04 iyul 2026 15:51
116

Türkiyənin ikinci yerli və milli rabitə peyki "Türksat 7A" üzrə işlər sürətlənir

Türkiyə kosmik texnologiyalar sahəsində milli imkanlarını daha da gücləndirmək istiqamətində növbəti mühüm addım atır. Ölkənin ikinci tam yerli və milli rabitə peyki olacaq "Türksat 7A" layihəsi üzrə işlərə bu ilin sonunadək başlanılması planlaşdırılır.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu "Anadolu" agentliyinə məlumat verib.

Nazir bildirib ki, peykin tamamilə yerli və milli imkanlarla, Türkiyə kosmik sənayesinin potensialı hesabına hazırlanması nəzərdə tutulur. Layihə çərçivəsində işlərə 2026-cı ilin sonuna qədər başlanacaq, peykin isə 2030-cu ildə istifadəyə verilməsi hədəflənir. Abdulkadir Uraloğlu qeyd edib ki, TÜRKSAT tam dövlət kapitalına məxsus kommersiya şirkəti olmaqla peyk texnologiyaları, kabel xidmətləri və rəqəmsal transformasiya sahələrində fəaliyyət göstərir. Onun sözlərinə görə, qurum həm kosmosdakı orbital hüquqların qorunmasında, həm də Türkiyənin rəqəmsal infrastrukturunun inkişafında mühüm rol oynayır. Nazir xatırladıb ki, tamamilə türk mühəndisləri tərəfindən hazırlanmış "Türksat 6A" peykinin istismara verilməsi ilə Türkiyə hazırda yüksək orbitdə fəaliyyət göstərən 6 aktiv rabitə peykinə malikdir.

Dünyada ilk onluq hədəfi

Abdulkadir Uraloğlu vurğulayıb ki, peyk texnologiyaları strateji sahədir və Türkiyənin bu istiqamətdə güclü mövqeyə sahib olması xüsusi əhəmiyyət daşıyır.

"Məqsədimiz bütün sahələr üzrə dünyanın ilk 10 ölkəsi sırasında yer almaqdır", – deyə nazir bildirib. Onun sözlərinə görə, Türkiyə Asiyanın şərqindən Avropanın qərbinə qədər uzanan, dünya əhalisinin təxminən üçdə ikisini əhatə edən geniş coğrafiyaya xidmət göstərir. Nazir qeyd edib ki, orbital mövqelər dövlətlərin kosmosdakı strateji hüquqları hesab olunur. Peyklərin xidmət müddətinin məhdud olması isə yeni investisiyaların həyata keçirilməsini zəruri edir. Bu məqsədlə yeni nəsil "Türksat 7A" layihəsinin icrasına start verilib.

Yüksək texnoloji imkanlar

Məlumata görə, "Türksat 7A" peyki daha yüksək məlumat ötürmə qabiliyyəti, daha geniş əhatə dairəsi və çevik resurs idarəetmə imkanları ilə Türkiyənin rəqəmsal gələcək strategiyasının əsas elementlərindən biri olacaq.

Xatırladaq ki, "Türksat 7A" layihəsinin maliyyələşdirilməsinə dair protokol 2025-ci il iyunun 19-da TÜRKSAT ilə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyinin Nəqliyyat, Dənizçilik və Rabitə Araşdırmaları Mərkəzi arasında imzalanıb. Sənəd layihənin həyata keçirilməsi üçün dövlət dəstəyinin hüquqi və maliyyə çərçivəsini müəyyən edir.

2030-cu ildə istismara verilməsi planlaşdırılan "Türksat 7A" peykinin Türkiyənin kosmik texnologiyalar sahəsində müstəqilliyini daha da gücləndirəcəyi və ölkənin rəqəmsal transformasiya strategiyasına mühüm töhfə verəcəyi gözlənilir.