25 iyun 2026 11:37
83

Günəş kremləri haqqında yanlış inanclar: Mütəxəssis həqiqətləri açıqladı

Yay mövsümünün başlaması ilə birlikdə günəş kremləri ilə bağlı müzakirələr yenidən gündəmə gəlib.

Sosial şəbəkələrdə bəzi istifadəçilər günəş kremlərinin zərərli olduğunu, hətta xərçəng riskini artırdığını iddia etdikləri halda, digərləri D vitamini qəbul etmək üçün günəş kremindən istifadə edilməməli olduğunu irəli sürürlər.

Türkiyənin Dermatologiya Assosiyasiyasının İdarə Heyətinin üzvü, Başak Yalçın isə bu fikirlərin elmi sübutlara əsaslanmadığını bildirib. Onun sözlərinə görə, günəşdən qoruyucu vasitələr illərdir elmi üsullarla hazırlanır və təhlükəsizliyi dəfələrlə yoxlanılıb: “Elmi məlumatlara əsaslanaraq deyə bilərik ki, günəşdən qoruyucu vasitələrin hər hansı zərəri yoxdur. Əksinə, onların ciddi faydaları olduğunu bilirik.”

Günəş şüaları dəri üçün təhlükə yaradır

Mütəxəssis qeyd edib ki, günəşin ultrabənövşəyi şüalarının dəriyə mənfi təsirləri uzun illərdir hər kəsə məlumdur. Bu şüalar həm dərinin vaxtından əvvəl qocalmasına, həm də dəri xərçəngi riskinin artmasına səbəb olur: “Günəş altında uzun müddət qalan insanların dərisi yaşıdları ilə müqayisədə daha tez qocalır. Eyni zamanda, onlarda dəri xərçənginə daha çox rast gəlinir.”

D vitamini üçün günəş altında qalmaq dövrü başa çatıb

Son illərdə sosial mediada geniş yayılan “D vitamini ala bilmək üçün günəş kremindən istifadə etməyin” fikrinə də münasibət bildirən dermatoloq bunun müasir tibbi biliklərlə uzlaşmadığını deyib. Yalçının sözlərinə görə, hazırda D vitamini çatışmazlığı uşaqlarda sirop, böyüklərdə isə tablet formasında təhlükəsiz şəkildə aradan qaldırıla bilir. Bu baxımdan da, D vitamini əldə etmək məqsədilə uzun müddət günəş altında qalmağın mənası yoxdur. Günəş vasitəsilə D vitamini almaq dövrü artıq geridə qalıb.

Günəş kremi seçərkən nələrə diqqət edilməlidir?

Mütəxəssis bildirir ki, günəşdən qoruyucu vasitə həm UVA, həm də UVB şüalarına qarşı qoruma təmin etməlidir. Onun sözlərinə görə, SPF göstəricisi yalnız UVB şüalarına qarşı qorumanı ifadə edir. UVA şüaları isə dərinin qocalmasında mühüm rol oynayır.

SPF 100 göstəricisinə malik məhsulun SPF 50-dən iki dəfə güclü qoruma təmin etdiyi fikrinin doğru olmadığını bildirən Yalçın əsas fərqin qoruyuculuğun davametmə müddəti ilə bağlı olduğunu vurğulayıb.

Krem nazik təbəqə halında çəkilməməlidir

Dermatoloq insanların əksəriyyətinin günəş kremini kifayət qədər miqdarda istifadə etmədiyini bildirib. Onun fikirlərinə əsasən, günəş kremi nəmləndirici vasitələr kimi nazik qatla deyil, daha bol şəkildə tətbiq edilməlidir. Mütəxəssislərin tövsiyə etdiyi “iki barmaq qaydası”nı xatırladan Yalçın bildirib ki, məhsulun dəriyə yetərli miqdarda çəkilməsi qoruyuculuq baxımından həlledici əhəmiyyət daşıyır.

Keçən ildən qalan kremdən istifadə etməyin

Yalçın müəyyən müddət istifadə olunmuş köhnə günəş kremlərinin yenidən istifadəsi ilə bağlı da xəbərdarlıq edib: “Keçən ildən qalan günəş kremini bu il istifadə etmək düzgün deyil. Açılmış günəşdən qoruyucu vasitələr bir ildən artıq müddətdə istifadə olunmamalıdır.”

Limon dəriyə ciddi zərər verə bilər

Sosial şəbəkələrdə tövsiyə olunan təbii üsullardan danışan mütəxəssis xüsusilə limon suyunun dəriyə tətbiq olunmasının təhlükəli nəticələr doğura biləcəyini vurğulayıb: “Limon yüksək turşuluğa malikdir. Dərini yandıra və günəş şüaları ilə təmasda olduqda ciddi ləkələnmələrə səbəb ola bilər. Qeyd edək ki, dermatologiya klinikalarında bu cür üsulların yaratdığı problemlərə tez-tez rast gəlinir.”

Kokos yağı günəşdən qorumur

Son dövrlərdə populyarlıq qazanan kokos yağı və digər təbii yağların qoruyucu vasitə kimi istifadə edilməsinin düzgün olmadığını vurğulayıb: “Günəşdən qorunmaq məqsədilə kokos yağından istifadə etmək heç bir fayda verməz. Bu yağların qoruyucu təsir göstərdiyini sübut edən elmi məlumat yoxdur.”

Qaralma əslində günəşin vurduğu zərərin göstəricisidir

Yay aylarında arzu olunan qaralmış dəri görüntüsünün əslində günəş zədələnməsinin əlaməti olduğunu bildirən Yalçın, bunun sağlam göstərici kimi qəbul edilməməli olduğunu deyib. O, qaraldıcı məhsullardan istifadə edərək günəş vannası qəbul etməyin də riskli olduğunu bildirib.

Solyari xərçəng riskini artırır

Dermatoloq solyari istifadəsinin də ciddi sağlamlıq riskləri yaratdığını diqqətə çatdırıb. Onun sözlərinə görə, bir çox Avropa ölkələrində gənclərin solyaridən istifadəsinə məhdudiyyətlər tətbiq olunur. Qeyd olunur ki, solyari həm dərinin sürətlə qocalmasına, həm də dəri xərçəngi riskinin artmasına səbəb olur.”

Uşaqların qorunması xüsusi əhəmiyyət daşıyır

Mütəxəssisin fikrincə, günəşdən qorunma baxımından ən həssas qrup uşaqlardır. O qeyd edib ki, insanın ömür boyu məruz qaldığı ultrabənövşəyi şüaların böyük hissəsi uşaqlıq dövründə qəbul olunur. Bu səbəbdən uşaqlıq yaşlarında intensiv günəşə məruz qalmaq gələcəkdə dəri xərçəngi riskini artırır.

Yalçın diqqətə çatdırıb  ki, uşaqları günəşdən qorumaq onların gələcək sağlamlığının sığortalanması deməkdir. Bunun üçün yalnız günəş kremindən istifadə etmək kifayət etmir. Papaq, gün eynəyi, kölgəlik yerlərdən istifadə etmək və günəşin ən güclü olduğu saatlarda açıq havada olmamaq da vacib qoruyucu tədbirlər sırasındadır.

Şahnigar Əhmədova, “İki sahil”