Bakı - Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Mikheil Khergiani Cup 2026 beynəlxalq idman dırmanması turnirində Azərbaycan Alpinizm Federasiyasının idmançıları uğurla çıxış edərək boulderinq (bouldering) növü üzrə final mərhələsinə vəsiqə qazanıblar.
“İki sahil” xəbər verir ki, Azərbaycan komandası yarışda məşqçi Çingiz Tağızadənin rəhbərliyi altında təmsil olunur. İdmançılar təsnifat mərhələsində uğurlu nəticə göstərərək finala yüksələn ən güclü iştirakçılar sırasında yer alıblar.
Qeyd edək ki, Mikheil Khergiani Cup Gürcüstan Alpinizm Federasiyasının təşkilatçılığı ilə keçirilən beynəlxalq idman dırmanması turniridir. Yarış boulderinq növü üzrə təşkil olunur və Azərbaycan, Gürcüstan, Türkiyə, Rusiya, Ukrayna və Ermənistan nümayəndələrinin iştirakı ilə keçirilir. Turnirin reqlamentinə əsasən, final mərhələsində təsnifat mərhələsinin nəticələrinə görə qadınlar və kişilər arasında ilk səkkiz idmançı mübarizə aparır.
Azərbaycan Alpinizm Federasiyası idmançılarımızı əldə etdikləri nəticə ilə təbrik edir, final mərhələsində onlara uğurlar arzulayır.