07 iyul 2026 01:46
80

Parisdə Xüsusi Olimpiya Birləşmiş Futbol Dünya Kubokunun açılış mərasimi olub

Parisdə Xüsusi Olimpiya Birləşmiş Futbol Dünya Kuboku turnirinin təntənəli açılış mərasimi keçirilib. Dünyanın müxtəlif ölkələrindən gələn idmançılar, məşqçilər, rəsmi şəxslər və könüllülər bu möhtəşəm tədbirdə bir araya gəliblər.

“İki sahil” xəbər verir ki, açılış mərasimi turnirdə iştirak edən 24 ölkənin komandalarının paradı ilə başlayıb. Parad iştirakçıları arasında Azərbaycanın Xüsusi Olimpiya Komitəsinin qadınlardan ibarət “Birləşmiş Futbol” komandası da yer alıb.

Açılış mərasimində çıxış edən təşkilatçılar vurğulayıblar ki, Xüsusi Olimpiya hərəkatının əsas məqsədi idmanın gücü vasitəsilə inklüziv cəmiyyət qurmaq, insanların fiziki və sosial inkişafına töhfə verməkdir. Qeyd olunub ki, bu turnir təkcə idman yarışı deyil, həm də bərabərlik, dostluq və həmrəylik dəyərlərinin təşviqi üçün mühüm beynəlxalq platformadır.

Sonra turnirin ilk oyunu – Fransa və Seneqal komandaları arasında futbol matçı başlayıb.

Azərbaycan komandası 7-yə 7 formatında keçiriləcək oyunlarda mübarizə aparacaq. Milli komandamız B qrupunda iyulun 7-də Paris vaxtı ilə saat 08:00-da Namibiya, saat 11:00-da ABŞ, iyulun 8-də isə yerli vaxtla saat 08:00-da Qvatemala yığmaları ilə qarşılaşacaq.

Qeyd edək ki, iyulun 6-dan 11-dək keçiriləcək yarışlarda 24 komanda – 12 kişi və 12 qadın komandası – çempionluq uğrunda mübarizə aparacaq. Komandalar əqli məhdudiyyətli idmançılar və əqli məhdudiyyəti olmayan tərəfdaş oyunçulardan ibarətdir və inklüziv idmanın əsas prinsiplərini nümayiş etdirirlər.

1968-ci ildə əsası qoyulan Xüsusi Olimpiya hərəkatı bu gün dünyanın milyonlarla əqli məhdudiyyətli insanına idmanla məşğul olmaq, bacarıqlarını inkişaf etdirmək və cəmiyyətə daha fəal inteqrasiya etmək imkanı yaradır. Təşkilat ilboyu keçirilən məşqlər, yarışlar və sosial proqramlar vasitəsilə inklüzivliyin təşviqinə mühüm töhfə verir.

Parisdə keçirilən Dünya Kuboku da bu missiyanın davamı olaraq, idmanın insanları bir araya gətirən gücünü nümayiş etdirməyi və əqli məhdudiyyətli şəxslərin imkanlarını ön plana çıxarmağı hədəfləyir. Turnirin final oyunları iyulun 11-də keçiriləcək və qalib komandalara Dünya Kubokunun mükafatları təqdim olunacaq.