01 iyul 2026 11:08
92

Mbappe rekordunu yeniləyib, Holann və Mora tarixə düşüblər

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatının 1/16 final mərhələsinin son oyunlarından sonra bir sıra maraqlı statistik göstəricilər qeydə alınıb.

“İki sahil” FIFA-ya istinadla xəbər verir ki, Norveç millisinin hücumçusu Erlinq Holann yığmanın heyətində keçirdiyi 53-cü oyunda 60-cı qolunu vurub. O, həmçinin dünya çempionatındakı ilk üç görüşünün hər birində fərqlənməyi bacarıb.

Fransa millisinin hücumçusu Kilian Mbappe isə mundialların pley-off mərhələsində vurduğu qolların sayını 10-a çatdıraraq yeni rekorda imza atıb.

Meksika millisinin futbolçusu Hilberto Mora da tarixə düşüb. Yarımmüdafiəçi (17 yaş 259 günlük) dünya çempionatının pley-off mərhələsində start heyətində meydana çıxan ikinci 17 yaşlı və tarixdə ikinci ən gənc futbolçu olub. Bu göstəricidə onu yalnız 1958-ci il dünya çempionatında Uelsə qarşı oyuna 17 yaş 239 günlük olarkən start heyətində çıxan braziliyalı əfsanə Pele qabaqlayır.

Qeyd edək ki, ABŞ, Meksika və Kanadanın birgə ev sahibliyi etdiyi dünya çempionatına iyulun 19-da yekun vurulacaq.