02 iyul 2026 13:16
98

Azərbaycanın sülh təşəbbüsü Avropa İttifaqı tərəfindən də dəstəklənir

Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Azərbaycana işgüzar səfəri Bakı ilə Avropa İttifaqı arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini nümayiş etdirdi. Bu səfər Avropa İttifaqının Cənubi Qafqaz siyasətində Azərbaycanın artan geosiyasi əhəmiyyətinin və regionun əsas tərəfdaşı kimi qəbul edilməsini təsdiqlədi. Prezident İlham Əliyevlə keçirilən yüksək səviyyəli görüşlər zamanı enerji təhlükəsizliyi, yaşıl enerji, Orta Dəhlizin inkişafı, rəqəmsal transformasiya, ticarət, investisiyalar və regional təhlükəsizlik məsələləri geniş müzakirə edildi. Tərəflər əməkdaşlığın yalnız mövcud istiqamətlərlə məhdudlaşmayacağını, yeni sahələri də əhatə edəcəyini bəyan etdilər.

Birgə mətbuat konfransında Prezident İlham Əliyev münasibətlərin hazırkı səviyyəsini yüksək qiymətləndirərək, “Avropa Komissiyası ilə Azərbaycan arasında münasibətlər çox fəal mərhələyə qədəm qoyub. Münasibətlərimizdə müşahidə olunan bu dinamizm misilsizdir və qarşılıqlı əməkdaşlığı daha da gücləndirmək iradəsini nümayiş etdirir”, söylədi.

Bu fikir onu göstərir ki, son illərdə Azərbaycan–Aİ münasibətləri klassik tərəfdaşlıq çərçivəsindən çıxaraq strateji əməkdaşlıq xarakteri qazanıb. Xüsusilə Prezident Antonio Koştanın, Kaya Kallasın Bakıya səfərindən sonra Ursula fon der Lyayenin Azərbaycana gəlməsi Avropa İttifaqının Bakı ilə münasibətlərin inkişafına verdiyi xüsusi önəmi nümayiş etdirir.

Səfər zamanı Ursula fon der Lyayen Azərbaycanın Avropa üçün strateji tərəfdaş olduğunu bir daha vurğuladı. O qeyd etdi ki, Avropa İttifaqı Azərbaycanla etibarlı və uzunmüddətli əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Bu yanaşmanın əsasında ilk növbədə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi mühüm töhfə dayanır. Son illərdə Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya təbii qaz ixracının artırılması Azərbaycanın etibarlı enerji tərəfdaşı statusunu daha da möhkəmləndirib. Artıq əməkdaşlıq yalnız enerji sektoru ilə məhdudlaşmır. Yaşıl enerji, rəqəmsal iqtisadiyyat, innovasiya, kibertəhlükəsizlik, nəqliyyat-logistika, investisiyalar və yüksək texnologiyalar yeni əməkdaşlıq gündəliyinin əsas istiqamətlərinə çevrilir.
Azərbaycanın Xəzər dənizində böyük külək enerjisi potensialı, günəş elektrik stansiyalarının tikintisi və “Yaşıl Enerji Dəhlizi” layihəsi Avropa İttifaqının enerji mənbələrinin şaxələndirilməsi strategiyası ilə tam uzlaşır. Bu istiqamətdə yeni investisiyalar və texnologiyaların cəlb olunması tərəflər arasında uzunmüddətli iqtisadi əməkdaşlığın əsas sütunlarından biri hesab edilir.

Səfərin əsas nəticələrindən biri də Orta Dəhlizin inkişafına Avropa İttifaqının artan marağının nümayiş etdirilməsi oldu.
Avropa Komissiyası regionda nəqliyyat, enerji və rəqəmsal bağlantının gücləndirilməsi məqsədilə 200 milyon avroyadək maliyyə dəstəyi ayırmağa hazır olduğunu açıqladı. Bu təşəbbüs Cənubi Qafqaz ölkələrinin iqtisadi inteqrasiyasını, həm də Avropa ilə Mərkəzi Asiyanı birləşdirən yeni logistika sisteminin formalaşmasını sürətləndirəcək. Azərbaycan isə artıq Orta Dəhlizin əsas tranzit mərkəzi kimi çıxış edir. Son illərdə həyata keçirilən iri infrastruktur layihələri, müasir limanlar, dəmir yolları və logistika mərkəzləri ölkəni Avrasiyanın əsas nəqliyyat qovşaqlarından birinə çevirib. Bu baxımdan Avropa İttifaqının Bakı ilə əməkdaşlığı genişləndirmək istəyi strateji zərurətdən irəli gəlir.
Səfər zamanı diqqət çəkən mühüm məqamlardan biri də Azərbaycanın regionda dayanıqlı sülhün təmin olunmasına yönəlmiş təşəbbüslərinə verilən dəstək oldu. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, Cənubi Qafqazda uzunmüddətli sabitliyin əsas yolu dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında sülh müqaviləsinin imzalanmasından keçir. Azərbaycanın təşəbbüsü ilə aparılan sülh prosesi regionda yeni əməkdaşlıq mühitinin formalaşmasına xidmət edir.

Ursula fon der Lyayen də çıxışında regionda davamlı sülhün, qarşılıqlı etimadın və iqtisadi inteqrasiyanın vacibliyini vurğulayaraq Avropa İttifaqının bu prosesi dəstəkləməyə hazır olduğunu bildirdi. Azərbaycanın irəli sürdüyü yanaşma siyasi razılaşmalarla yanaşş, iqtisadi əməkdaşlıq, nəqliyyat əlaqələrinin açılması, ticarət münasibətlərinin genişləndirilməsi və insanların rifahının yüksəldilməsini də əhatə edir. Avropa Komissiyasının yeni maliyyə təşəbbüsləri də məhz bu konsepsiyaya uyğundur. Azərbaycan bu gün Avropa İttifaqının Cənubi Qafqaz siyasətində əsas tərəfdaşlardan biri kimi çıxış edir. Aİ Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfəni, tranzit imkanlarını, yaşıl enerji potensialını və regionda sabitliyin təmin edilməsində oynadığı rolu yüksək qiymətləndirir. Enerji təhlükəsizliyi, Orta Dəhlizin inkişafı, yaşıl enerji, rəqəmsal transformasiya və regional sabitlik üzrə formalaşan geniş əməkdaşlıq gündəliyi tərəflərin qarşılıqlı maraqlara əsaslanan uzunmüddətli tərəfdaşlıq niyyətini təsdiqləyir. Azərbaycanın irəli sürdüyü sülh təşəbbüslərinin Avropa İttifaqı tərəfindən dəstəklənməsi isə Cənubi Qafqazda davamlı sabitliyin təmin olunması və regionun qlobal iqtisadi əlaqələrdə rolunun daha da güclənməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Könül Nurullayeva,
Milli Məclisin deputatı