətləşmələrdən sonra İrana qarşı hərbi əməliyyatların genişləndirilməsinə getdikcə daha çox meyllənir.

“İki sahil” xəbər verir ki, bu barədə The Wall Street Journal (WSJ) qəzeti məlumatlı mənbəyə istinadla yazıb.

Nəşrin məlumatına görə, ABŞ administrasiyasının nəzərdən keçirdiyi variantlar arasında İranın ərazisinə endirilən hava zərbələrinin intensivləşdirilməsi, Hörmüz boğazı yaxınlığındakı adalara nəzarəti təmin etmək üçün quru qoşunlarının göndərilməsi, eləcə də İranın enerji infrastrukturuna zərbələrin endirilməsi yer alır.

Bununla yanaşı, ABŞ rəhbərliyindəki bir sıra nümayəndələr WSJ-yə bildiriblər ki, Tramp İranda quru qoşunları kontingentinin yerləşdirilməsindən yayınmağa üstünlük verir.

Qəzet xatırladıb ki, Tramp artıq dəfələrlə Xark adasına və İranın neft sənayesinə nəzarəti ələ keçirmək niyyətində olması ilə bağlı bəyanatlarından geri çəkilib.

WSJ xəbərdarlıq edir ki, əgər prezident buna baxmayaraq belə tədbirlərin həyata keçirilməsinə razılıq versə, ABŞ üçün qarşıdurmanın ən təhlükəli mərhələsi başlayacaq.