01 iyul 2026 16:05
113

Nigeriyalı Kərəm Bürsin

Rusiyanın Krasnodar şəhərində süni intellekt vasitəsilə fırıldaqçılıq etməkdə təqsirli bilinən Nigeriya vətəndaşı Ayro Çinedu Emmanuel barəsində çıxarılan 3,5 il müddətinə ümumi rejimli həbs cəzası hökmü qüvvəyə minib.

“İki sahil” xəbər verir ki, bu barədə Kuban məhkəmələrinin birgə mətbuat xidməti məlumat yayıb.

Nigeriyalı şəxs, Azərbaycanda da böyük populyarlıq qazanan "Sən qapımı çal" serialının baş qəhrəmanı, tanınmış türkiyəli aktyor Kerem Bürsinin adından istifadə edərək Krasnodar sakininin 3 milyon rubl (təxminən 58 min manat) pulunu mənimsəyib.

Məhkəmə müəyyən edib ki, Ayro Çinedu Emmanuel zərərçəkmiş qadınla 2024-cü ildə sosial şəbəkələrin birində tanış olub. O, özünü Kerem Bürsin kimi təqdim edərək onunla Rusiyada görüşməyə hazır olduğunu bildirib. Münasibətləri romantik müstəvidə saxlayan fırıldaqçı qadına etibar qazanmaq üçün süni intellekt (AI) vasitəsilə generasiya olunmuş saxta foto və videoismarışlar göndərib.

Daha sonra Emmanuel qadına layihənin "pərdəarxası" tərəfini danışıb. O iddia edib ki, Türkiyənin ulduz aktyorunun Rusiyaya səfəri yalnız tam məxfi şəkildə baş tuta bilər və bunun üçün təhlükəsizliyin təmin edilməsinə, eləcə də miqrasiya xidməti ilə bağlı məsələlərin həllinə ciddi vəsait lazımdır. Aldadıldığından xəbərsiz olan qadın şərtlərlə razılaşıb və tələb olunan məbləği qeyd edilən hesaba köçürüb.

Məhkəmə iclası zamanı müttəhim günahını boynuna almayıb və zərərçəkmiş qadını ümumiyyətlə tanımadığını iddia edib. Ayro Çinedu Emmanuel birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti versə də, Diyar Məhkəməsi hökmü qüvvədə saxlayıb və dəyişdirməyib.